Anarxizm
Anarxizm (q.yun. αναρχω –hakimiyyətsizlik) könüllü qurumlara əsaslanan özünü idarə edən cəmiyyətləri müdafiə edən siyasi fəlsəfədir. Bunlar əsasən dövlətsiz cəmiyyətlər olaraq təsvir olunur, lakin bəzi müəlliflərə görə bu qurumlar iyerarxiya olmayan azad birliklərdir. Anarxizm dövlətin arzu olunmaz, lazımsız və zərərli olduğu düşüncəsini əsas götürür. Anarxizm əsas xüsusiyyətlərini özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər.İndividualist anarxizmə görə, anarxizm siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır.
Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir.