Yuxarı Jinal (kab.-çərk. Жэналыщхьэ) — Mərkəzi Qafqazda, dağətəyi zonada yerləşən dağ. Jinal dağı Kabarda-Balkariya Respublikası ilə Stavropol diyarının sərhəddində yerləşir. Jinal silsiləsinin ən yüksək zirvəsidir. Mütləq ündürlüyü 1542 metrdir.[1] Nisbi hündürlüyü isə 350 metrdir.
Yuxarı Jinal | |
---|---|
kab.-çərk. Жэналыщхьэ | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Jinal silsiləsi |
Mütləq hündürlüyü | 1542 m |
Yerləşməsi | |
43°50′36″ şm. e. 42°51′17″ ş. u. | |
Ölkə | Rusiya |
|
|
|
Dağ zirvəsi Kabarda-Balkariyanın Zolski rayonu ilə Stavropol diyarının Predqornıy rayonlu arasındadır. Zirvəyə ən yaxın yaşayış məntəqəsi Kislovodsk şəhəri və Kiçmalka kəndidir. Kislovodsk dağdan 14 km şimal-qərbdə, Kiçmalka isə 9 km cənub-şərqdə yerləşir.
Dağ kuest relyef forması olub mürəkkəb əhəng daşı və qum daşı süxurlarından təşkil olunub. Süxurlar təbəşir dövründə formalaşıb. Dağın qərb hissəsinin meyilliliyi azdır və tədricən enir.
Dağın yerləşdiyi ərazidən, Jinal silsiləsinin şimal yamacından Yusa, Jusa və Psinşoko çayları, cənub yamacından isə Kozada çayı öz başlanğıcını götürür.
Həm Jinal dağında, həm də Jinal silsiləsində mağaralar üstünlek təşkil edir. Dağ yamaclarında çöl və subalp landşaftı formalaşıb. Bitki örtüyü daha çox subalp çəmənliyi üçün xarakterikdir. Əvvələr dağ zirvəsində meteroloji stansiya yerləşirdi. İndi bu stansiyadan turistlər gecələmək üçün istifadə edir.[2]
Bəzi mənbələrdə dağı Stavropol diyarının da ən yüksək zirvəsi kimi göstərilir. Ancaq diyarın ən yüksək zirvəsi Kabarda silsiləsinin qərbində yerləşən yüksəklikdir (1603 m).
Jinal zirvəsinə olan turist marşrutu Kislovodsk şəhərindən başlayır. Şəhərdən dağa kimi olan yol təpəlik ərazisindən keçir. Jinal silsiləsindən keçən bu yol Kislovodskla Kamennemostskoe kəndini birləşdirir. Yol silsilənin şərq hissəindən keçir.[2]
Dağ zirvəsindən Şimali Elbrus ətəyinə və bir çox yüksək dağ yaylalarına, silsilələrinə panorma açılır. Dağın şimal hissəində, dağ ətəyi düzənlik ərazilərdə qrup halında lakkolit dağlar ucalır: öndə Jusa və Yusa, arxa planda isə Maşuk və Beştau. Aydın havada dağ zirvəsindən Kazbek dağını görmək mümkündür. Elbrus dağını isə ancaq səhər tezdən görmək mümkündür.[2]