Tahirə Allahyarova
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru.
== Həyatı ==
Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur.
1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.
Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.
== Elmi fəaliyyəti ==
Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir.