Ağ oduncaqlı evkalipt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağ oduncaqlı evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Eucalyptus leucoxylon (lat. Eucalyptus leucoxylon) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 20-25 m, gövdə diаmеtri isə 25-40 sm оlur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4-7 sm, eni 3-3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7-15 sm uzunluqda, 2-3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır. Çiçək çətiri qınlı, 3 çiçəkli olmaqla, silindrik formalı və qısa saplaqlı, uzunluğu 10-15 mm, diametri 7 mm, konus və ya dimdikvari formada olub, qapaqcıqlıdır. Meyvəsi saplaqlı, formalı yastılanmış yumurtaya bənzəyir və ya armudvari, uzunluğu 10-15 mm, diametri 9-11 mm olmaqla yanlardan basılmışdır. Gövdəsi аğ və kül rəngli olduğunа görə "ağ oduncaqlı" evkalipt adlanır.

Ekologiyası

Qaya və düzənliklərdə, gilli torpaqlarda bitir. Rütubətə tələbkar, işıqsevən bitkidir.

Azərbaycanda yayılması

1971-ci ildə Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiyа olunmuşdur.

İstifadəsi

Parkların yaşıllaşdırılmasında, səhiyyədə isə tərkibində olan efir yağlarından geniş istifadə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.