Acarıstan (gürc. აჭარა) və ya rəsmi olaraq Acarıstan Muxtar Respublikası (gürc. აჭარის ავტონომიური რესპუბლიკა,Ач'арис автономиури республика)rus. Аджарская Автономная Республика — Gürcüstanın tərkibində muxtar respublika. Acarıstan Gürcüstanın cənub-qərbində, Qara dənizin sahilində yerləşir. Muxtar respublika cənubda Türkiyə ilə həmsərhəddir. Paytaxtı Batumi şəhəri, ümumi sahəsi 2,900 kvadrat kilometrdir. Əhalisinin əksəriyyətini acarlar təşkil edir.
Acarıstan | |||||
---|---|---|---|---|---|
gürc. აჭარის ავტონომიური რესპუბლიკა | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Batumi | ||||
İdarəetmə forması | Muxtar respublika | ||||
Sahəsi | |||||
• Ümumi | 2900 km² | ||||
• Su sahəsi (%) | əhəmiyyətsiz | ||||
Əhalisi | |||||
• Əhali | 333,953 nəfər | ||||
• Sıxlıq | 115 nəf./km² | ||||
Valyuta | Gürcüstan larisi | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, XV əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.
Acarıstan qədim dövrlərdən bəri Kolxida və Qafqaz İberiyası dövlətlərinin tərkibində olmuşdur. Təxminən eramızdən əvvəl 5-ci əsrdə buranı yunanlar öz koloniyasına çevirdilər, daha sonra isə bütün yunan koloniyaları kimi Roma İmperiyası tərəfindən tutuldu. Roma imperiyasının dağılmasından sonra Acarıstan uğrunda İran və Bizans arasında müharibələr gedir, az sonra isə ərəblər tərəfində tutulur.
Coğrafi baxımdan strateji əhəmiyyətə malik Acarıstan əsrlər boyu iki böyük imperiyanın - Osmanlı dövlətinin və Çar Rusiyasının mübarizə meydanı olub. 16-cı əsrin ortalarından 1878-ci ilədək (həmin il Rusiya ilə növbəti müharibəni uduzan Osmanlı bölgəni şimal qonşusuna güzəştə getmişdi) Acarıstan Osmanlının nəzarətində olub. Birinci Dünya Müharibəsi gedişində və sonra Acarıstan (ümumilikdə isə bütün Cənubi Qafqaz) yenə Türkiyə və Rusiyanın mübarizə predmeti olub.
Təsadüfi deyil ki, Gürcüstan tərkibində Acarıstan Muxtar Respublikasının yaradılması 1921-ci il martın 16-da Moskvada imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanmış Qars müqaviləsinin müddəalarına əsasən yaradılıb.
1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Gürcüstanın müstəqillik əldə etməsi ilə bərabər Acarıstan da onun tərkibində muxtar respublikaya çevrildi. Respublikaya başçılığı 1991-ci ildən Aslan Abaşidze etmişdir. Lakin onun həddindən artıq mərkəzdən qaçma meyilləri Tbilisidə narazılıqla qarşılanmışdır. 2003-cü ildə hökuməti devirmək yolu ilə hakimiyyətə gələn Mixail Saakaşvili respublikaya qarşı təzyiqlər etməyə başlamışdır. Nəticədə 2004-cü ildə dövlət bura qoşun göndərmiş, Abaşidzeni zorla hakimiyyətdən kənarlaşdırmışdır. Ondan sonra Acarıstana Levon Varşalomidze rəhbərlik etməyə başlamışdır. Saakaşvili hökuməti Acarıstanın muxtariyyətini böyük ölçüdə azaltmışdır.
