Cəfərov Zöhrab Məhəmmədsadıq oğlu 1941-ci ildə Gədəbəy qəsəbəsində anadan olmuşdur. Qəsəbənin orta məktəbində oxuyarkən kimya, biologiya fənlərini xüsusi olaraq mənimsəmiş, insan anatomiysı ilə də maraqlanmışdır. Elə buna görə də 1958-ci ildə orta məktəbi bitirərkən tərəddüd etmədən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. Yüksək bal toplayaraq həmin institutun tələbəsi olmuşdur. Zöhrab Cəfərov seçdiyi peşəni öyrənməyə məsuliyyətlə yanaşmış, mükəmməl bir həkim kimi yetişə bilmişdir. Belə ki, Tibb İnstitutunu 1964-cü ildə fərqlənmə diplomu ilə bitirərək bir başa Gədəbəy rayonunun Novo-Sarotovka kəndindəki xəstəxanaya baş həkim təyin edilmişdir. 1969-cu ildə isə yenidən Bakıya qayıdaraq aspiranturaya daxil olmuşdur. Burada səmərəli yaradıcılıqla məşğul olmuş və 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Zöhrab Cəfərov həkim kimi fəaliyyət göstərdiyi bütün zamanlarda özünü təkmilləşdirməyə diqqət yetirmişdir. Belə ki, hələ 1967-ci ildə Bakıda cərrahiyə üzrə dörd aylıq xüsusi cərrahiyə kursu keçmişdir. 1984-cü ildə isə Moskvada magistral damarların rekanstruksiyası üzrə iki aylıq kursda olmuşdur. Zöhrab Cəfərov 60-dan çox elmi məqalənin, 2 metodik tövsiyənin 4 səmərələşdirici təklifin müəllifidir. Bir çox xarici ölkələrdə keçirilən elmi simpoziumlarda, konfranslarda iştirak etmişdir. Zöhrab Cəfərov bir həkim kimi səmərəli xidmətlərinə görə 1967-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. О, Qarabağ müharibəsində də bir həkim-cərrah kimi iştirak etmiş, yaralılara ixtisaslı tibbi yardım göstərmişdir.
Zöhrab Cəfərov | |
---|---|
Cəfərov Zöhrab Məhəmmədsadıq oğlu | |
Doğum tarixi | 1941-ci il |
Doğum yeri | Azərbaycan SSR, Gədəbəy |
Milliyyəti | Azərbaycanlı |
Mükafatları | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. |
Saytı | gedebey.info/sayt/?page_… |