Yurdçu sərdabəsi

Yurdçu sərdabəsiKəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.

Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır.

Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır. Tədqiqatçılar sərdabənin tayfa başçıına adi olduğunu güman edirlər. Tapıntılara əsasən abidənin e.ə. VIII-VII əsrlərə aid olduğu ehtimal edilir.[1]

  1. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şərurun arxeoloji abidələri, Bakı, 1993