Yeraltı qaz anbarı

Yeraltı qaz anbarı (YQA) — daş duzu mədənlərinə, yaxud tükənmiş neft quyularına qazın vurulması, istehlak üçün çıxarılması üçün yeraltı iri həcmli çən və onun üzərində qurulmuş infrastrukturdur.

Qazın istehlakı ilin fəsillərinə görə dəyişkəndir, qışda çox, yayda az işlənilir. Hətta sutka ərzində də fərq olur: bəzi saatlarda daha çox, bəzilərində isə az sərf olunur. Buna görə mədənlərdə qazın hasilatını qışda artırırlar, yayda isə azaldırlar. Bu isə qazın qıtlığına gətirir, çünki qışda tələbat o qədər artır ki, yüksəlmiş hasilat da onu ödəmir. Yayda isə qazın hasilatı tələbatdan yüksək ola bilər, ancaq onun sərf ediləcək yeri olmur və buna görə də hasilat azaldılır. Çıxış yolu isə qaz hasilatının il ərzində sabit saxlanılması və sərfin azaldığı vaxtı onun yeraltı ehtiyat anbarlarına doldurularaq tədarük edilməsindədir. Belə olan halda, yayda həmin yeraltı anbarlara doldurulan və orada saxlanılan qaz ehtiyatını qışda tələbatın yüksəldiyi dövrlərdə istehlakçılara verib qıtlığı aradan qaldırmaq olar. Bu məqsədlə də YQA yaradılır.

Azərbaycanda YQA[redaktə | mənbəni redaktə et]

Qaz anbarlarının tikilməsi üçün böyük məbləğdə vəsait tələb olunur və iqtisadi baxımdan əlverişli sayıla bilməz. Ancaq, Abşeronun və ona bitişik ərazilərin xüsusiyyəti ondan ibarətdir ki, burada uzun müddət neft hasil olunduğuna görə çoxlu tükənmiş və istifadəsiz qalan quyular vardır. Məhz onları qaz anbarları kimi istifadə etmək olar və bunun üçün böyük məbləğdə vəsaitin qoyuluşu tələb olunmur; nisbətən kiçik хərclərlə böyük iqtisadi səmərəyə nail olmaq olur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Qalmaz və Qaradağ YQA vardır. Onlarının yaradılması üçün kəşfiyyat işləri 1968-ci ilə qədər aparılmış və sonra layihələrin hazırlanmasına başlanılmışdı. Gələcəkdə idxal ediləcək İran qazının bir hissəsi də yaradılacaq qaz anbarına daxil olub orada saxlanmalı idi. 1974-cü ildə Qalmazda Azərbaycanın ilk qaz anbarı tikilməyə başlamışdı. 1973-cü ilin iyun ayında həmin anbara sınaq məqsədi ilə ilk dəfə qaz vurulmuşdu (209 №-li quyudan 103 №-li quyu-ya). "Azərqaznəql" İstehsalat Birliyi tərəfindən aparılan tikinti 1976-cı ildə başa çatmış və anbara sınaq məqsədi ilə 530 milyon kubmetr qaz vurulmuş, gələcəkdə isə bu rəqəm 2 milyard kubmetrə çatdırılmışdı.

1970-ci illərin ortalarında Qaradağda daha bir yeraltı qaz anbarın yaradılması üçün kəşfiyyat və layihə işlərinə başlanılmış və həmin obyekt gələcək illərdə inşa edilmişdi.

Siyasi amillər[redaktə | mənbəni redaktə et]

Sovet dövründə Ermənistan nümayəndələri qaz anbarlarını öz respublikalarının duz yataqlarında yaratmağı təklif edirlər və bu istiqamətdə işlərə də başlayıblar. Ancaq, birincisi onlar bununla yalnız Ermənistanın ehtiyaclarını təmin edə bilərdilər, Gürcüstan və Azərbaycanın ehtiyaclarını ödəyəcək qədər imkanları yoxdur. İkincisi isə ermənilərin təklif etdiyi layihə iqtisadi baxımdan səmərəsiz və həddən artıq bahalı idi. Beləliklə, Cənubu Qafqaz respublikalarının vahid qaz ehtiyatları ancaq Abşeronda yaradılmalı idi. Bunun səbəblərindən biri də məhz Azərbaycanda təbii qaz yataqlarının olması və onun Ermənistanla Gürcüstana ixrac edilməsində idi. İkincisi isə, tükənmiş neft yataqlarının qaz anbarlarına çevrilməsi ermənilərin təklif etdiyi layihədən üç dəfə ucuz başa gəlməli və iqtisadi baxımdan daha səmərəli idi.

Beləliklə, o zaman Azərbaycanın qaz sənayesi sahəsində cənubi Qafqazda birinciliyi uğrunda mübarizə aparmışdı. Siyasət ondan ibarət idi ki, Ermənistan və Gürcüstanın qaz təchizatı Azərbaycandan asılı olsun və bu amil həm də Respublikanın siyasi nüfuzunun artması ilə nəticələnməli idi. Ancaq buna baxmayaraq, 1969-cu ildə Moskva hakimiyyəti 380 min kubmetr qaz vurula biləcək Cənubi Qafqazın ilk yeraltı qaz anbarını Ermənistanın Abovyan şəhərinin yaxınlığında tikilməsinə qərar verdi. Bu qərarın qəbul edilməsində iqtisadi səmərəlilik deyil, siyasi amillər və başqa subyektiv maraqlar həlledici rol oynamışdı. Moskva toplantısından öncə, 1965-ci ilin əvvəlində,tükənmiş neft mədənlərinin yeraltı qaz anbarlarına çevrilməsinin zəruriliyi haqqında təklif irəli sürülmüşdür. Qeyd edilmişdi ki, Moskva yaxınlığında yaradılan qaz anbarının təcrübəsi onu göstərir ki, onun vasitəsi ilə mavi yanacağın təchizatında bir çox problemləri həll etmək mümkün olmuşdu. Buna görə Respublikanın elmi-tədqiqat institutları tərəfindən qaz anbarlarının yaradılması üçün layihələrin hazırlanması və kəşfiyyat işlərinə başlanılması məqsədə uyğun hesab edilmişdir. Bunun nəticəsində də Qalmaz YQA təsis edilmişdir.

Qalmaz yeraltı qaz anbarı Ermənistanın Abovyan anbarından sonra tikilsə də, ondan dəfələrlə böyük idi və Cənubi Qafqazın qaz təchizatında ən mühüm rolu oynayırdı. Azərbaycanın müstəqillik dövründə isə bu yeraltı anbar daha da genişləndirilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Əlaqəli səhifələr[redaktə | mənbəni redaktə et]