Zürarə ibn Əyun əş-Şeybani əl-Kufi (ər:زرارة بن اعين الشيباني الكوفي4 M 699/700, HQ 80—M 767/768, HQ 150) – İmam Baqir və imam Cəfər Sadiqin səhabəsi.
Zürarə ibn Əyun əş-Şeybani əl-Kufi | |
---|---|
ərəb. زرارة بن اعين | |
Doğum tarixi | ən tezi 699 və ən geci 700 |
Doğum yeri | Kufə, İraq |
Vəfat tarixi | 767/768 |
Vəfat yeri | |
Atası | Əyun əş-Şeybani |
Milliyyəti | Ərəb |
Fəaliyyəti | fəqih, mühəddis |
Zürarə ibn Əyun HQ 80-ci ildə İraqın Kufə şəhərində dünyaya gəlmişdir. O cəfərilərin 5-ci imamı imam Məhəmməd Baqir və 6-cı imamı imam Cəfər əs-Sadiqin ən məşhur səhabələrindən biri sayılır. Zürarə bu imamlardan çoxlu hədislər rəvayət etmişdir. Onun əcdadları Bizans imperiyasının ərazisində yaşayırdılar. Zürarənin atası Əyun Bəni-Şeyban tayfası tərəfindən qul edilmişdi, lakin daha sonradan Quranı əzbər öyrəndiyi üçün azad buraxılmışdır.
Şeyx Tusi yazır:
“Əyunun nəslindən gələnlər məşhur şiə ailələrindən birinə mənsub idilər. Onlar özlərindən sonra məsum imamlardan əlyazma şəklində çoxlu hədislər qoymuşdular.”
Nəcaşi Zürarəni xarakterizə edərək belə yazır:
“O imamların zamanında yaşamış böyük səhabə idi. O Quran qarisi, fəqih, mütəkəllim, şair və ərəb dilinin bilicisi olmuşdu. Bütün müsbət keyfiyyətlər onda cəmləşmişdi. Zürarə doğruçu və danışdığı və nəql etdiyi şeylərdə etimada layiq olan bir kəsdir.”
O imamların elə bir səhabə kateqoriyasına aiddir ki, icma onun ədalətinə və doğruçuluğuna ittifaq etmişdir.
Şiə mənbələrində imamların Zürarəni tərif etdiyinə dair hədislər çoxdur. Kəşşi İmam Kazımdan Zürarənin yüksək məqamını bəyan edən belə bir hədis rəvayət edir. İmam buyurdu: “Qiyamət günü belə bir nida gələcək: “Məhəmməd ibn Abdullahın (s) əhdi pozmamış sadiq səhabələri haradadır?” Bu an Salman, Miqdad və Əbuzər qalxacaq. Ondan sonra imam Kazım məsum imamların səhabələri haqqında danışır. Ardınca o buyurdu: “Sonra nida gələr: “İmam Baqir və imam Sadiqin əhdi pozmamış sadiq səhabələri haradadır?” Bu nida gələndən sonra bir qrup insan qalxacaq, Zürarə də onların sırasında olacaq.”
Zürarə ibn Əyun HQ 150-ci ildə 70 yaşında vəfat etmişdir.
Yuxarıda yazılanlara baxmayaraq, Zürarənin əleyhinə olan hədislər də az deyil. Onların bəzilərində İmam Sadiq (ə) Zürarəni tənqid edir, hətta ümumiyyətlə onu tanımadığını deyir.
Əbu Bəsir İmam Sadiq (ə)-ın “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar..." ayəsinin şərhində belə buyurduğunu nəql edir: “Ya Əbu Bəsir, sən və mən bu cür zülm qatışmalarından Allaha sığınmalıyıq. Öz imanlarına zülm qatışdıranlar Zürarə, Əbu Hənifə və onların tərəfdarlarıdır.”
İş ondadır ki, İmam Sadiq (ə)-ın yaşadığı dövrdə Abbasilər rejimi onun özünə və dostlarına qarşı ağır repressiyalar həyata keçirdiyindən, imam təqiyyə edərək bəzən özünün ən yaxın dostlarını belə rədd etməyə, onları qeyri-etibarlı və zəif imanlı şəxslər elan etməyə məcbur qalırdı. Ta onları düşmənlərin əli ilə ölməkdən və məhv olmaqdan azad etsin. Səhabələrin əleyhinə aid olan hədislərin sirri budur. Onların ədaləti və doğruçuluğunda heç bir şəkk ola bilməz. Zürarə də bu cür səhabələrdəndir. Və onun əleyhinə gələn hədislər təqiyyə kimi qəbul olunmalıdır.
Bu xüsusda belə bir hədis mövcuddur ki, İmam Sadiq (ə) Zürarənin oğlu Abdullaya xitabən belə buyurmuşdu: “Atana mənim salamımı yetir. Və ona de ki, əgər sənin əleyhinə bir söz desəm, bil ki, bu sözlər səni müdafiə etmək üçündür. Düşmənlər həmişə bizə yaxın olan şəxsləri incitməyə çalışıblar. Onlar bu şəxsləri bizi sevdiklərinə görə öldürürlər. Əvəzində o kəslər ki, bizimlə düşmənçilik edirlər, onlara sitayiş edirlər. Atana de: Zahirdə səni rədd etməyim ona görədir ki, sən bizim dostumuz kimi tanınmayasan. Bizi də sevdiyin üçün camaat səni sevmir. Zahirdə səninlə tünd davranıram ki, camaatın yanında məhbub olasan. Və onların şərrindən amanda qalasan.”