Səlcuqşah bəyim
Səlcuqşah bəyim | |
---|---|
1452 – 1478 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən geci 1423 |
Vəfat tarixi | 12 noyabr 1490 |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə[d], vəba |
Atası | Kor Məhəmməd mirzə |
Həyat yoldaşı |
|
Uşaqları |
Səlcuqşah bəyim (ən geci 1423 – 12 noyabr 1490, Qarabağ) — Ağqoyunlu sultanı Uzun Həsənin xanımlarından, Ağqoyunlu xatunu.
Həyatı
[redaktə | vikimətni redaktə et]İlk illəri
[redaktə | vikimətni redaktə et]Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin nəvəsi, Kor Məhəmməd mirzənin qızıdır. Doğum tarixi haqqında dəqiq məlumat yoxdur. 1438-ci ildə 15 yaşlı əmisi oğlu Uzun Həsənlə evləndiyini nəzərə alsaq, bu tarixdə 15 yaşında və ya daha kiçik olduğu güman edilir. Beləliklə, ən gec 1423-cü ildə doğulduğunu düşünmək mümkündür.
Uzun Həsən səltənətində
[redaktə | vikimətni redaktə et]Səlcuqşah bəyimin hakimiyyətdə olmuş övladları Sultan Xəlil (solda) və Sultan Yaqub
|
1438-ci ildə əmisi oğlu Uzun Həsənlə evləndirildi. Hoca Sadəddin Əfəndi özünün Tacü’t-Təvarix adlı əsərində onun Uzun Həsənin ən sevimli xanımı olduğunu yazır.[1] Cütlüyün bu nikahdan Xəlil, Yaqub, Yusif adlı 3 oğlunun dünyaya gəldiyi bilinir. Uzun Həsənin anaları bilinməyən qızlarından hansınınsa bu nikahdan doğulub-doğulmadığı isə bilinmir. Uzun Həsənlə evliliyinin ilk illərində onun üzərindəki nüfuzunun nə dərəcədə olduğu bilinmir. Ancaq qayınanası Sara Xatunun 1465-ci ildə vəfatı və Uzun Həsənin 1468-ci ildə Ağqoyunlu tayfalarını birləşdirərək özünü sultan elan etməsinin ardından bu nüfuzun artdığı güman edilir.[2]
Haqqındakı ilk məlumat isə Uğurlu Məhəmmədin üsyanı illərinə təsadüf edir. Uğurlu Məhəmməd Uzun Həsənin kürd əsilli xanımından doğulan oğlu idi və Səlcuqşah bəyimin böyük oğlu Xəlil mirzə ilə aralarında 8 ay fərq vardı. Bu səbəblə Uğurlu Məhəmmədin anası onun saraydakı ən güclü rəqibəsi halını almışdı. Otluqbeli müharibəsindən öncə 4 avqust 1473-cü ildə Fərat çayı sahilində Osmanlı ordusunu ağır məğlubiyyətə uğradan Uğurlu Məhəmməd durmadan atasına məktub yazaraq Osmanlı ordusunun təqib edilməli olduğunu, qəti qələbə üçün dərhal birliklərin onun əmrinə verilməli olduğunu bildirdi. Ancaq Uğurlu Məhəmmədin ordu və saray daxilində artan nüfuzundan çəkinən Səlcuqşah bəyim ərini ona qarşı təhrik edərək oğlunun hakimiyyət sevdasında olduğunu, tezliklə yanına alacağı ordu mənsubları və tayfa başçılarıyla birlikdə onu taxtdan endirəcəyinə inandırdı. Dövrün saray tarixçisi olan Əbubəkr Tehrani özünün Kitabi-Diyarbəkriyyə adlı əsərində bu hadisəni "Sultan o sırtlanın sözünə uydu və Uğurlu Məhəmmədi geri çağırdı" olaraq nəql edir.[3]
Nəticədə ögey oğlu taxtın ikinci varisi olaraq görülən Uğurlu Məhəmmədin Şiraz valiliyindən alınaraq Bağdada sürgün edilməsinə nail oldu. Bu sürgünün ardından can qorxusuna düşən Uğurlu Məhəmmədin atasına qarşı ayaqlanmasının ardından isə onun bağışlanmaması və dərhal aradan qaldırılması üçün ərini təhrik etdi.
