Bənövşəyi sığırquyruğu
Bənövşəyi keçiqulağı - (lat. Verbascum phoeniceum L.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.[1][2]
Qısa morfoloji təsviri
İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı – bənövşəyi, 25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur. [3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir. [3][4]
Yayılması
Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Kükü dağ –Dərəboğaz, Batabat). [3][4][5]
Sayı və tendensiyası
Populyasiyanın ehtuyatı məhduddur və azalır.[5]
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.
Mühafizə tədbirləri
Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.
İstinadlar
- ↑ http://redbook.az/?options=project&id=B%C9%99n%C3%B6v%C5%9F%C9%99yi%20ke%C3%A7iqula%C4%9F%C4%B1
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ 1 2 3 1. Флора Азербайджан, 1957.
- ↑ 1 2 2. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008.
- ↑ 1 2 3. Naxçıvan MR-nın Qırmızı kitabı; 2010;