Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (d. 9 dekabr 1961, Lənkəran, Azərbaycan SSR, SSRİ – ö. 15 may 2002, Gədəbəy, Azərbaycan)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri.
== Həyatı ==
Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub.