Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü.
== Həyatı ==
Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub.
Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945).
1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub.
Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur.
1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir.
Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.