Xüsusilə, Uzun Həsənin xəstəliyi illərində saray və dövlət idarəsində söz sahibi olan Səlcuqşah bəyim bir çox mühüm dövlət adamını və tayfa başçılarını öz nüfuzu altına almışdı. Vaxtilə Uzun Həsənə qarşı üsyana başlayan və məğlub olaraq Osmanlılara sığınan ögey oğlu Uğurlu Məhəmmədin Ərzincan yaxınlığında ələ keçirilməsi və sultanın xəbəri olmadan Süleyman bəy Bicanoğlunun əliylə qətlə yetirilməsində mühüm rol oynadı. Həsən bəy Rumlunun Əhsənüt-təvarix adlı əsərində yazdığına görə, oğlunun intiqamını almaq üçün and içən Uzun Həsən də məhz Səlcuqşah bəyim tərəfindən boğularaq öldürüldü. Bu iddiaya başqa heç bir tarixi mənbədə rast gəlinmir.
Sultan Xəlil səltənətində
[redaktə | vikimətni redaktə et]Uzun Həsənin 1478-ci ildə vəfatının ardından Səlcuqşah bəyim böyük oğlu Xəlil mirzəni dərhal Şiraza çağıraraq taxta çıxardı. Oğlunun səltənətinin ilk günlərindən etibarən dövlət idarəsini əlində cəmləyən Səlçuqşah bəyim ilk olaraq Uzun Həsənin Dəspinə xatundan doğulan oğlu və vaxtilə Uğurlu Məhəmmədi dəstəklədiyi üçün Təbrizdə həbs tutulan Maqsud mirzənin edamına hökm verdi. Bu isə Ağqoyunlu tarixindəki ilk qardaş qətli hadisəsidir.
Buna baxmayaraq Sultan Xəlil onun atasının səltənətindəki kimi dövlət idarəsinə müdaxilə etməyinə razı olmadı. Qardaşları Yaqub və Yusifi, eləcə də anasının ən sadiq adamlarından Süleyman bəy Bicanoğlunu Diyarbəkirə sürgün etdi. Ancaq bu addımıyla ən güclü dəstəkçisini itirən Sultan Xəlil qısa zamanda mərkəzi hakimiyyətə tabe olmayan tayfa başçılarının əlində oyuncağa çevrildi. Üstəlik onun bu siyasətindən narazı olanlar da Diyarbəkirə gedərək anası Səlcuqşah bəyimin ətrafında toplandılar. Nəhayət çox keçmədən Səlcuqşah bəyim yanına aldığı bir çox adlı-sanlı Ağqooyunlu tayfa başçısı və yerli kürd əhalinin dəstəyini alaraq oğlu Yaqub mirzəni Diyarbəkirdə sultan elan etdi. 15 iyun 1478-ci ildə Təbriz yaxınlığındakı Xoy körpüsü adlanan yerdə tərəflər qarşı-qarşıya gəldi. Toqquşmalar zamanı Sultan Xəlil öldürüldü və Yaqub mirzə paytaxta daxil olaraq mərkəzi hakimiyyəti ələ aldı.
Sultan Yaqub səltənətində
[redaktə | vikimətni redaktə et]Dərhal Diyarbəkirdən Təbrizə yola düşən Səlcuqşah bəyim saraydakı nüfuzunu yenidən qazandı. İlk əmri isə mərhum oğlu Sultan Xəlilin ölümündən sonra Qazı Həsənin qardaşı Hüseyn Çələbiylə nikahlanan dul xanımı Hani xatunun axtarışa verilməsi oldu. Ələ keçirilən keçmiş gəliniylə evləndiyi adam dərhal edam olundu.[4] Digər yandan mərhum oğlu Sultan Xəlili tərəfindən Qaraqoyunlu şahzadələrindən biriylə (Cahanşahın əmisi qızı) evləndirilən Ağqoyunlu sərkərdəsi Səlim Kəndxudanı zorla boşandırdı. Bütün bu hadisələr isə onun Sultan Yaqub səltənətindəki güc və nüfuzunun nə dərəcədə olduğunu göstərir.
Ölümü
[redaktə | vikimətni redaktə et]Səlcuqşah bəyim 12 noyabr 1490-cı ildə Qarabağda vəfat etdi. Ölümü haqqında isə bir neçə versiya var. Bunlardan ilki o illərdə Təbrizdə yayılan vəba epidemiyasına tutulmasıdır. Bu versiyanı gücləndirən ən mühüm faktor isə oğulları Sultan Yaqub və Yusif mirzənin də onunla eyni günlərdə anidən vəfat etməsidir. Üstəlik Səlcuqşah bəyim və oğulları qışı keçirmək üçün gəldikləri Qarabağdan öncə Təbriz şəhərini ziyarət etmiş, şəhərdəki vəba xəstələrini təftiş etmişdilər.[5] Ancaq Həsən bəy Rumlu özünün Əhsənüt-təvarix adlı əsərində bu ölüm hadisəsini fərqli şəkildə nəql edir. Yazılanlara görə, Səlcuqşah bəyim Uzun Həsənin Dəspinə xatundan doğulan oğlu Məsih mirzəni zəhərləmək üçün xüsusi şərbət hazırlamış, ancaq bu şərbət yanlışlıqla öz oğulları Sultan Yaqub və Yusif mirzəyə təqdim olunmuşdu. Hadisədən gec xəbər tutan Səlcuqşah bəyim isə qalan şərbəti içərək intihar etmişdir. Ancaq Səlcuqşah bəyim və oğullarının ən azı 2 həftə arayla vəfat etmələri bu versiyanı təkzib edir.
