Yusif Qasımov (döyüşçü)

Yusif Qasımovun həyat yolu doğulduğu kənddən başlanmışdır. O, 1910-cu ildə indiki Babək rayonunun Cəhri kəndində anadan olmuş, sonralar həmin kənddə səkkizillik natamam orta təhsil almışdır. Ailənin maddi təminatının ödənilməsinə kömək etmək məqsədilə erkən yaşlarında əmək cəbhəsinə atılan Yusif Qasımov öz işində möhkəmlənmiş, əmək qabaqcılı kimi tanınmağa başlanmışdır. Təsadüf deyil ki, kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə adı Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin “Şərəf kitabına” na  yazılmış, ona Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Baş Komitəsi tərəfindən 144807 №-li şəhadətnamə təqdim olunmuşdur.

Yusif Qasımov
Qasımov Yusif Səfəralı oğlu
Doğum tarixi
Doğum yeri Cəhri, Babək rayonu, Naxçıvan
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Cəhri, Babək rayonu, Naxçıvan MSSR
Milliyyəti azərbaycanlı
Mükafatları "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

7 oğul, 4 qız övladı, 46 nəvəsi var.

Yusif Qasımov müharibə başlanandan qurtaranadək Mozdokdan Berlinə kimi böyük döyüş yolu keçmiş, bütün vuruşlarda şücaət göstərmişdir.

Böyük Vətən Müharibəsinin başlanması ilə əmək fəaliyyətini döyüş fəaliyyəti ilə əvəz edən  Yusif Qasımov 10 mart 1942-ci ildə Naxçıvan MSSR Hərbi Komissarlığı  tərəfindən cəbhəyə çağırıldı. Alman faşist işğalçılarına qarşı müharibə meydanında döyüşə başlayan Yusif Qasımov mərdliklə döyüşür, igidliklər göstərirdi. 416-cı Tanaqroq Atıcı diviziyasının 1054-cü artilleriya polkunun ordu komandiri Yusif Qasımov 1943-cü ilin fevral ayında Rostov şəhərinin faşistlərdən təmizlənməsində böyük döyüş əməliyyatı təşkil etmiş, düşmənin 6 tankının külünü göyə sovurmuşdur. Bu döyüşlərdə alay komandiri Yusif Qasımovun sinəsinə “Qırmızı Bayraq” ordenini sancmışdır.

1942-ci il 22 sentyabrda Konstantinovka rayonunda gedən döyüşlərdə rayonun şərq hissəsində vuruşan Yusif Qasımovun dəstəsi 200-ə qədər alman əsgəri və zabitini məhv edərək zərərsizləşdirmiş, Voznesenka uğrunda döyüşlərdə isə düşmənin 1 pulemyotunu, 3 snayper nöqtəsini, 2 minamyot batareyasını susdurmuşdu. Bu döyüşlərdəki igidliyinə görə Artileriya polkunun komandiri mayor Meşşeryakov tərəfindən Ali baş komandanlığa Yusif Qasımova Sovet ittifaqı Qəhrəmanı adı verilməsi barədə 25 oktyabr 1943 –cü il tarixdə təqdimat göndərilir. Lakin nədənsə Yusif Qasımova Sovet İttifaqı Qəhrəmanı adını verilməsi “Qırmızı Bayraq” ordenin ilə əvəz olundu.

Döyüş bölgələrində isə müharibə davam edirdi. Döyüşlər Taqanroq və Melitopol şəhərləri ətrafında kəskinləşmişdi. Bu döyüşlərdə Yusif Qasımov 416-cı Azərbaycan diviziyasının tərkibində vuruşaraq göstərdiyi döyüş şücaətinə görə ikinci dəfə 1054-cü Suvorov polkunun komandiri Mayor Mahmudovun təqdimatına əsasən “Qırmızı Bayraq” ordeni və 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif edildi.

1944-cü il aprelin 8-də Odessa uğrunda vuruşmalarda düşmənin 3 tankını, 5 müşahidə məntəqəsini məhv edən Yusif Qasımov igidliyinə görə Ali Baş komandan İ.V.Stalin tərəfindən 10 aprel 1944-cü ildə təşəkkür almış və “Döyüş igidliyinə görə” medalı ilə təltif olunmuşdur.         Yusif Qasımovun qəhrəmanlığından o dövr mətbuat orqanları da xəbər verirdilər. “Kommunist” qəzetinin 10 may 1944-cü il tarixli sayında “Kommunistlər döyüş meydanında” başlığı altında məqalədə yazılır: Dünən kolxoz tarlasının adlı-sanlı staxanovçusu olan Yusif Səfər Qasımov bu gün Vətən Müharibəsində xalqın sədaqətli oğlu kimi, almanlara qarşı mərdliklə vuruşur, partiya təşkilatına verdiyi sözü namusla yerinə yetirir”.       Yusif Qasımova əla döyüş xidmətlərinə görə Stalinin 18 yanvar 1945-ci il 228№-li, 23 aprel 1945-ci 236№-li, 22 yanvar 1945-ci il 300№-il əmrləri ilə təşəkkürlər elan olunmuşdur.

1945-ci ilin əvvəllərində Kustrin şəhəri uğrunda gedən döyüşlərdə yüksək döyüş əməliyyatlarını uğurla başa çatdırdığına görə yenidən polk komandiri tərəfindən  Ali Baş komandanlığına Yusif Qasımova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün 19 mar 1945-ci il tarixdə təqdimat göndərildi. Cavabsız qalan təqdimat yenə də rəsmiləşmir. Həmin tarixdə Yusif Qasımova “Qırmızı Ulduz” ordeni təqdim olunur.   Bir neçə dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuş Yusif Qasımov Qorqast rayonu ətrafında gedən döyüşlərdə də yenilməz olduğunu sübut edir. Bu döyüşdə ağır yaralanmağına baxmayaraq, taktiki döyüş gedişi ilə döyüşçülərimizin yenidən düşmənə zərbə endirmələrinə şərait yaradır. Bu şücaətinə görə Yusif Qasımov 1054-cü polk komandiri Mahmudovun 32 sk № 020/ N saylı 4 mart 1945-ci il tarixli təqdimatı ilə II dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif olundu.     Yusif Qasımov bu qədər döyüşlərdən sonra əlbəttə ki, sağlam qayıtmadı. Üç dəfə yaralanan və ağır hospital müalicəsi qəbul edən igid döyüşçü, üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olundu. Lakin deyilənlərə görə Ali Baş Komandanın ətrafında faşistlərdən betər faşistlik edən ermənilərin xəyanəti nəticəsində bu ad reallığa çevrilmədi.       Nəhayət ki, müharibə qələbə ilə başa çatdı, SSRİ deyilən vətən uğrunda minlərlə oğul və qızlarımız qurban getdilər. Od-alovlar içərisindən təsadüfən sağ qalanlar kimi Yusif Qasımov da öz elinə-obasına yaralı döndü, ürəyində müharibəyə nifrət, sinəsində isə 5 orden, 7 medal və çoxlu sayda döyüş nişanları ilə birlikdə...         Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyinin müharibə dövrünü əks etdirən ekspozisiya salonunda üzərində 5 orden, 7 medal, çoxlu sayda döyüş nişanları sançılan hərbi kitel və vitrinlərdə 50-dən çox sənəd və materiallar nümayiş etdirilir ki, bunların hamısı bir adın ünvanı ilə bağlıdır- YUSİF QASIMOV.       Daxili fondlarda Yusif Qasımovun adına tərtib edilmiş dosyedə isə 70-dən çox sənəd və digər materiallar toplanmışdır.[1]

  1. Naxçıvan Dövlət Tarix Muzeyinin arxiv materialları