Zərifə Əliyeva – 2022-ci ildə istismara verilmiş və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan Ro-Pax tipli gəmi-bərə. Gəmi alim və həkim Zərifə Əliyevanın şərəfinə adlandırılmışdır.[1]
Zərifə Əliyeva | |
---|---|
Sahibi | Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi |
İstismara verilmə tarixi | 28 aprel 2022 |
İstehsalçı | Bakı Gəmiqayırma Zavodu |
Şərəfinə adlandırılıb | Zərifə Əliyeva |
Sinifi | Ro-Pax[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Gəmi-bərə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunmuşdur. Tikilib istismara verilməsi 3 ilə başa gəlmişdir.[2] Gəmi-bərə 28 aprel 2022-ci ildə istismara verilmişdir. İstismara verilmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1] İlk səfəri 5 may 2022-ci ildə Qazaxıstanın Kurık limanına olmuşdur.[3]
Gəmi istismarda olduğu ilk il ərzində 163 səfər həyata keçirmiş, 148 vaqon, 1061 ədəd minik avtomobili, 5595 ədəd yük avtomobili/TIR, 5616 nəfər sərnişin daşımışdır. Səfərlər Aktau-Ələt, Ələt-Aktau, Türkmənbaşı-Ələt, Ələt-Türkmənbaşı, Kurık-Ələt, Ələt-Kurık istiqamətləri üzrə həyata keçirilmişdir.[4] Almaniya prezidenti Frank-Valter Ştaynmayer 2023-cü ilin iyununda gəmini ziyarət etmişdir.[5]
Gəmi-bərənin layihəsi 2021-ci ildə istismara verilən Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.[1] Gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, sürəti isə 14 uzeldir.[3][2] "Azərbaycan" və "Zərifə Əliyeva" gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha öndədir. Gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər vardır.[1]
Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara münasibətini, həyat və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. Guşədə onun haqqında foto və video məlumatlar, kitablar toplanmışdır.[1]
28 aprel 2023-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyinə həsr olunmuş iki poçt markasının birində "Zərifə Əliyeva" gəmi-bərəsi təsvir olunmuşdur.[6]