Zəncir ötürməsi — dartma ötürməsi olub, polad zəncirlərin köməyi ilə fırlanma hərəkətini paralel vallar arasında ötürməyə xidmət edir. Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı böyük mərkəzdənqaçma qüvvəsini yarandığına görə zəncir ötürməsi aşağı sürətlərdə böyük çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir. Böyük güclərdə işləyən ötürmədə bir neçə zəncir boltlarla bir-birinə bərkidilir.
Ən sadəsi oymaqlı zəncir ötürməsidir. O, oymaq preslənmiş lövhədən ibarət daxili və çivi preslənmiş xarici bənddən ibarətdir. Çivi oymağa keçirilərək hərəkətli birləşmə yaradır. Yeyilməni və səs yaranmasını azaltmaq üçün oymağa fırlanan diyircək keçirilir. İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-açılması üçün ona qıfıl hissəsi əlavə edilir. Əvvəlcədən tarım çəkilməsinə ehtiyac yoxdur, çünki birləşmə kinematik ilişmə əsasında baş verir. Ona görə də, faydalı qüvvə (Fn) qollarda yaradılan qüvvəyə (F1) bərabər olur. Ancaq digər tərəfdən zəncirin boş asılması da yol verilməzdir. Bu, fırlanma zamanı zəncirin ulduzcuqlardan çıxmasına səbəb ola bilər.
Zəncir ötürməsinin geniş tətbiq sahəsi maşınqayırma, kənd təsərrüfatı maşınları və nəqledici maşınlardan ibarətdir. Maşınqayırmada zəncir ötürməsi 15 m/san-yə qədər sürətlərdə və 100 kVt-a qədər güc ötürməsində işlədilir. Xüsusi intiqallarda iş sürəti 35 m/san-yə, güc isə bir neçə min kVt həddində ola bilər. Bu ötürmənin köməyi ilə hərəkət 8m-ə qədər bir məsafəyə ötürülə bilər. Bundan əlavə onun kiçik qabarit ölçüləri, sabit ötürmə ədədi və yüksək f.i.ə.-na malik olması üstünlüklər verir. Zəncir ötürməsinin çatışmayan cəhətləri ondan ibarətdir ki, ulduzcuqların dişlərinin sayı və addımı arasında ciddi asılılıq mövcuddur. Bu pozulduqda ötürmədə problemlər yaranır. Məsələn, dişlərin sayı az, addım böyük olduqda zəncir ötürməsi səssli işləyir, yeyimə böyük olur, titrəmələr yaranır. Ötürmənin istiqamətini dəyişmək üçün ötürməni qabaqcadan saxlamaq lazımdır. Zəncir ötürməsində hərəkəti yalnız paralel vallar arasında ötürmək mümkündür.
Zəncir ötürməsinin davamlığına onun bəndlərinin möhkəmliyindən çox oymaq və çivilər arasında yeyilmə prosesi daha çox təsir edir. Yeyilmə zamanı bölgünün qiyməti böyüyür və nəticədə zəncir dişlərdən kənara sıçrayır. Buna görə də, zəncir yenisi ilə əvəz olunmalıdır. Zəncir lövhələri tablandırılmış ortakarbonlu və legirlənmiş poladlardan hazırlanır. Oymaq və diyircəklər üçün bərkliyi HRC 40…65 olan sementləşdirilmiş poladlar tətbiq edilir. Ulduzcuqlar bütöv və ya qüraşdırılmış konstruksiyalardan hazırlanır. Burada da ortakarbonlu poladlardan istifadə edilir. Səs-küyü və yeyilməni azaltmaq məqsədilə çox vaxt ulduzcuqların dişləri plastmasla örtülür. Zəncir ötürməsinin hazırlanması böyük xərclərlə bağlıdır. Ancaq onlar səssiz iş, aşağı poliqon effekti, yüksək çevrəvi sürət və diyircəkli quruluşda aşağı yeyilmə göstərirlər. Zəncir çarxları evolvent profilə malik olub, dişlərin yan səthləri 30° bucaq altında mailliyə malikdirlər. Qayış ötürməsindən fərqli olaraq zəncir ötürməsində gərilmə qüvvəsinin yaradılmasına ehtiyac yoxdur.