Rafael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili.
== Həyatı ==
1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.
Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.