Zanqın özünüqiymətləndirmə depressiya cədvəli (ing. Zung Self-Rating Depression Scale – ZDRS) Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır.[1] Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik.
Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub. ZDRS cədvəlinin validliyi digər kliniki cədvəllərlə, o cümlədən Hamilton cədvəli və Bekin sorğu vərəqəsi ilə müqayisədə təsdiq olunub. Cədvəlin həssaslığı müxtəlif qrup depressiv pozuntusu olan xəstələrin və belə pozuntusu olmayan şəxslərin arasında sınaqdan keçirilmişdir.
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli bir çox dillərə tərcübə olunmuş və bu dillərə uyğun adaptasiya edilmişdir. ZDRS cədvəlin xarici dillərə apaptasiyaları arasında alman, azərbaycan[2], ərəb[3], ispan[4], portuqal[5] və digərləri vardır.
Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir. Cədvəlin tam doldurulması bir neçə dəqiqə çəkir. ZARS cədvəlinin 20 bəndinin hər birinə cavab verilməlidir. Alınan cavablar qiymətləndirilərək ümumi bal hesablanır.
Zanqın özünüqiymətləndirmə depressiya cədvəlinin 1, 3, 4, 7, 8, 9, 10, 13, 15 və 19-cu bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 1; "arabir" – 2; "tez-tez" – 3; "əksər hallarda" – 4. Cədvəlin 2, 5, 6, 11, 12, 14, 16, 17, 18 və 20-ci bəndlərinə verilən cavablar aşağıdakı kimi qiymətləndirilir: "nadir hallarda" – 4; "arabir" – 3; "tez-tez" – 2; "əksər hallarda" – 1.
20-49 – Norma
50-59 – Yüngül dərəcəli depressiv pozuntu
60-69 – Orta ağır dərəcəli depressiv pozuntu
70-80 – Ağır dərəcəli depressiv pozuntu