Yusif Əli oğlu Qasımov (1948, Ağdam) — Azərbaycan Respublikasının xalq artisti (1991)[1], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Yusif Qasımov | |
---|---|
Doğum tarixi | 1948 |
Doğum yeri | |
Fəaliyyəti | rəqqas |
Mükafatları |
Qasımov Yusif Əli oğlu 1948-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1955-ci ildə məktəbə daxil olmuşdur və 1966-cı ildə həmin məktəbi bitirmişdir.
1959-cu ildən isə Bakı şəhərində yaşayır. 1961-ci ildə keçmiş pionerlər evində xalq artisti Böyükağa Məmmədovun rəqs dərnəyinə getmişdir. 1966–1967-ci illərdə Respublikada keçirilən rəqs müsabiqələrinin qalibi olmuşdur. 1967-ci ildə Moskva şəhərində keçirilən sosialist ölkələri arasında rəqs müsabiqələrinin birinci dərəcəli lauriyatı olmuşdur. 1968-ci ildə Polşanın Krakov şəhərində keçirilən beynəlxalq klassik və milli rəqs müsabiqəsinin baş mükafatına layiq görülmüşdür.
Həmin il bir çox peşəkar ansambllardan dəvətlər almışdır (İ. Moiseyevin, Sibirin Qadenko ansamblına, Don kazaklarının ansamblına, Voronej ansamblına, Dağıstanın "Lezqinka" ansamblına). Bu təkliflərə baxmayaraq özümü doğma Vətəndə sınamaq istədi. 1968-ci ildə xalq artisti Əlibaba Abdullayev Y. Qasımovu Dövlət Mahnı və rəqs ansamblına dəvət etdi. Bir müddət həmin ansambılda çalışdıqdan sonra 1969-cu ildə Havadan əks müdafiə hərbi ansamblının solisti oldu. 1970-ci ildə həmin ansamblda çalışdığı dövrdə yüksək səviyyədə peşəkar çıxışlarına görə Y. Qasımov Leninin 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
1974-cü ildə Y. Qasımovu Azərbaycan Dövlət rəqs ansamblına solist qəbul etdilər. 1982-ci ildə o, Azərbaycan Respublikası Ali soveti Rəyasət heyətinin "Fəxri fərmanı" ilə təltif olundu. 1993-cü ildə Azərbaycan Dövlət rəqs ansamblında məşqçi-müəllim vəzifəsində çalışdı. Yusif Qasımov 2005-ci ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət rəqs ansamblında baş baletmeyster vəzifəsində işləmişdir.
1991-ci ildə SSSR xalq artisti Leyla Vəkilova tərəfindən Y. Qasımovu Bakı Xoreoqrafıya məktəbinə milli rəqs üzrə müəllim qəbul etdilər.
1999-cu ildə Yusif Qasımov Bakı Xoreoqrafıya məktəbinin tələbələrindən ibarət "Bakının ulduzları" adlı rəqs ansamblını yaratdı. Həmin ansambl 2000-ci ildə Kanadada, ABŞ-də keçirilən müsabiqələrin birinci yerlərinə layiq görülmüşdür. 2004–2005-ci illərdə Fransanın paytaxtı Parisdə keçirilən festivalların qalibi olmuşdur. Festival çərçivəsində Y. Qasımovu Parisin Xoreoqrafıya Akademiyasında milli rəqs üzrə "Ustad dərsləri" göstərməyə dəvət etdilər. Dərslər yüksək səviyyədə keçdi və adıçəkilən ansamblda çalışan tələbələr də həmin dərsdə iştirak etdilər.
Bakı Xoreoqrafıya məktəbinin tələbələri ilə 2006–2007-ci illərdə Sloveniyada keçirilən festivallarda ən yüksək mükafatlara layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Parisdə YUNESKO təşkilatında və Brüsseldə təşkil etdiyi tədbirdə, yüksək səviyyədə çıxışlarına görə Y. Qasımovun dörd tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür.
Yusif Qasımovun rəhbərliyi altında "Bakının ulduzları" ansamblı 2008-ci ildə Rusiyanın Saratov şəhərində keçirilən "Delf oyunları", 2010-cu ildə Avstriyada, 2011-ci ildə Türkiyədə, 2012-ci ildə Hollandiyada müsabiqələrin qalibi olmuş və 2013-cü ildə Belarusiyada keçirilən Beynəlxalq müsabiqənin "Qran-pri" mükafatını qazanmışdır. Adı çəkilən ansambl 2014-cü ildə Serbiyada, 2015-ci ildə İsveçdə keçirilən festivalların qalibi olmuşdur. 2016-cı ildə "Bakının ulduzları" ansamblı Fransanın Normandiya əyalətində keçirilən festivalın ən yüksək mükafatına layiq görülmüşdür, Y. Qasımova isə Fransa senatının xatirə medalını təqdim etdilər. Ansambl 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən müsabiqənin birinci yerini tutmuşdur.
Y. Qasımov 2015-ci ildə Bakı Xoreoqrafıya Akademiyasında Heydər Əliyevin anım gününə həsr olunmuş kompozisiyanın, həmçinin 2016-cı ildə ilk dəfə Qəmər Almaszadə adına beynəlxalq müsabiqəsinin kompozisiyasının quruluşçusu olmuşdur.
2016-cı ildə Bakıda keçirilən yeddinci forumun konsert proqramında quruluş verdiyi rəqsə görə Mədəniyyət Naziri cənab Əbülfəz Qarayevvin sərəncamı ilə Y. Qasımovu fəxri fərmanla təltif etdilər. 2015–2017-ci ildə milli rəqslərimizin inkişafında gördüyüm xidmətlərinə görə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Y. Qasımov 2017-ci ildə "Azərbaycan yurdum mənim" kompozisiyasının qurulan rəqslərin beşinin quruluşçusudur. 2018-ci ildə ilk dəfə dahi Üzeyir Hacıbəylinin "Arşin mal alan" tamaşasının rəqs ilə quruluşunun müəllifidir. 2018-ci ildə Qəmər Almaszadə adına ikinci Beynəlxalq müsabiqənin bağlanış kompozisiyasının quruluşunun müəllifidir. Həmin müsabiqənin birinci yeri Y. Qasımovun tələbələri layiq görüldü.
50 il peşəkar sənətdə olduğu illərdə həm Dövlət rəqs ansamblında, həm Dövlət tədbirlərində, həm də Xoreoqrafıya (məktəbində) Akademiyasında çox saylı rəqslərə quruluş vermişdir. Y. Qasımov tərəfindən bu illər ərzində çox saylı tələbələr yetişdirilmişdir. Y. Qasımovun tələbələri arasında çox saylı əməkdar artist və xalq artisti fəxri adlarını alanlar var.
Yusif Qasımov özü də səhnədə olduğu zamanlarda Azərbaycan milli rəqslərini dünyanın 70-ə yaxın ölkələrdə yüksək səviyyədə təmsil etmişdir (İran, keçmiş Yuqoslaviya, Fransa, Portuqaliya, İngiltərə, İtaliya, Türkiyə, keçmiş Almaniya Federativ Respublikası, Tunis, İspaniya, Hindistan, Avstriya, Finlandiya, Yaponiya, Norveç, İraq, Pakistan, Çin, Misir, Tayland və s).
Hazırda B. X. A-nın milli rəqs kafedrasının baş müəllimi vəzifəsində çalışır və kafedrada tərtib olunan "Milli rəqs" (3-cü sinif-III-cü kurs) proqramının müəlliflərindən biridir.
6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 9 may 2018-ci ildə[4], 10 may 2019-cu ildə[5], 7 may 2020-ci ildə[6], 7 may 2021-ci ildə[7] və 10 may 2022-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[9]