Yeycə yaşayış yeri

Yeycə yaşayış yeri - Naxçıvan Muxtar Respublikasında arxeoloji abidə

Tarixi-coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Yeycə yaşayış yeri Naxçıvan MR Culfa rayonunun Saltaq kəndindən şimal-şərqdə, Əlincə çayın sahilində yerləşir. Yaşayış yeri qərb-şərq istiqamətində yerləşən təpə formasında olub qərbdə Əlincə çayı, şimal və cənubda dərin dərə ilə hüdudlanır, şərq tərəfdə isə alçaq təpələrlə birləşərək ümumi relyefə qovuşur.[1]

Abidənin aşkarlanması və mədəni təbəqələr

[redaktə | mənbəni redaktə et]

Abidənin qərb tərəfində torpaq işləri görülərkən mədəni təbəqə qismən dağıdılmış, şimal-qərb tərəfdə mədəni təbəqə yatımının aydın müşahidə olunduğu kəsik əmələ gəlmişdir. Məlum olmuşdur ki, mədəni təbəqə yatımı ümumi qalınlığı 5 m-ə çatan üç inşaat qatından ibarətdir. Mədəni təbəqədə möhrədən və daşdan hörülmüş divarların qalıqları aşkarlanmışdır.

Tarixi dövrləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Yeycə yaşayış yerindən aşkarlanmış arxeoloji materiallar əsasən IX-XVIII əsrlər üçün səciyyəvidir. Müvafiq olaraq abidə də həmin dövrə aid edilir [2]

Abidənin ərazisi şimal-şərqində Əlincə çayla, şimal və cənubda dərin dərə ilə məhdudlaşır. Şərq tərəfdə alçaq təpələrlə birləşərək ümumi relyeflə əlaqələnir.

Sahəsi 1850 m²-dir. Yaşayış yeri 1991-ci ildə V.B.Baxşəliyev və Ə.İ.Novruzlu tərəfindən qeydə alnmışdır. Abidə qərbdən şərqə doğru genişlənən uzunsov təpənin üzərində yerləşir. Təpə ətraf yerlərə nisbətən bir qədər hündürdədir. O, cənub tərəfdən qayalıqlarla əhatə olunub. Yaşayış yeri arx çəkilərkən güclü dağıntıya məruz qalmışdır. Abidənin yer ləşdiyi təpənin üzəri tikinti qalıqları ilə örtülmüşdür. Tikintilər qrup halında iki yerdə yerləşmişdir. Yerin üzərinə səpələnmiş tikinti qalıqlarına əsasən demək olar ki, binalar daşdan və möhrədən tikilmişdir. Tikintilər tamamilə dağılmış, onların yerində dördkünc və oval çalalar saxlanmışdır. Təd qiqatlara əsasən demək olar ki, abidənin üzərində saxlanmış tikinti qalıqları son orta əsrlərə aiddir. Yaşayış yerinin qərb tərəfində möhrədən və daşdan hörülmüş divarlar aşkar olunmuşdur. Şimal-Qərbdə arx çəkilərkən hündürlüyü 5 m olan kəsik əmələ gəlmişdir. Kəsikdə bir-birinin üzərində yerləşən üç tikinti qatı aydın izlənilir. Yerin relyefindən asılı olaraq təbəqə 5-15 metr qalınlığında saxlanmışdır. O, kül və ağ rəngli çürüntü qarışığı olan torpaq laylardan ibarət olub gil məmulatı və osteoloji qalıqlarla zəngindir. Təbəqə yumşaq olduğu üçün təbii aşınmaya məruz qalmışdır. Abidənin dağıntıya məruz qalmış hissəsində aparılan təmizləmə işləri zamanı qara rəngli bişirilmiş gil qabların sınıqları aşkar olunmuşdur. Yerüstü materiallar əsasən şirli və şirsiz saxsı məmulatından ibarətdir. Şirsiz saxsı məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların sınıqları ilə təmsil olunmuşdur. Çəhrayı rəngdə bişirilmiş gil məmulatı küpə, badya və kasa tipli qablardan ibarətdir.

Onların gilinin tərkibinə iri qum qatılmış, çəhrayı rəngdə bişirilmişdir. Bəzi qabların gövdəsinin yuxarı hissəsi iri çərtmə ornamentlə naxışlanmışdır. Şirli saxsı məmulatı kasa tipli qabların sınıqlarından ibarətdir. Onlar çəhrayı rəngdə yaxşı bişirilmişdir. Kasalar formaca bir-birindən fərqlənirlər. Onların bir qrupu asim metrikdir. Qabların gövdəsi yuxarıdan bir qədər içəriyə, aşağıdan isə xaricə doğru çıxıntılıdır. Ağızlarının kənarı relsşəkillidir. İçərisinə tünd yaşıl rəng çəkilmiş, anqob üstü cızma üsulu ilə işlənilmiş nəbati təsvirlərlə naxışlanmışdır.

Naxışlar müxtəlif rənglərlə çəkilmiş, enli xətlərlə sərhədlənmişdir. Ikinci qrup kasaların gövdəsi qabarıq olub ağız hissədə bir qədər içəri yığılmışdır. Onlar ağ anqob üzərindən göy rəngdə çəkilmiş xətlər göy rəngli nəbati ornamentlə naxışlanmışdır. Bəzi qabların hər iki üzü ağ anqobla örtülərək içərisi göy və yaşıl rənglə naxışlanmış, rəngsiz şəffaf şirlə örtülmüşdür. Yeycə yaşayış yerindən aşkar edilmiş arxeoloji materialların təhlilinə əsasən belə hesab etmək olar ki, yaşayış yeri IX-XVIII əsrlərə aiddir. Lakin burada qədim dövrlərə aid təbəqənin də olması güman edilir.

  1. Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 s., s. 105
  2. Novruzlu Ə.İ., Baxşəliyev V.B. Culfa bölgəsinin arxeoloji abidələri. Bakı, 1993., 1993, səh. 61-66.