Santo Kyoden

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Santo Kyoden
yap. 山東京伝
Doğum tarixi 13 sentyabr 1761(1761-09-13)[1][2]
Doğum yeri
Vəfat tarixi 27 oktyabr 1816(1816-10-27)[1][2] (55 yaşında)
Dəfn yeri
  • Ryoqoku-Ekoin[d]
Fəaliyyəti şair, yazıçı, esseist, rəssam, incəsənət xadimi, qrafika ustası[d]
Fəaliyyət illəri 1778–1815
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santo Kyoden (山東 京伝?, 13 sentyabr 1761[1][2], Kiba[d], Tokio27 oktyabr 1816[1][2])Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi.

Əsl adı İvase Samuru (岩瀬 醒?) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅?) təxəllüsündən istifadə etmişdir.[3] Əsasən kibyoşişarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokanyomihon janrlarında da əsərlər yaratmışdır.[3] Bütün həyatını Edo şəhərində keçirmişdir.[3]

Şəxsi həyatı

1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir.[3] Ev və terakoya təhsili almışdır.[3] 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür.[3] 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir.[3] İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür.[3] Cütlüyün heç vaxt uşağı olmamışdır.[3]

Kyodenin qardaşı Kyozen də yazıçı olmuşdur.[3] O, qesaku janrında əsərlərin və Kyodenin həyatından bəhs edən bir xronikanın müəllifidir.[3] Kyodenin yaşca kiçik iki bacısı var idi: Kinu və Yone.[3] Yone kyokakibyoşi janrlarında yazmış, Kurotobi Şikibu təxəllüsündən istifadə etmişdir.[3]

Kyoden Edonun Qinza rayonunda yaşamış və 33 yaşında burada bir tütün mağazası açmışdır.[3] 1795-ci ildə Edonun qərb regionları olan Uraqa, MişimaNumazuda 3 aylıq səyahətə çıxmışdır.[3] Kyoden 1816-cı ildə ürək xəstəliyindən ölmüşdür.[3] Deyilənə görə ölümünü sürətləndirən faktorlardan biri ədəbi mübahisələrin birində özündən çıxması olmuşdur.[3] Keçmiş tələbəsi və ədəbi rəqibi Takizava Bakin onun ən böyük tənqidçisi idi.[3]

Yaradıcılığı

Müəllifi olduğu qravürlərdən biri: "Balıqları yemləyən iki qadın".

Kyoden ilk ədəbi töhfələrini kibyoşi janrında vermişdir.[3] 1775-ci ildə Kitao Şiqemasanın yanında gedərək ukiyo-e sənətini öyrənmiş, növbəti illərdə 130-a yaxın kibyoşi yazmış və çəkmişdir.[3] Bu dövr 1780-ci ildən 1806-cı ilə kimi davam etmişdir.[3] O, İşibe Kinkonun "Kokubyaku mizukaqami" əsərinə çəkdiyi illüstrasiyalara görə dövlət tərəfindən cərimə olunmuşdur.[3] Bu əsər satirik olduğu üçün dövlət məmurlarının böyük qəzəbinə səbəb olmuşdu.[3] Onun ən məşhur kibyoşisi olan "Edo umare uvaki no kabayaki" 1785-ci ildə çəkdiyi 6 kibyoşidən biri idi.[3] Bu kibyoşinin qəhrəmanı Enciro gülməli, üçbucaq formasında burunla təsvir olunmuşdur.[3] Bu burun forması daha sonra "Kyoden burnu" kimi tanınmışdır.[3] Kyoden 1808-ci ilə kimi kibyoşi çəkməyə davam etmişdir, lakin 1809-cu ildən etibarən bu janrı tərk etmişdir.[3]

Kyoden 1785-ci ildə şarebonlar yazmağa başlamış, növbəti 5 il ərzində bu janrda tanınmış əsərlər yaratmışdır.[3] Ən məşhuru olan "Tsuqen somaqaki" (1787) əyləncə kvartallarını təsvir edir.[3] 1790-cı ildə şoqunluq tərəfindən aparılan islahatlardan sonra şarebon kimi satirik janrlar senzuraya məruz qalmışdır.[3] Kyoden 1791-ci ildə yazdığı üç şarebonun ("Şoqi kinuburui", "Nişiki no ura""Şikake bunko") didaktik oxu materialı olduğunu qeyd etsə də, rəsmilər qane olmamış və Kyoden 50 günlük dustaqlığa məhkum edilmişdir.[3] Nəşrçisi Tsutaya Cuzaburo isə ağır cərimə olunmuşdur.[3] Buna baxmayaraq, bu üç şarebon populyar olmuş, Kyodenin məşhurluğu daha da artmışdır.[3]

Kyoden 1790-cı ildə "Tsuzoku Dayseyden" adlı ilk yomihonunu yazmış, 1799-1813-cü illərdə 10 yomihonun müəllifi olmuşdur.[3] Onların çoxu populyar olmuşdur.[3] "Sakurahime zenden akebonozoşi" (1805) və "Mukaşiqatari inzauma byoşi" (1806) ən tanınmış yomihonlarıdır.[3]

Kyoden kyoka dairələrinin aktiv üzvü olmuş, tez-tez ədəbi mübahisələrdə iştirak etmişdir.[3] Ömrünün sonlarında erkən Edo dövrünün mədəniyyəti ilə maraqlanmış, bu haqda "Kinsey kiseki ko" (1804) və "Kottoşu" (1814-15) adlı əsərlər yazmışdır.[3]

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France Kyōden Santō // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Masanobu Kitao // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 18. ISBN 0-87011-627-4. İstifadə tarixi: 17 iyul 2022.