Zümrüd Dadaşzadə

Zümrüd Araz qızı Dadaşzadə (2 iyun 1962, Bakı) – Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor.

Zümrüd Dadaşzadə
azərb. Zümrüd Araz qızı Dadaşzadə
Doğum tarixi (62 yaş)
Doğum yeri Bakı
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Atası Araz Dadaşzadə
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d]
Elmi adı
İş yeri
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Zümrüd Dadaşzadə 1962-ci il iyunun 2-də Bakıda ədəbiyyatçılar ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1985-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırda Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib[1]. 1989–1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub.

1985–1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1990–2007-ci illərdə İttifaqın İdarə Heyətinin üzvü olub.

Elmi və çoxsahəli fəaliyyət

[redaktə | mənbəni redaktə et]

1988-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1997), dosent (2001), professordur (2013). 2011-ci ildə Z. Dadaşzadəyə Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib.[2]

Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak etmiş, Leninqrad Ümumittifaq olimpiadasında (1983) "İncəsənətin tarixi və nəzəriyyəsi" bölməsi üzrə qaliblərdən biri olmuşdur.

"Aqşin Əlizadə" (1992), "Simfoniyanın fəzası.1970–80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər" (1999), "Biz də dünyanın bir hissəsiyik…" (2004)[3], "Azərbaycan simfoniyası (1960–1980-ci illər)" (2012) kitablarının müəllifidir.

Zümrüd Dadaşzadə müasir Azərbaycan musiqisini XX əsr musiqi mədəniyyətinin əsas təmayülləri ilə əlaqəli şəkildə araşdırmağa çalışır. Alim simfoniya kimi konsepsiyalı, həyat kolliziyalarını musiqidə ümumiləşdirilmiş şəkildə təcəssüm etdirən janrın tədqiqinə xüsusi önəm verir.

Öz elmi axtarışlarının nəticələrini o, "Simfoniyanın fəzası" adlı monoqrafiyasında əks etdirmişdir. 2012-ci ildə bu tədqiqata bir daha dönərək, musiqişünas onu əsaslı surətdə redaktə etmiş, əlavələrlə zənginləşdirmiş, son iyirmi il ərzində ərsəyə gəlmiş iri simfonik əsərlərin də məziyyətlərini açıqlamağa müvəffəq olmuşdur.

"Azərbaycan simfoniyası (1960–1980-ci illər)" adlı bu son kitabında müəllif simfoniyanın struktur aspektini ön plana çəkərək, XX əsr dünya musiqisində Azərbaycan simfonistlərinin mövqeyinin özəl cəhətlərini üzə çıxarmağa çalışmışdır. Burada silsilə, janr və forması orijinal yozulan əsərlər təqdim olunur, muğam və simfonizmin qarşılıqlı münasibətlərinin yeni mərhələsi üçün səciyyəvi cəhətlər aşkarlanır, simfoniyaya müasir teatr və kinonun təsirindən söz açılır.[4]

Sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva həmin tədqiqat haqqında yazır: "Silsilənin təfsiri, formayaratma, dramaturgiya məsələlərinə daha çox diqqət yetirən müəllif bütün tədqiqatı məhz bu önəmli problemlərin həllinə tabe etdirir ki, bu da onun yerinə yetirdiyi araşdırmaya bütövlük və əsil elmi xarakter aşılayır. Musiqişünas hər bir simfoniyanın özünəməxsus novator cizgilərinə, dramaturji həllin incəliklərinə xüsusi diqqət yetirərək maraqlı elmi qənaətlərə gəlmişdir" (Əfəndiyeva İ. Musiqişünasın yaradıcılıq fəzası // Musiqi dünyası, 2014, № 2/59).

Zümrüd Dadaşzadə elmi işi pedaqoji fəaliyyətlə, habelə musiqi tənqidi və publisistikası ilə əlaqələndirməyi bacarır, yəni təkcə mühazirə oxumaq, araşdırma aparmaq ilə məhdudlaşmır, müntəzəm olaraq mətbuatda, televiziya və radioda çıxış edir, müxtəlif ədəbi-bədii gecələrin təşkilinə qatılır, simfonik konsertləri şərh edir.[5]

Zümrüd Dadaşzadə müasir Azərbaycan musiqisinin müxtəlif problemlərinə dair 100-ə yaxın elmi-populyar, bədii-publisistik məqalənin müəllifidir. Onun imzasına Bakı ("Qobustan", "Musiqi dünyası", "Harmoniya", "Pəncərə", "Mədəniyyət/Culture" və s.), Moskva ("Музыкальная Академия", "Музыкальное искусство Евразии.Традиции и современность"), Tehran ("Varlıq") mətbuatında rast gəlmək olar.[6]

"Biz də dünyanın bir hissəsiyik…" kitabında musiqişünasın müxtəlif illərdə qələmə aldığı 50-dən artıq məqalə toplanmışdır. Üç bölmədə qruplaşdırılan məqalələr Azərbaycan bəstəkarları və ifaçılarının cazibədar portretlərini sərgiləyir, musiqimizin önəmli problemlərini müzakirəyə çıxarır, Azərbaycanda baş tutan müxtəlif festival, müsabiqə, görüşlərin geniş panoramını canlandırır. Bu kitabı müəllif babası – görkəmli Azərbaycan alimi, ədəbiyyatşünası və tənqidçisi akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə ithaf etmişdir.[7]

Zümrüd Dadaşzadə Almaniyanın "MGG" ("Die Musik in Geschichte und Gegenwart") Ensiklopediyasının sifarişi ilə bu nüfuzlu nəşr üçün Niyazi, S. Hacıbəyov, C. Hacıyev, İ. Məmmdov, E. Sabitoğlu, P. Bülbüloğlu, M. S. İsmayılov haqqında məqalələr hazırlamışdır.

Uzun illər Bakı Musiqi Akademiyasında musiqi tarixinin ən müxtəlif dövrləri üzrə mühazirələr oxuyan Zümrüd Dadaşzadə müasir sənətin tədrisinə, çeşidli problemlərinə daha çox diqqət yetirir. Onun tərtib etdiyi "Müasir musiqi" seminarı üzrə proqram, habelə "XX əsr ingilis musiqisi" adlı metodik göstəriş təhsildə geniş istifadə olunur.

Beynəlxalq tədbirlərdə

[redaktə | mənbəni redaktə et]

Zümrüd Dadaşzadə Avropa Şurasının "Stage" layihəsi çərçivəsində reallaşdırılan "Azərbaycan Respublikasında Mədəniyyət Siyasəti" məruzəsinin müəlliflərindən biridir. YUNESKO-nun təşkil etdiyi "Sivilizasiyaların dialoqu: Cənubi Qafqaz" (Vilnüs,2003), "Mədəniyyət dəhlizi: GUÖAM ölkələri" (Bakı, 2003) beynəlxalq forumlarında, habelə bir sıra Respublika və Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən "Muğam Aləmi" I Beynəlxalq simpoziumunda (Bakı, 2009), "Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar, perspektivlər" Beynəlxalq konfransında (Bakı, 2009), "Türkdilli xalqların musiqi alətləri" Beynəlxalq simpoziumunda (Bakı, 2010), ADMİU-nun gerçəkləşdirdiyi "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" Beynəlxalq elmi-praktiki konfransda (Bakı, 2014) iştirak etmişdir.

Zümrüd Dadaşzadə M. Maqomayevin 60 illiyinə (2002), A. Məlikovun 75 illiyinə (2008), S. Hacıbəyovun 90 illiyinə və İ. Hacıbəyovun 60 illiyinə (2009), Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə (2009), Ə. Cavidin 90 illiyinə (2009), E. Abasovanın xatirəsinə (2010), F. Əlizadənin (2012), A. Tağızadənin (2014) yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslarda çıxış etmişdir.

Zümrüd Dadaşzadə çoxsaylı radio və televiziya verilişlərinin, o cümlədən 1986–89-cu illərdə "Xaqani, 27" televiziya silsiləsinin müəllifi və aparıcısı olub. Bir sıra televiziya kanalları ilə (İTV, AzTV və s.) əməkdaşlıq edir.

Zümrüd Dadaşzadə 2008-ci ildən, yəni Azərbaycanın "Eurovision"a qatıldığı zamandan bu Avropa mahnı müsabiqəsinə ekspert kimi dəvət olunub, 2011, 2012, 2014-cü illərdə Avroviziya təmsilçimizin seçimi üzrə yarışmanın (milli seçim turlarının) münsiflər heyətinin üzvü olub. 2008-ci ildə isə beynəlxalq münsiflər heyətinin Azərbaycan tərəfindən nümayəndəsi kimi səsvermədə iştirak edib.[8]

1. Aqşin Əlizadə. Bakı: Şur, 1992

2. Simfoniyanın fəzası. 1970–80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999

3."Biz də dünyanın bir hissəsiyik…". Məqalələr toplusu. Bakı: Nurlan, 2004

4. Azərbaycan simfoniyası (1960–1980-ci illər). Bakı: Ziya, 2012

5. Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014

6. Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2015

7. Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam. Bakı: Maxofset, 2019

8. Aida Tağızadə. Bakı: "Renessans-A" Nəşriyyat Evi, 2020

  1. İctimai TV. "Müsiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin doğum günüdür" (az.). Youtube.com. 02.06.2023. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
  2. "Azərbaycan Bəstəkarları və Musiqişunasları: DADAŞZADƏ ZÜMRÜD ARAZ QIZI — composers.musigi-dunya.az saytı". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  3. Həsənova R. Zümrüd Dadaşzadənin "Biz də dünyanın bir hissəsiyik…" kitabı haqqında düşüncələr // Musiqi dünyası, 2004, № 3–4 (21). – s.217–219
  4. Xalıqzadə F. "Simfoniyanın fəzası" ilə aydınlığa doğru// Musiqi dünyası, 2000, № 2 (3). –s.119–120
  5. Əfəndiyeva İ. Musiqişünasın yaradıcılıq fəzası // Musiqi dünyası, 2014, № 2 (59)
  6. Nəzərli E. Layiqli övlad, sanballı tədqiqatçı //Qobustan, 2012, № 2.- s.53–56
  7. Əlibəyli G. Zümrüd Dadaşzadə // "Dəyişən dünyamız" kitabı. Bakı: Ağrıdağ, 2001. – s.128–134
  8. "Avroviziya: Zümrüd Dadaşzadə — boyuksehne.com saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  9. "ZUMRUD AKHUNDOVA.Zümrüd Axundova.Birincilər.AzTV(2008) — youtube.com saytı". 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.