Yusif və Züleyxa (Şəms Təbrizi)

Yusif və ZüleyxaŞəms Təbrizi tərəfindən türk dilində məsnəvi formasında yazılmış romantik poemadır. Bu mövzuda yazılmış digər əsərlərdən fərqli olaraq, Şəmsin poemasının əsas mövzusu məhəbbət macərası yox, həsəddir.

Yusif və Züleyxa
Janr məsnəvi
Müəllif Şəms Təbrizi
Orijinal dili türk dili
Yazılma ili XIII əsrin ortaları

On yaşına çatmış Yusif gördüyü yuxunu atasına nağıl edərək deyir:

" Ki gördüm mah ilə Xurşidi-taban
Dəxi on bir kəvakib cümlə yeksan.
"

Bu yuxudan ata sevinmir, əksinə kədərlənir. Səbəb kimi isə həyat qanunu göstərilir:

" Nə güldür ki, yanında xar olmaz,
Nə gənc ola, yanında mar olmaz.
"

Yəqub yuxunu yozaraq oğluna onu bir sirr kimi gizli saxlamağı tapşırır:

" Ki saxla sirrini, ol sirrə məhrəm
sirr açan kişi ilə olmagil həmdəm.[1]
"

Lakin, Yusif ata nəsihətini unudur, qardaşları ilə seyrə çıxarkən onlara hər şeyi nəql edir. Onsuz da Yusif ailədə çox sevildiyi üçün gözü götürməyən qardaşlar ona həsəd aparır və quyuya salırlar.[2] Oğlunu itirmiş ata iztirablarını qəzəl ilə ifadə edir:

" Driqa ah əlindən ah firqət,
Nolaydı olmasan bəxah, firqət.
Vəfa qılsa cahandan ömrüm onca
Ki görüm ömrünü kutah firqət.
Əgər girsən əlimə öldürəydim,
Səni yüz zəcr ilə eyvah, firqət.
Məni yari-əzizimdən ayırdın,
Əlindən eyləyib ikrah, firqət.
Nə xoşdur vəslət ardınca həmişə,
Ki düşədir məqam cah, firqət. [3]
"

Poemanın sonunda Yusiflə Züleyxanın məhəbbət macərası təsvir edilir. Əsərin ümumi süjeti ilə sıx əlaqələndirilən bu hadisə poemanın məzmununu xeyli zənginləşdirir. Burada, şöhrət ehtirasından azad olan və ürəkləri saflandıran sevgi aləmi ilə insanları yırtıcı canavara çevirən şöhrət, hiylə və yalan dünyası müqayisə edilir.

  • Yəqub – Yusifin atasıdır. Poemada Yəqub obrazı ilə tanışlıq əsərin ilk shifələrindən başlayır. Burada onun xarakterinin zəif və qüvvətli tərəfləri, daxili aləmi, görüşləri bütün incəliyi ilə təcəssüm olunur. Şəms, bir çox "Yusif və Züleyxa" müəlliflərindən fərqli olaraq peyğəmbər Yəqubu müqəddəs vücud kimi deyil, çox günah işləmiş bir şəxs kimi təsvir edir. Sənətkar eyni zamanda ona bəraət qazandıraraq yazır:
" Peyğəmbər daxi həm insan olubdur,
Yəqin düşmən ona şeytan olubdur. [4]
"
  • Yusif — Yəqubun oğludur. Peyğəmbərdir. Atası tərəfindən digər övladlardan fərqləndirildiyinə görə qardaşlarının həsəd obyektinə çevrilir. Züleyxanın ehtirası qarşısında təmizliyini qoruyub saxlaya bilir.
  • Züleyxa — Misir hakimi Potifarın həyat yoldaşıdır. Gənc Yusifi gördükdən sonra ona aşiq olur və müxtəlif yollarla Yusifdən istifadə etməyə çalışır.

"Yusif və Züleyxa" poemasını yazarkən Şəms şifahi xalq ədəbiyyatı mənbələrindən istifadə etmiş və bununla da Azərbaycan ədəbiyyatında Nizami ənənələrinin davamçılarından birinə çevrilmişdir.[5] Şəms "Yusif və Züleyxa" poemasının mövzusunu həm yazılı, həm də folklor mənbələrindən götürmüşdür. Lakin, folklor motivləri və üslubunun təsiri daha çoxdur. Burada əhvalat da nağıl formasında təsvir olunur. Şəmsdən əvvəl ərəb və fars dilli ədəbiyyatda "Yusif və Züleyxa" poemaları yazılsa da, Şəms öz əsərində istifadə etdiyi yazılı mənbələr arasında yalnız Quranın adını çəkir. Şair birbaşa Qurana müraciət etmiş, əfsanəni müstəqil şəkildə poetikləşdirmiş, ona yeni epizodlar və surətlər əlavə etmişdir.[6]

Şəms Təbrizi əfsanənin yazılı mənbələrinə deyil, şifahi qaynaqlara əsaslandığı üçün məhəbbət mövzusundan daha çox həsəd məsələsini ön plana çəkmişdir.[7]

  1. Şəms, Yusif və Züleyxa, səh.5 (Q. Cahaninin tədqiqatında istinad)
  2. Cahani, 1979. səh. 53
  3. Şəms, Yusif və Züleyxa, səh. 11
  4. Şəms, Yusif və Züleyxa, səh. 14
  5. Cahani, 1979. səh. 52
  6. Cahani, 1979. səh. 73
  7. Cahani, 1979. səh. 53
  • Cahani, Qasım, Azərbaycan ədəbiyyatında Nizami Ənənələri, Bakı, 1979