Acarıstan və ya Acara (gürc. აჭარა; tərc.: "Aç'ara") — Gürcüstanın tarixi-coğrafi bölgələrindən biridir. Bölgə Acara çayının (Acaristskali) vadisini əhatə edir. Hazırda Acarıstan Muxtar Respublikasının əraziləri daxilindədir. Acarıstan adının "aci" (gürc. აჭი) sözü ilə əlaqəli olması güman edilir. İndiki dövrdə də Gürcüstanda "Aci" (აჭი) adını daşıyan yer adları mövcuddur.
Acarıstan qədim zamanlarda Gürcüstanın cənub-qərb hissəsində yerləşən tarixi Mesxetiya bölgəsinin bir hissəsi olub. Bölgə keçmişdən bəri Yuxarı Acarıstan (Zemo Acarıstan) və Aşağı Acarıstan (Kvemo Acarıstan) olaraq iki hissəyə bölünüb. Yuxarı Acarıstanın mərkəzi müxtəlif dövrlərdə Did-Acara, Xihahi və Xulo adlı yaşayış məntəqələri olmuşdur. Aşağı Acarıstanın mərkəzi isə Keda bölgəsi olmuşdur. Acara adı həmçinin Acara vadisini adlandırmaq üçün də istifadə edilmişdir. Bu səbəbdən Aşağı Acara ilə Yuxarı Acara bölgələrinin arasında yerləşən əraziyə "orta vadi" mənasını verən Şuhevi (şua: orta, hevi: vadi) adı verilmişdir.
Acarıstan bölgəsi e.ə. III əsrdən etibarən Gürcüstan çarlıqları və knyazlıqlarının hakimiyyəti altında olmuşdur. XVI əsrdən etibarən Osmanlıların tabeliyinə keçmişdir. 1578-ci ildə qurulan Çıldır vilayətinin daxilində olmuşdur[1] 1828–1829 illərdə baş tutmuş Osmanlı-Rusiya müharibəsindən[2] sonra Çıldır vilayətinin sərhədləri dəyişdikdə, Acarıstanın statusu da dəyişmişdir. Fərqli tarixlərdə şəhər və ya qəsəbə kimi idarə olunan Acarıstan Osmanlı imperiyasının son dövrlərində Lazıstan sancağının tərkibində olmuşdur. 1877–1878-ci illərdəki Osmanlı-Rusiya müharibəsi zamanı Acarıstan bölgəsi Çar Rusiyası tərəfindən ələ keçirildi və Gürcüstan sərhədlərinə qatıldı. Bu müharibədən sonra bölgə əhalisinin əhəmiyyətli hissəsi Osmanlı torpaqlarına köç etdi. 1921-ci ilin iyul ayında[3] Batumi və Çürüksu (Kobuleti) bölgələri də Acarıstana birləşdirildi və bütün müsəlman əhalinin yaşadığı əraziləri əhatə edəcək şəkildə Acarıstan Muxtar Sovet Sosialist Respublikası quruldu.
Tarixi Acarıstan bölgəsinin əhalisi özlərini acaralı (Acareli) adlandırırlar. Bu bölgədən Osmanlı ərazisinə köç edən gürcülər də bu nomenklaturadan istifadə edirlər. Acarıstan Muxtar Sovet Sosialist Respublikası yaradılmasından sonra muxtar respublikadakı müsəlman gürcülər acaralı olaraq adlandırıldılar. Sovet İttifaqı qurulduqdan sonra aparılan siyahıyaalmalarda acarlar gürcü olsalar da, ayrı xalq kimi siyahıyaalınırdılar.[4] Lakin 1936-cı ildən etibarən gürcü adlandırılmağa başladılar.
Acarlar gürcü dilinin dialekti ilə danışırlar. Acarıstan dialekti (Acaruli) ayrı bir dil deyil və acarlar standart olaraq gürcü dilini təhsil və yazı dili olaraq istifadə edirlər.