Yumru qargiləmeyvə
Yumru qargiləmeyvə (lat. Symphoricarpos orbiculatus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. Şimali Amerikada bu bitki hind qarağatı, qırmızı giləmeyvə adlanır.
Hündürlüyü 2-3 m-dək olan, nazik, qonur və ya qırmızımtıl zoğlu, yarpağıtökülən koldur. Yarpaqları qarşı-qarşıya düzülmüş, yumurtavarı, yumru, kənarları bütövdür. Yarpaqların üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtül, açıq-göyümtül və tükcüklüdür. Payızda qırmızı rəngə boyanır. Çiçəkləri xırda, zəngvarı, çəhrayı-ağ yarpağın qoltuğunda qısa salxımlara yığılmışdır. İyulun əvvəlindən avqustun axırınadək təxminən 50 gün çiçəkləyir. Meyvələri yarımşarşəkilli al-qırmızı, göyümtül çöküntülüdür, diametri 4-7 mm, yeməli deyil, sentyabrda yetişir, uzun müddət tökülmür.