Azərbaycan Dövlət Rəssamlıq Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi.
Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.
Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.
Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir.
== Haqqında ==
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.
Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir.
== Strukturu ==
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir.