Zahid Ziyatxan oğlu Şərifov (azərb. Şərifov Zahid Ziyatxan oğlu; 8 yanvar 1962, Kiçik Məzrə, Basarkeçər rayonu – 6 avqust 2022) — professor[1]
Zahid Şərifov | |
---|---|
Zahid Ziyatxanoğlu Şərifov | |
Doğum tarixi | |
Doğum yeri | Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndi |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vəfat səbəbi | İnfarkt |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | texnika |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | professor |
Üzvlüyü | Yeni Azərbaycan Partiyası |
Mükafatları |
Şərifov Zahid Ziyatxan oğlu 08.01.1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azəırbaycan Texniki Universitetində baş laborant, assistent, baş müəllim, dosent və 2008-ci ildən 2010-cu ilədək "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasında professor vəsifəsində işləmişdir. 1992-ci ildə aspiranturanı bitirərək Azərbaycan Elmlər Akademiyasının D004.08.01 İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.
2004-cü ildə AzTU-nun D02.031 şifrəli Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, materialşünaslıq sahəsində texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildə ona AAK tərəfindən professor elmi adı verilmişdir. 1984–1995-ci illərdə Azərbaycan Politexnik İstitutunda Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə isə Texniki Universitetin professor-müəllim heyətinin Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" kafedrasında 1997–2003-cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində işləmişdir. 2010-cu ildən 2014-cü ilədək "Dəniz texnikası və texnologiyası" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2014-cü ildən 2017-ci ilin iyun ayınadək Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru olmuşdur.[2]
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Dissertasiya Müdafiələrinin Şura üzvü və sədridir. Həmçinin Beynəlxalq Maşınqayıranlar İttifaqının üzvüdür.
Elmi-tədqiqat işləri gəmiqayırma, metallurgiya və maşınqayırma sənayeləri üçün yüksək korroziya davamlılığına malik ərintilərin yaradılması və metallaşdırılmış dispers qeyri-metal qatışıqlara malik ovuntu kompozisiya materiallarının işlənməsi problemləri ilə əlaqədardır. 150-dən çox elmi əsəri, 3 monoqrafiyası, 7 dərsliyi və 5 ixtirası vardır.
Beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərində "Web of science"-a daxil olan "International Journal on Marine Navigation and Safety of Sea Transportation " (Polşa), "Journal of Maritime and Engineering" (Latviya, Litva, Estoniya)," Водный транспорт " (Ukrayna) kimi jurnalların redaksiya heyətinin üzvüdür. Ailəlidir, 3 övladı var. YAP-ın üzvü olmuşdur.
Elmi rəhbərliyi altında 5 doktorant və dissertant müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
6 avqust 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]
17.09.2012-ci il tarixində AR Dövlət Dəniz Administrasiyası kollegiyasının "Donanmanın fəxri işçisi" döş nişanı və 24.06.2014-cü il tarixində AR Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[4]