Acarıstan, demək olar ki, bütün sahələrdə Gürcüstandan mümkün qədər az asılıdır. 1991-ci ildən sonra Acarıstan rəhbərliyi Gürcüstan-Türkiyə sərhəd qapısından və Batumi limanından əldə etdiyi gömrük gəlirlərinin ən çox halda 30 faizini Tbilisiyə ödəyib. 1999-cu ildə Gürcüstan rəhbərliyi Britaniyanın FTS şirkətini ölkənin gömrük-sərhəd sistemini yenidən qurmağa dəvət etsə də, Abaşidze bu şirkətin Acarıstanda işləməsinə imkan verməyib. Tbilisi rəsmilərinin bildirdiyinə görə, Acarıstanın hər il Gürcüstan büdcəsinə ödəmədiyi gömrük rüsumları və digər vəsaitlər 200-300 milyon dollar təşkil edir.[1]
Başlıca sənaye sahələri: neft emalı, çay, şərab, konserv və s. istehsalı. Yüngül sənaye, ağac emalı sənayesi inkişaf etmişdir. Acaristkali çayı üzərində SES fəaliyyət göstərir. Ərazisində mis, polimetal filizlər, odadavamlı gil yataqları vardır. Yeyinti sənayesi avandanlığı, kimya-əczaçılıq malları istehsal olunur (Batumi). Əsas kənd təsərrüfatı bitkiləri çay, sitruslardır. Meyvə bağları (o cümlədən subtropik bitkilər), tunq, dəfnə, evkalipt, bambuk, dənli bitkilər becərilir. Acarıstanın daxili rayonlarında tütün, sahilboyu zolaqlarda tərəvəz, dağ ərazilərində kartof əkilir. Dağətəyi zolaqda südlük qara mal, dağlıq sahələrdə davar (qoyun və keçi) saxlanılır. İpəkçilik və arıçılıq inkişaf etmişdir. Acarıstanın sahilboyu zolağından elektrikləşdirilmiş Samtredia–Batumi dəmiryol və Novorossiysk–Batumi magistral avtomobil yolu, daxili rayonlarından Batumi–Xulo–Axaltsixe avtomobil yolu keçir. Başlıca dəniz portu Batumidir, burada aeroport fəaliyyət göstərir. Sahilboyu zolaqdakı kurortları: Batumi, Kobuleti, Sixisdziri, Yaşıl Burun, Maxincauri.[1]
Acarıstan MR Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində, Türkiyə ilə sərhəddədir. Ərazinin çox hissəsi Kiçik Qafqazın silsilələri (Mesxeti, Şavşet, Arsiyan), sahilboyu zolaq isə ovalıq və alçaq təpəlikdir.[1]
Subtropik, rütubətli iqlim qurşağına malikdir. Orta temperatur yanvarda sahilboyu zolaqda 4–6 °C, dağlarda 2-dən –2 °C-yə qədər, iyulda müvafiq olaraq 20–23 °C və 16–20 °C-dir. İllik yağıntı sahilboyu zolaqda və dağ yamaclarında 2400–2800 mm, qalan hissədə 1000–1800 mm-dir. Çaylarından ən böyüyü olan Çorox (aşağı axını) və qolu Acaristkali Qara dəniz hövzəsinə aiddir. Ovalıqlarda allüvial və bataqlıq, dağətəyi hissədə qırmızı, dağlıq hissədə isə qonur meşə, çimli və çimli-torflu dağ-çəmən torpaqları yayılmışdır. Ərazinin 50%-dən çoxu meşəlikdir (fıstıq, palıd, küknar, ağ şam və s.). Dəniz sahili düzənlik və öndağlıq hissələrini subtropik və texniki bitkilər tutur. Meşələrdə ayı, qaban, maral, cüyür və s., çaylarda müxtəlif balıqlar (enlibaş, qızıl balıq və s.); Kintriş qoruğu var.[1]
1927-ci ildə Gürcüstan Proletar Yazıçıları Cəmiyyətinin Acarıstan şöbəsi (1932-ci ildən Gürcüstan Yazıçılar İttifaqının Acarıstan şöbəsi) yaradılmışdır. Ədəbiyyatın inkişafında M.Varşanidze, N. Qvarişvili, P.Loriya, N.Malazoniya, P.Rurua, A.Şervaşidze və b.-nın xidməti olmuşdur.[1]
Acarıstanda feodalizmə qədərki və feodalizm dövrünə aid memarlıq abidələri – Qonia, Qoniostsixe, Tamaristsixe, Bartsxana qalaları, Saputkreti, Kokolati körpüləri və s., Sxalta kilsəsi (13-cü əsr) qalmışdır. 1920-ci illərdən sonra Batumidə və kurort yerlərində (Kobuleti, Maxincauri) tikinti işləri genişləndirilmişdir. Xalq memarlığında iki və üç mərtəbəli evlər əsas yer tutur. Bu evlərin aşağı mərtəbəsi daşdan, yaxud kərpicdən, yuxarı mərtəbəsi isə taxtadan olur; eyvanların məhəccərləri, qapı və tavanlar oyma işləri ilə bəzədilir. Peşəkar təsviri sənət 20-ci əsrin birinci yarısından sonra inkişaf etməyə başlamışdır. Acarıstanda tarixi-inqilabi mövzuda (Ş.Xoluaşvili), mənzərə janrında (S.N.Artmeladze, Ş.A.Zamtaradze) əsərlər yaradılmış, heykəltaraşlıq (T.P.Çanturia), qrafika (D.X.İmnaişvili) və s. inkişaf etmişdir. Xalq sənətində ağac üzərində oyma, metalda bədii işləmə, bədii tikmə geniş yayılmışdır.[1]
Acarıstanda müxtəlif janrlarda iki-üç-dördsəsli xalq mahnıları yayılmışdır. Birsəsli beşik, mərasim nəğmələri, lirik mahnılar, ağılar, adətən, qadınlar tərəfindən, dördsəsli əmək mahnılarını (naduri) isə, əsasən, kişi xoru ifa edir. Acar xalq mahnılarında miksolidi, dori, frigiya və eolikladlar üstünlük təşkil edir. Mahnı və rəqs melodiyaları 6/8, 2/4, 3/4, 5/4 ölçülərdə olur. Xalq çalğı alətləri: təbil-doli, çiboni, salamuri (fleytanın növü), simli alətlərdən çonquri, panduri geniş yayılmışdır. Batumidə musiqi məktəbi, filarmoniya və acar xoru (sonralar Acar mahnı və rəqs ansamblı), musiqi texnikumu, xalq yaradıcılıq evi, musiqili xoreoqrafiya cəmiyyəti fəaliyyət göstərir.[1]
1937-ci ildə Batumidə İ.Çavçavadze adına dram teatrı açılmışdır. Ən yaxşı tamaşaları: “Şah Edip” (Sofokl), “Otello”, “Hamlet“ (U.Şekspir), “Vassa Jeleznova” (M.Qorki), “Mok vebili” (V.Pşavela), “Mən, nənəm, İliko və İllarion” (N.Dumbadze və Q.Lordkipanidze), “Oğlum Simon”, “Dəniz və məhəbbət” (A.Samsoniya). 1943-cü ildə Acarıstanda Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası tamaşaya qoyulmuşdur. Teatrda aktyorlardan Y.Kobaladze, M.Xinikadze, A.M.Geladze, N.Tetradze; rejissorlardan L.Karasaşvili, N.Sakandelidze, A.Takidze, T.Abaşidze, Ş.İnasaridze və b. fəaliyyət göstərmişdir.[1]
Cəmi 2,9 min kvadrat kilometr ərazisi, 351 min əhalisi olan bu kiçik diyarda 80-ə yaxın millətin nümayəndələri yaşayır. Əhalinin 60 faizi müsəlman, qalanları xristiandırlar. Bölgədə ruslar, ermənilər, belaruslar, ukraynalılar, yunanlar və hətta 19-cu əsrdə bura köçmüş zəncilər də yaşayır.
Region | Cəmi | Gürcü | % | Rus | % | Erməni | % | Yunan | % | Abxaz | % | Ukrayn | % | Azərb. | % | Digəri | % |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Acarıstan | 376016 | 351132 | 93,38% | 9073 | 2,41% | 8848 | 2,35% | 2168 | 0,58% | 1558 | 0,41% | 1056 | 0,28% | 542 | 0,14% | 1347 | 0,36% |
Batumi | 121806 | 104313 | 85,64% | 6300 | 5,17% | 7517 | 6,17% | 587 | 0,48% | 800 | 0,66% | 770 | 0,63% | 301 | 0,25% | 999 | 0,82% |
Keda | 20024 | 19958 | 99,67% | 26 | 0,13% | 8 | 0,04% | 0 | 0,00% | 15 | 0,07% | 3 | 0,01% | 7 | 0,03% | 5 | 0,02% |
Kobuleti | 88063 | 83367 | 94,67% | 1692 | 1,92% | 958 | 1,09% | 1487 | 1,69% | 50 | 0,06% | 176 | 0,20% | 79 | 0,09% | 211 | 0,24% |
Şuaxevi | 21850 | 21796 | 99,75% | 14 | 0,06% | 5 | 0,02% | 1 | 0,00% | 25 | 0,11% | 2 | 0,01% | 1 | 0,00% | 1 | 0,00% |
Xelvaçauri | 90843 | 88321 | 97,22% | 1029 | 1,13% | 355 | 0,39% | 91 | 0,10% | 645 | 0,71% | 103 | 0,11% | 151 | 0,17% | 129 | 0,14% |
Xuloyi | 33430 | 33377 | 99,84% | 12 | 0,04% | 5 | 0,01% | 2 | 0,01% | 23 | 0,07% | 2 | 0,01% | 3 | 0,01% | 2 | 0,01% |