Girdə evkalipt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Girdə evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür. Meyvələri oturaq, şarvari və ya enli boruvari, tükcüklü, dördhissəli, 10-15 mm uzunluqda və 13-30 mm enindədir.

Ekologiyası

Abşeronun torpaq-iqlim şəraitinə - istiyə, soyuğadavamlı, rütubətə tələbkar ağacdır. Yerüstü hissəsi şaxtadan məhv olarsa, yazda pöhrələr vasitəsi ilə bərpa olur.

Azərbaycanda yayılması

Quru-subtropik zonalarda, o cümlədən Lənkəranda becərilir, park və bağlarda yaşıllaşdırmada rast gəlinir.

İstifadəsi

Nektarlı bitkidir. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.