Nulla poena sine lege

Vikipediya saytından
Firuza (müzakirə | töhfələr) (→‎Təbii hüquq) tərəfindən edilmiş 11:45, 14 dekabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur.[1] Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir.[2]

Tələblər

Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir:[3]

Nulla poena sine praevia lege poenali
Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir.
Nulla poena sine lege scripta
Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır. Bu isə cinayətə görə cəzanın əsası kimi hüquqi adəti istisna edir.
Nulla poena sine lege certa
Aydın müəyyən edilmiş qanun olmadan cəza verilə bilməz. Buna əsasən, cəza qanunu cinayət hesab olunan hərəkətləri və onlara görə veriləcək cəzanı kifayət qədər aydın müəyyən etməlidir ki, bu, vətəndaşlara hansı hərəkətlərin cəzalandırıla biləcəyini əvvəlcədən görməyə imkan versin və vətəndaşlar da buna uyğun hərəkət etsinlər. Bu qayda cinayət hüququnda hüququn ümumi prinsiplərindən olan hüquqi müəyyənliyin mövcudluğunu tələb edir. Müvafiq tələb əksər dövlətlərin milli qanunvericiliyində tanınmış və təsbit olunmuş, həmçinin Avropa Ədalət Məhkəməsi tərəfindən "Avropa İttifaqı hüququnun əsas prinsipi" kimi qəbul edilmişdir.[4]
Nulla poena sine lege stricta
Dəqiq qanun olmadan cəza verilə bilməz. Bu tələb cinayət qanununda maddələrin analogiya üzrə tətbiqini qadağan edir.

Ümumi hüquq sistemi

Qarışıq məsələlərdən biri ümumi hüquq sistemində hakimlərin norma yaratmaq səlahiyyəti ilə bağlıdır. Hətta hakimin norma yaratmaq səalhiyyətini qəbul etməyən Roman-German hüququnda da hakimin cinayət qanununu şərh etmək funksiyasının nə vaxt başa çatması və norma qəbul etmək səlahiyyətinin nə vaxt başlaması aydın deyil.

İngilis cinayət hüququnda ümumi hüquqdan irəli gələn hüquq pozuntuları var. Məsələn, qətl (ing. murder) ümumi hüquq sistemində hüquq pozuntusudur və qanunda anlayışı verilməmişdir. 1957-ci il Adamöldürmə Qanunu qəsdən adamöldürmə və ya digər adamöldürmə cinayətlərinin anlayışını vermir. Buna görə də, qəsdən adamöldürmənin anlayışının müəyyən edilməsi ilə bağlı sonrakı 40 il ərzində Lordlar Palatasına altıdan az olmayan müraciət daxil olmuşdur (Director of Public Prosecutions v. Smith [1961] A.C. 290; Hyam v. Director of Public Prosecutions [1975] A.C. 55; Regina v. Cunningham [1982] A.C. 566; Regina v. Moloney [1985] A.C. 905; Regina v. Hancock [1986] A.C. 455; Regina v. Woollin [1998] 4 A11 E.R. 103 (H.L.)).

Təbii hüquq

Təbii hüquqda bir prinsip kimi nulla poena sine lege hüquqi prinsipi günahkar vicdanın ilkin şərtləri məsələsində Sxolastika alimləri arasında gərgin mübahisələrə səbəb olmuşdur. İyeronim Stridonlunun Yezekil şərhinə əsaslanaraq, Tomas AkvinatFransisko Suares vicdanın cəzalandırılmasının formal şərtlərini təhlil etmişdilər.

Suarezin fikrincə, vicdanın cəzası keçmişdə baş vermiş pozuntunu aradan qaldırmaq üçün insan təbiətinə uyğun hərəkət etmək öhdəliyidir.[5] Bu fikir pozuntunun keçmişdə olması və bununla da dəyişməz olması səbəbindən qeyri-mümkün tədbirlər görməyi zəruri edir.

Universal yurisdiksiya

İstinadlar

  1. A description and analysis of the principle can be found in Shahram Dana, Beyond Retroactivity to Realizing Justice: The Principle of Legality in International Criminal Law Sentencing, 99 JOURNAL OF CRIMINAL LAW AND CRIMINOLOGY 857 (2009)
  2. Justice Scalia in Rogers v. Tennessee, citing J. Hall, General Principles of Criminal Law 59 (2d ed. 1960)
  3. Boot, M. Genocide, Crimes Against Humanity, War Crimes: Nullum Crimen Sine Lege and the Subject Matter Jurisdiction of the International Criminal Court. Intersentia. 2002. səh. 94. ISBN 9789050952163.
  4. Klip, André. Substantive Criminal Law of the European Union. Maklu. 2011. səh. 69. ISBN 9789046604403.
  5. Suárez, Francisco. Suárez, Opera Omnia. Editio nova, A D. M. André, Canonico Repullensi ,(...) Thomus Quartus. Parisiis: Ludovicum Vivès, Tractatus Tertius. De bonitate et malitia humanorum actuum. 1865. Disputatio XII. Sectio II. n.1, 439.