Xeyriyyə işləri
[redaktə | vikimətni redaktə et]Əslində xeyirxah biri kimi tanınan Səlcuqşah bəyim öz gəlirinin böyük bir qismini xeyriyyəçilik məqsədilə istifadə etmişdir. O, Təbriz məscidinin təmirinə 10000 dinar xərcləmiş, məscidə dəstəmaz üçün su gətirmiş, hündür günbəz tikdirmiş və hər tərəfi kirəmitlə örtülü hücrələr tikdirmişdir. Köhnə mehrabın yerinə bu məscidin içərisində hündür günbəz inşa edilmişdi. Səlcuqşah Xatun zaviyəsi Bayburtun Balahor kəndində özü tərəfindən tikdirilsə də, sonradan sökülmüşdür. Bu barədə dövrün torpaq sənədləri və vəqf qeydlərində məlumatlar öz əksini tapmışdır. O, sarayda nüfuzunun artması ilə bu işlərə daha çox önəm vermiş, yerli əhalinin hörmətini qazanmışdır.[6]
Səlcuqşah bəyim də təsəvvüf əhli ilə əlaqə saxlayır və onlara hörmət edirdi. Məsələn, Xəlvəti təriqətindən olan Dədə Ömər Rövşəni Ağqoyunlu sarayına gəlməzdən əvvəl Uzun Həsən və xanımı Səlcuqşah bəyimin rəğbətini qazanmışdı. Səlcuqşah bəyim, Cahanşahın həyat yoldaşı tərəfindən inşa edilən Müzəffəriyyə zaviyəsini Dədə Ömər Rövşəniyə vermək üçün hazırlatmışdı. Şeyx ölənə qədər burada yaşamışdır.[6]
Dədə Ömər Rövşəni Sultan Xəlil və Yaqub bəyin dövründə də həmin zaviyədə yaşamağa davam etmiş və onun Səlcuqşah bəyim tərəfindən Təbrizdə tikdirilən ibadətgahın qəbiristanlığında dəfn edildiyi deyilsə də bu barədə məlumatların doğruluğu məlum deyil. Səlcuqşah bəyim Xəlvəti təriqəti və üzvləri ilə yaxın olmuş, onlara dərin rəğbət bəsləmiş, təriqətin müridlərindən biri olmuşdur. Lakin sonradan saray və divan işlərində fəaliyyəti səbəbindən bu təriqətin üzvlərindən olan İbrahim Gülşəni ilə aralarında problemlər yaranmışdır.[6]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hoca Sâdeddin Efendi, Tacü’t-Tevârih C.3, (Çeviren: İsmet Parmaksızoğlu), İstanbul 1979, s.131
- ↑ Həsən Bəy Rumlu. (2017). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). (Çev. Oqtay Əfəndiyev-Namiq Musalı)
- ↑ Ebu Bekr-i Tihrani. (2001). Kitab-ı Diyarbekriyye (Çev. Mürsel Öztürk). Ankara: Türk Tarih Kurumu Basımevi
- ↑ Muhy-i Gülşenî, Menakıb-ı İbrahim-i Gülşenî, (Hazırlayan: Mustafa Koç-Eyüp Tanrıverdi), Türkiye Yazma Eserler Kurumu Yayınları, İstanbul 2014, s.104–107
- ↑ John E. Woods. (1999). The Aqqoyunlu: Clan, Confederation, Empire. Salt Lake City: The University of Utah Press
- ↑ Yuxarıda get: 1 2 3 Arayancan, 2019. səh. 8
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021
- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
- Walter Hinz tərc T.Bıyıklıoğlu. Uzun Həsən və Şeyx Cüneyd. Ankara: TTK. 1992.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
- Arayancan, Ayşe Atıcı. AKKOYUNLU SARAYINDA BİR BEGÜM YA DA MEHD-İ ULYÂ: SELÇUKŞAH BEGÜM (türk). 20 (7). AVRASYA Uluslararası Araştırmalar Dergis. 2019. 1–11.
- ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYE. Ankara: Kültür Bakanlığı Yayınları. Mürsel Öztürk. 2001.
- Faruk Sümer. Uzun Hasan. XLII. İstanbul: Türk Diyanet Vakfı Yayınları. DİA. 2001. 261–264.