Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yonas Bilyunas (litvaca- Jonas Biliūnas; 11 aprel 1879-cu il, Anikşçyay rayonu, Litva — 8 dekabr 1907-ci il, Zakopane, Polşa) — Litva yazıçısı, tənqidçi və publisist, Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi.
Yonas Bilyunas | |
---|---|
Doğum tarixi | 11 aprel 1879[1] |
Vəfat tarixi | 8 dekabr 1907[1] (28 yaşında) |
Vəfat səbəbi | vərəm |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, jurnalist |
Əsərlərinin dili | Litva dili |
Vikianbarda əlaqəli mediafayllar |
Y. Bilyunas 1879-cu ilin aprelin 11-də Litvanın Anikşyay rayonunun Nyuronis kəndində anadan olmuşdur. 1891-1899-cu illərdə Liepaya gimnaziyasında təhsil almışdır. Burada oxuyarkən ictimai-siyasi fəaliyyətə başlamış və gizli siyasi özək təşkil etmiş, gizli vərəqələr yazaraq yaymışdır. 1900-cü ildə Tartu universitetinin tibb fakültəsinə daxil olmuşdur. Çara qarşı tələbə nümayişlərində iştirak etdiyi üçün 1901-ci ildə universitetdən xaric olunmuşdur. 1901-1902-ci illərdə özəl dərslər vermək yolu ilə çörək pulu qazanmışdır. Həmçinin bir sıra Litva qəzətləri („Vilniaus žinios“, „Lietuvos ūkininkas“ və b.) və jurnallar („Varpas“) üçün məqalələr yazmışdır.
Litva sosial-demokratlar partiyasının fəaliyyətində iştirak etmişdir. 1903-cü ildə Leypsiq Ali ticarət məktəbində oxumuşdur, həm də ədəbiyyatla yaxından maraqlanmışdır. Leypsiqdə vərəm xəstəliyinə tutulmuşdur. 1904-cü ildə Sürix universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Burada özünün ən mühüm əsərlərindən birini – „Səadət nuru“ hekayəsini yazmışdır. Xəstəliyi şiddətləndiyi üçün 1905-ci ildə Litvaya qayıtmış və bir qədər sonra müalicə olunmaq üçün Polşanın cənubundakı Zakopane kurort şəhərinə getmişdir. Yay aylarında Litvada (Nyuronis, Rozalimas, Kaçergine) yaşamışdır.
Lakin, müalicəsi ilə bağlı göstərilən səylər müsbət nəticə verməmiş və Y. Bilyunas 8 dekabr 1907-ci ildə Polşanın Zakopane şəhərində vərəm xəstələyindən vəfat etmiş və burada dəfn edilmişdir. 1953-cü ildə Y. Bilyunasın qəbri Vətənə gətirilmiş və o, Litvanın Anikşçyay rayonunda dəfn olunmuşdur.
Y. Bilyunas XIX əsrin sonu XX əsrin əvvəlləri Litva ədəbiyyatının məşhur təmsilçilərindən biridir. Gözəl nasir, istedadlı publisist və fəal ictimai-mədəni xadim olaraq tanınmışdır. Litva nəsrində lirik-psixoloji üslubun - Litva lirik nəsrinin banisidir. Onun yazıçı dili və bədii üslubu Litva ədəbiyyatında yeni ədəbi məktəb səviyyəsinə yüksəlmişdir.
Y. Bilyunas ilk mili yazıçıdır ki, Litva ədəbiyyatının qısa janrının çoxşaxəli təhkiyə üsullarını Avropa novellası formasına salmışdır. O, ilk dəfə olaraq novellarında etik (əxlaqi və ənənəvi) refleksiyaları əsərin daxili vaqiələrini təlatümə gətirən hal olaraq hadisələrin mərkəzinə çəkir, minimal bədii üslub vasitələri ilə daxili və gizli mənaların məkanını elə açıqlayır ki, bu məkanda əsərin əsas tezisi ilə bağlı əlavə düşüncələr və duyğuların egzaltasiyası üçün yer qalmır.
Y. Bilyunas demokratik müddəaların idealist tərəfdarıdır. O, sayırdı ki, əgər, öz əqidənə hörmət edirsənsə, “insan hisslərinin və vicdanın necə olmasından asılı olmayaraq, onları sıxışdırmamaq və boğub əzməmək” prinsipinə əməl etməlisən. Odur ki, əsərlərində humanist ideyalar üstünlük təşkil edir, novellaları insan qəlbinin incəliklərinə bələd olması və zərif duyğuların poetik təsviri, özünəxsus lirizmi, elegiya tərzində əhvali-ruhiyyə ifadə edən düşüncələr, fərəh və kədər duyumlarının bədii hüsnü və mükəmməl üslubu ilə seçilir. Müəllifin mənəvi müddəalarını və əxlaqi mövqeyini aydın şəkildə əks etdirən və birinci şəxsin adından danışan təhkiyəçi obrazı hekayələrdə ön planda çıxış edir.
Y. Bilyunas Litva ədəbiyyatında ilk dəfə olaraq fəhlə sinfi və onun düşüncə tərzinin inkişaf edib dəyişməsi mövzusunu işləmişdir. Onun ilk əsərlərində - „İlk tətil“ (1903), „İşsiz“ (1904) və b. zəhmətkeşlərin sosial baxımdan istismar olunması, etiraz motivləti və s. üstünlük təşkil edir. Sonrakı əsərlərində isə - „Neman çayı ilə“ (1905), „Qəmli hekayət“ (1907) - psixoloji problemlər qoyulur, incidilən və bədbəxt insanın taleyi hüznlə təsvir edilir, onun hisslər dünyası açıqlanır.
Y. Bilyunasın novellarında təsvir olunan obyektlər arasında kənd və kənd adamları xüsusi bir yer tutur. Təsvir edilən obrazların bəziləri həyatda heç kəsə lazım olmayan, incidilmiş və kənara atılmış insanlardır. Refleksiyalar və düşüncələr kənara atılmış insanların düşdüyü vəziyyətlərdən doğur. Əsərlərində iki zaman müstəvisi – çağdaş dövr və xatirələrlə bağlı keçmiş zaman üstünlük təşkil edir. Ətrafdakı məkan nişanları çox ifadəli surətdə təqdim olunur. Təhkiyəçi subyektivdir. Onun lap yaxında olması hiss olunur. Bəzən təhkiyəçinin özü bədii surət qismində çıxış edir. Hekayələrindəki lirizm Y. Bilyunasın dərin humanizmindən - onun başa düşmək və həmdərd olmaq istəyindən doğur. Yazıçının yaradıcılığında onun tərcümeyi-halı ilə bağlı hadisələr də təsvir edilmişdir. Y. Bilyunasın yaradıcılıgı Litva nəsrinin inkişafına mühüm təkan vermiş və özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir göstərmişdir.
Yazıçnın bir sıra əsərləri - „Brisyusun aqibəti“, „Oxladım“, „Səadət nuru“, „Qəmli hekayət“, „Yonyukas“ və s. hekayələri Litva uşaq və gənclər ədəbiyyatının klassik əsərləri fonduna daxil edilmişdir. Əsərləri eston, latış, rus, isveç, belarus, alman, tacik, esperanto, polyak və başqa dillərə tərcümə edilib.
Y. Bilyunasın bir neçə əsəri - „Brisyusun aqibəti“, „Oxladım“ və „Səadət nuru“ adlı novellaları Litva - Azərbaycan ədəbi əlaqələrinin tədqiqatçısı Mahir Həmzəyev tərəfindən litvacadan Azərbaycan dilinə tərcümə edilərək Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında (2015-ci il, № 3) dərc olunubdur.
Mənbə: Mahir Həmzəyev. "Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi". Bakı, "Ulduz" jurnalı, 2015-ci il, № 3.