Akaka soğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Akaka soğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir. Çiçəkyanlığı 6–8 mm uzunluğunda, çəhrayımtıl və ya çəhrayı, yarpaqcıqları xətvari, iti, orta hissədən tünd qırmızı damarlıdır. Erkəkcik sapı bütöv, neştərşəkilli, xətvaridir. Sütuncuq çiçəkyanlığından kənara çıxmır. Qutucuq 2 dəfə çiçəkyanlığından qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may ayına təsadüf edir. Soğanaqla çoxalır. Kseromezofitdir. Geofit, bəzək və qida bitkisidir.

Yayılması

Diabar, Naxçıvanın dağlıq hissəsi (Qaraquş dağı, Dərəşam, Kotam dağı), İraqın şimal bölgələri, İranın şimal-qərb bölgələri və Türkiyənin şərq bölgələrində yayılmışdır. Orta və aşağı dağ qurşağında quru, gilli, çınqıllı yamaclarda rast gəlinir.

Sayı və tendensiyası

Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Məhdud sahələrdə yayılması, soğanaqların əhali tərəfindən qida kimi istifadə olunması və gəmiricilər tərəfindən məhv edilməsi.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar

Həmçinin bax