Qəmbərov Yunis Heydər oğlu (1926-1991) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1968), professor (1971), AMEA-nın müxbir üzvü (1980).[1][2]
Yunis Qəmbərov | |
---|---|
Yunus Heydər oğlu Qəmbərov | |
Doğum tarixi | |
Doğum yeri | Kürdlər, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1968) |
Elmi adı | professor (1971) |
Təhsili |
BDU-nun Kimya fakültəsi (1944-1949) Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturası (1950-1952) |
Üzvlüyü | AMEA (1980) |
Mükafatları |
Yunis Qəmbərov 5 mart 1926-cı il Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-1943-cü illərdə orta məktəbdə təhsil alıb. 1944-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub.[1][2]
Yunis Qəmbərov 1952-1956-cı illərdə "Azxəzərneft" Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra Piroliz laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda Karbohidrogen monomerləri şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.[1][2]
Yunis Qəmbərov 1960-cı ildə kimya elmləri namizədi almaq üçün "Neft fraksiyalarının və bəzi fərdi karbohidrogenlərin termiki parçalanmasının tədqiqi" mövzununda namizədlik, 1968-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almaq üçün "Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu doymamış və aromatik karbohidrogenlərin alınması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə isə Azəraycan SSR EA-nın müxbir üzvü seçilib. 1991-ci ildə ölümündən sonra Başkordostan EA-nın həqiqi üzvü seçilib.[1][2]
Yunis Qəmbərov neft kimyası və neft-kimya sintezi sahəsində yüksək erudisiyaya malik tanınmış alim idi. Onun əsas elmi tədqiqatları təbii karbohidrogen xammalının və onların emal məhsullarının yüksək temperaturda termiki və hidrogen iştirakı ilə çevrilmələrinin öyrənilməsinə və bu yolla kiçik molekullu olefin və aromatik karbohidrogenlərin alınması üçün yeni yüksək effektivliyə malik texnoloji proseslərin yaradılmasına aiddir. Onun rəhbərliyi ilə işlənib hazırlanmış yüksək təmizlikli benzolun alınması prosesi geçmiş Sovet İttifaqının bir sıra iri neft-kimya komplekslərində tətbiq edilmiş və eləcə də Sumqayıt EP-300 etilen kompleksində də həyata keçirilir.[1][2]
Yunis Qəmbərovun rəhbərliyi altında aparılan elmi-tədqiqat işləri içərisində olefin və aromatik karbohidrogenlərin alınması üçün müxtəlif fərdi karbohidrogenlərin və eləcə də pirolizin maye məhsullarının və digər mənşəli texniki aromatik qatışıqların yüksək temperaturlu termiki çevrilmələrinin hərtərəfli öyrənilməsi mühüm yer tutur. Onun rəhbərliyi ilə həmçinin toluoldan və digər fərdi alkilaromatik karbohidrogenlərdən termiki və katalitik hidrodealkilləşmə yolu ilə benzolun alınması prosesi işlənib hazırlanıb, eləcə də benzolla yanaşı naftalinin, difenilin və digər qiymətli aromatik karbohidrogenlərin alınması üçün pirolizin maye məhsullarının müxtəlif səmərəli kompleks emalı variantları hazırlanıb və sənayeyə tövsiyə edilib.[1][2]
Yunis Qəmbərovun apardığı tədqiqatların nəticələri 6 monoqrafiyada, 220 məqalədə, o cümlədən 40 ixtirada öz əksini tapıb. Onun rəhbərliyi altında 1 elmlər doktoru, 25 elmlər namizədi hazırlanıb. O, elmi-tədqiqat işləriylə yanaşı nüfuzlu bir alim kimi elmi-ictimai işlərdə də fəal iştirak edirdi. Bir sıra elmi-koordinasiya şuralarının və ixtisaslaşmış şuraların üzvü, Azərbaycan Sovet Ensiklopediyasının və "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olub. Sistematik olaraq neft-kimya sintezinə dair keçirilən beynəlxalq simpozium, qurultay və konfranslarda (Leipziq, Alma-Ata, Moskva, Leninqrad, Bakı) respublika elmini ləyaqətlə təmsil etmiş və dərin məzmunlu məruzələrlə çıxış etmişdir. O, keçmiş Sovet İttifaqının Neft-Kimya Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının və sosialist ölkələrinin Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-kimya üzrə daimi işçi qrupunun üzvü kimi 1972-1983-cü illərdə bir sıra ölkələrdə olub: Çexoslovakiya (1972), Polşa, ADR, Macarıstan, Çexoslovakiya (1973), Bolqarıstan (1976), Rumıniya (1981), Fransa (1983).[1][2]
Yunis Qəmbərov "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və bir sıra medallarla təltif olunub.[1][2]
Yunis Qəmbərov 1991-ci il sentyabr ayının 7-də qəflətən vəfat edib.[1][2]