"Yusif və Züleyxa" — Əbdürrəhman Caminin "Həft övrəng" toplusuna daxil olan ikinci əsəridir.
Yusif və Züleyxa | |
---|---|
Müəllif | Əbdürrəhman Cami |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Tərcüməçi | M.Mübariz Əlizadə |
Əsər Bibliya və Quran mövzularından olan "Yusif və Züleyxa" hekayəsi əsasında yazılmışdır. . Onlar bir-birlərini sevirlər. Çoxlu macəralardan sonra nəhayət, bir-birinin vüsalına yetişir, həyat qurur, ər-arvad kimi yaşayırlar. Caminin əsərində bir sıra əfsanəvi hadisələrə də rast gəlinir. Beqdelinin fikrincə, Caminin “Yusif və Züleyxa”sı, Nizaminin “Xosrov və Şirin”i səviyyəsinə qalxma bilməyib.[1]
Züleyxanın hələ uşaq olarkən, Yusifi Misir əzizi kimi yuxusunda görməsi, yuxuların Yusif tərəfindən yozulması, qıfıllı qapıların Yusif qarşısında öz-özünə açılması, Yaqubun kor gözlərinin möcüzəvi şəkildə şəfa tapması, qarıyıb kor olmuş Züleyxanın sonradan cavanlaşıb gözəl qıza çevrilməsi və sair bu kimi hadisələr, əsəri orta əsrlərin sxolastik dini ehkamlarından ilham almış bir əfsanəyə oxşatmışdır.
Əsərdə Yusifi Misirin əzizi [2] olduqdan sonra, təntənəli surətdə şəhərin kənarından keçərkən, qarımış, hər iki gözdən kor olmuş Züleyxa ilə rastlaşır və onlar görüşürlər. Züleyxa yalvarır və keçmiş günləri üçün üzr istəyir. Yusif onu bağışlayır. Mərhəmətli Allah Züleyxanın hər iki gözünə şəfa verir, yenidən gəncliyini qaytarır, əvvəlkindən də gözəl edir. Onlar evlənib, xoşbəxt həyat sürməyə başlayırlar.
Əbdürrəhman Cami Nizami Gəncəvi ənənələrini davam etdirən ən görkəmli şairlərdən biridir. [3] Cami yeddi poemadan ibarət “Həft övrəng” adlı külliyatın müəllifidir. Lakin müəllif əvvəlcədən yeddi poema yazmağı nəzərdə tutmamışdı. Cami özü “Xirədnaməyi-İskəndəri” poemasının əvvəlində qeyd edir ki, o da Nizami və Dehləvi kimi “Xəmsə” yaratmaq fikrində olmuşdur. Lakin sonradan, qabaqcadan yazdığı iki poemanı da oraya artırıb, adını “Həft övrəng” qoymuşdur.
Külliyata daxil olan “Yusif və Züleyxa” poeması 888 (1483) – ci ildə Sultan Hüseyn Bayqara zamanında nəzmə çəkilmişdir. Əsər, həzəc bəhrində Nizaminin “Xosrov və Şirin” poemasına cavab olaraq yazılmışdır.
Cami əsəri yazarkən qarşısına iki məqsəd qoymuşdur: birincisi, Nizami və digər sələflərinin nəzmə çəkdikləri “Xosrov və Şirin” dastanlarının köhnəldiyini düşünmüşdür. Buna görə də, yeni və orijinal bir əsər yaratmağı düşünmüşdür. Şair bu məsələyə belə işarə edir:
Məhəbbət haqqında elə bir əsər yarat ki, Səndən aləmə bir nişanə qalsın... |
Caminin əsəri nəzmə çəkməkdə ikinci məqsədi dünyəvi eşqdən yox, ilahi məhəbbətdən yazmaq, “Quran”a istinad etməkdən ibarət idi. Lakin Cami ilahi məhəbbət motivi ilə başladığı poemanı dünyəvi eşqə gətirib çıxarır. Əsərdə elə səhnələrə rast gəlinir ki, şairin təsəvvür etdiyi kədərli dünyadan fərqlidir, çünki bu səhnələrdə səadət də var, fərəh də. Digər məsnəvilərdə olduğu kimi, Caminin qəhrəmanları Yusif və Züleyxa da canlı insandırlar, düşünən, hiss edən, duyan bəşər övladıdırlar.[5]
“Yusif və Züleyxa” dastanı “Xosrov və Şirin” dastanından çox qabaq yaranmışdır və onun daha qədim kökləri vardır. Buna görə də, hər nə qədər Cami Nizaminin təsiri ilə yazsa da, onun məsnəvisi “Xosrov və Şirin” poemasından tamamilə fərqlidir. Lakin mövzuların mənşə və mahiyyət etibarilə başqa-başqa olmasına baxmayaraq, Nizaminin “Xosrov və Şirin”i “Yusif və Züleyxa”nı yaratmaqda Camiyə çox dərin təsir göstərmişdir.
“Xosrov və Şirin” poemasında Xosrov didərgin olur. O, atasından qorxub Azərbaycana, ordan da Ərmənzəminə qaçır. Yusifi isə atasından qaçırırlar. Nizami Xosrovu bir şahzadə kimi Azərbaycana çatdırır, Cami isə Yusifi bir kölə kimi Misirə çatdırır. Nizami Şirini birinci dəfə Mədainə getdikdə yolda çeşmədə çimdiyi, Xosrovla orda rastlaşdığı halda, Caminin Yusifi Nil çayında çimib, sonra Züleyxa ilə görüşür.
“Yusif və Züleyxa” əsərində Züleyxanın xarakteri Şirinin əksinə olduğu kimi, Yusifin də xarakteri tamamilə Xosrovun əksinədir. Xosrov zövqü-səfa düşkünüdür. Yusif isə ondan qat-qat nəcib və təmizdir. Xosrovun yaramaz tələbləri qarşısında ağıllı Şirin təslim olmur. Lakin, Züleyxanın Yusifi kam almağa məcbur etməsi, Yusif buna razı olmayıb uzaqlaşmaq istədikdə arxadan onun köynəyini yırtması Züleyxanın iradəsinin zəif olduğunu göstərir. “Xosrov və Şirin”də Şirin sənətkarları toplayıb öz zövqünə uyğun bir qəsr tikdirir. Cami əsərində də həmin iş Züleyxa tərəfindən təkrar olunur.[6]
Nizami Şirini ilə Caminin Züleyxasının digər fərqi bir də burasındadır ki, Nizami Şirin obrazında qadını yüksəldir, ona ehtiramla baxır, şəxsiyyət və mənliyini layiqincə təsvir edir. Cami isə bəzən qadını kişidən alçaq saymış, “kişi də qadının sözünə inanar?”[7] demişdir.