Acarıstan–Naxçıvan münasibətləri
Acarıstan–Naxçıvan münasibətləri — Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Gürcüstan münasibətlərinin tərkib hissəsidir.
== Tarixi ==
Naxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikası və onun Acarıstan Muxtar Respublikası arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri mövcud olmuşdur.
XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərilmişdir.
=== Naxçıvan xanlığı dövrü ===
Acarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarında daha da inkişaf etməyə başlamışdır.
Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuşdur.
=== Çar Rusiyası dövründə ===
Tarixçi alim, tədqiqatçı Musa Quliyev qeyd edir ki, 1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, "Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik." Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur.
Araşdırmalardan məlum olur ki, həmin illərdə naxçıvanlı polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur.
Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəyovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur.