Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
Akad. H.Əliyev adına Coğrafiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır.
== Tarixi ==
1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Coğrafiya bölməsi, 1945-ci ildə isə Azərbaycan EA-nın tərkibində Coğrafiya İnstitutu yaranmışdır. Bu zaman İnstitut fiziki, iqtisadi və xəritəçilik şöbələrindən ibarət olmuşdur, institutda 25 nəfər çalışmışdır.1946–1950-cı illərdə iqlimşünaslıq və qurunun hidrologiyası şöbələri açılır.1953-cü ildə İnstitutda Xəzər dənizi şöbəsi açılır, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunur, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil olunur. 1972-ci ildə, dünyada ilk dəfə, Xəzərin açıq hissəsində dəniz observatoriyası yaradılır.
1970-ci ildən başlayaraq İnstitutun əsas tədqiqat istiqamətlərindən biri torpaq coğrafiyası olur, Pirqulu qoruğu ərazisində stasionar tədqiqatlar laboratoriyası yaradılır.
Artıq 1989-cu ildə İnstitutda 8 problem üzrə 17 mövzuda elmi tədqiqat işləri aparılır, əməkdaşların sayı 250 nəfərə çatır. Onlardan 2 nəfəri akademik, iki nəfəri müxbir üzv, 13 nəfəri elmlər doktoru və professor, 60 nəfəri isə elmlər namizədidir.