Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi.
Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi.
Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır. Türk olmasına baxmayaraq "Müqəddəmat" ("Elmlərə giriş") mütaliəsinə rəğbət göstərir, şeir də deyir. Müəllif Yusif bəy Çavuşlu haqqında yazır ki, "şeir təbi Mövlana Füzuliyə yaxındır. Divanını onun rədif və qafiyələri ilə bağlayıb". Maraqlıdır ki, Yusif bəyin təzkirədə nümunə kimi verilmiş üç qəzəlindən biri şairin London muzeyində mühafizə olunan divanında yoxdur.
Y. Ustaclunun 755 beytdən, 94 qəzəl, 2 məsnəvi; 2 təxmis, 3 rübai, 1beyt və 1 misradan ibarət kiçik həcmli divanının surəti Əlyazmalar İnstitutuna M. Hüseyinin yardımı ilə gətirilmişdir. Paşa Kərimovun tərtibi ilə şairin divanı “Elm və təhsil” nəşriyyatında geniş ön sözlə çapdan çıxmışdır. Yusif bəy Ustaclu kimdir?- sualına cavab vermək üçün tədqiqatçı bir sıra orta əsr və çağdaş mənbələrə müraciət edir, maraqlı faktlar üzə çıxarır. Yusif bəylə bir müddət dostluq etmiş I Şah İsmayılın ikinci oğlu Sam Mirzə “Töhfeyi-Sami” adlı təzkirəsində onu şücaətli döyüşcü, sərkərdə, istedadlı şair kimi səciyyələndirir. Sadiq bəy Əfşar “Məcməül-xəvas” təzkirəsində Yüsif bəyin I Şah İsmayılın silahdaşı Məhəmməd bəy Ustaclunun qohumlarından olduğunu, qısa müddət ərzində Təbriz valisi vəzifəsini icra etdiyini, sənətdə Füzulidən öyrəndiyini məlumat verir. Türk alimi İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” kitabında Yüsif bəyə həsr etdiyi kiçik məqaləni təhlil edən tədqiqatçı buradakı yalnışlıqları da nəzərə çatdırır. Kitabın ön sözündə Ustaclu elinin tarixi, Səfəvilər dövlətinin yaranmasındakı rolu, 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanı ətraflı nəzərdən keçirilmişdir. Məlum olur ki, dostu Sam Mirzə qardaşına qarşı taxt-tac uğrunda mübarizə aparmasına baxmayaraq I Təhmasib Məhəmməd bəy Ustaclunun qohumu olan Yusif bəy Ustaclunu əhv etmiş, Təbrizdə qalxan üsyanı yatırmaq üçün onu göndərmişdir. XVI əsr tədqiqatçısı İskəndər bəy Munisi, müasir dövrümüzün tədqiqatçıları İ.P. Petruşevski və S. Onullahi üsyançılarla uğurlu danışıqlar aparmış Y. Ustaclunu ağıllı, ehtiyatlı, tədbirli siyasətçi adlandırırlar. Qeyd edilir ki, üsyan yatırıldıqdan sonra qətlə yetirilən əsas günahkarların sayının az olmasında da Yusif bəyin rolu olmuşdur. Paşa Kərimov divanının əlyazması Əlyazmalar İnstitutunda saxlanan Rəhməti Təbrizinin Təbriz üsyanına həsr etdiyi qırx beytlik qəsidəni ətraflı təhlil etmişdir. Tədqiqatçı belə nəticəyə gəlir ki, qəsidədə qarışıqlığı aradan götürmüş, ədaləti bərpa etmiş yeni hakimin Təbrizə gəlməsindən söhbət gedir: “Burada Yusif bəyin adı çəkilməsə də, məlumdur ki, camaatın Yəqub kimi gəldiyinə sevindiyi şəxsin adı Yusif olmalıdır. Təbrizdə yaşamış, sonralar mühacirət edərək Hindistanın Aqra şəhərində vəfat etmiş Rəhməti Təbriz üsyanından, bu üsyanın yaratdığı qarmaqarışıqlıqdan narazı qalmış, şahın üsyanı yatırmaq üçün göndərdiyi Yusif bəy Ustaclunun gəlişindən məmnunluğunu bildirmişdir”.
P. Kərimov divandakı şeirlərini nəzərdən keçirərək Yusif bəyin istedadlı şair olduğunu göstərmiş, onun yaradıcılığında Füzuli ilə bərabər böyük özbək şairi Əlişir Nəvainin də kifayət qədər güclü təsiri olduğunu göstərmişdir. Tədqiqatçı yazır: “Şair Füzuli ilə bərabər, Nəvainin də şeirlərinə nəzirə, təxmis yazmışdır. Hətta divanında, v.34 a-34 b-də Nəvainin “Bəs neyləsün” rədifli qəzəlinin 4 beytini, v.33b-də isə ona cavab olaraq özünün “Neyləsün” rədifli qəzəlini köçürmüşdür. Divanı oxuduqca Yusif bəyin Nəvainin təsiri ilə yazdığı şeirlərində cığatay sözlərindən (məsələn, köymək, yığlamaq, biş imas və s.) nəzərə çarpacaq dərəcədə geniş istifadə etdiyini görürük”. P. Kərimov XVI-XVII əsr anadilli poeziyamızda Nəvai təsirindən sonra Füzulin təsirini güclü olduğunu ətraflı təhlil edir, Füzuli yaradıcılığının ədəbi dilimizin inkişafındakı rolunu belə dəyərləndirir: “ Ümumiyyətlə, böyük özbək şairi Əlişir Nəvainin XVI-XVII əsrlər poeziyamıza təsirini zaman ardıcıllığı ilə izlədikcə belə bir qanunauyğunluğu müşahidə edirik: Əvvəlcə Əmani və Sadiq bəy Əfşar kimi şairlərin yaradıcılığında Nəvai təsiri özünü daha güclü şəkildə göstərirsə, sonralar Füzulinin ədəbiyyatımızdakı nüfuz, təsir dairəsi daha da artır, bununla bağlı olaraq Nəvai təsiri nisbətən azalır. Bundan belə bir nəticəyə gələ bilərik ki, XVI əsr ədəbiyyatımızda Füzuli kimi dahi bir şair meydana çıxmasaydı, sonrakı dövr poeziyamızda Nəvai təsiri, ədəbi dilimizdə cığatay dili elementləri daha çox ola bilərdi”.
Ön sözdə tədqiqatçı Yusif bəyin əsərlərinin mövzu dairəsini, bədii ifadə vasitələrini,dilini ətraflı təhlil etmiş, göstərmişdir ki, şairin şeirlərində irfani eşqdən daha çox səmimiyyəti real bir gözələ yönəldilmiş dünyəvi məhəbbətin vəsfi vardır. Nəvaidən, Füzulidən gələn incə yumor Yusif bəyin şeirlərində də müşahidə olunur. Qəzəllərdən birində o deyir ki, mənim kimi adı-sanı, müəyyən bir yurdu, Vətəni olmayan adamı,görəsən, qəm necə tapır:
Bilməzəm bu məni-sərgəştəni
qəm necə tapar
Ki, nə bir bəlli adım var,
nə müəyyən vətənim.
Tədqiqatçı qeyd edir ki, Yusif bəy Ustaclınun şeirlərində onun həyata fəlsəfi baxışı, ictimai fikirləri, cəmiyyətdə baş verən haqsızlıqlara qarşı tənqidi münasibəti əksini tapmışdır. P. Kərimov Yusif bəyin şeirlərindəki bədii ifadə vasitələrini ətraflı nəzərdən keçirmiş, belə nəticəyə gəlmişdir ki,o, klassik Şərq poetikasını gözəl bilən, poetik bir sənətkar olmuşdur. Ön sözdə alim Yusif bəyin divanında mükalimə, təşbih, ləffü nəşr, mübaliğə, hüsni-təlil, təlmih poetik fiqurlarından məharətlə istifadə etdiyini nümunələrlə sübut etmiş, şairin ana dilinin incəliklərini, sözlərin məna çalarlarını gözəl bildiyini göstərmişdir.
Tədqiqatçı Y.Ustaclu divanının daha mükəmməl və iri həcmli əlyazma nüsxəsinin (7374beyt) görkəmli Azərbaycan alimi Mirzə Cəfər Sultan əl-Qürainin şəxsi arxivində saxlandığını, lakin hələlik onu əldə etmək imkanının olmadığını qeyd edir. Hər halda, bu nisbətən kiçik həcmli divan nüsxəsinin nəşri də Yusif bəy Ustaclunun XVI əsr Azərbaycan ədəbiyyatındakı mövqeyini müəyyən etmək üçün kifayət qədər material verir.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov Tehranda yaşayan ədəbiyyat tədqiqatçısı Firuz Rifahi Ələmdarinin yardımı ilə XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan anadilli “Divan”ının surətini əldə edib. [1]
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |