"Evelina" münaqişəsi

"Evelina" münaqişəsi — "Evelina" gəmisinin daşnak-bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi.[1]

1918-ci ilin martında Bakıda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Şəhərdə Azərbaycan hərbi qüvvələrinin zəif olduğunu yaxşı bilən Bakı Sovetinin rəhbərliyi, Stepan Şaumyan başda olmaqla, müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı. Bu məqsədlə zavod və mədənlərdə erməni və rus fəhlələri müxtəlif bəhanələrlə "Qırmızı ordu" sıralarına qəbul edilirdilər. Erməni Milli Şurası cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamaq üçün martın əvvəllərində "Erməni əsgərlərinə" müraciət etdi. Erməni milyonçusu Mantaşevin zavodları isə ermənilərin silah-sursat cəbbəxanası rolunu oynamağa başladı. İrandanOrta Asiyadan Sovet hökumətinin adına göndərilən silahlar da ermənilərin əlinə keçdi. 1918-ci il martın 17-də qırğın törətmək üçün bəhanə yaratmaq məqsədilə "Müsavat" partiyası üzvlərinin və azərbaycanlı əsgərlərin-yunkerlərin olduğu "Avetik" gəmisi Şaumyanın əmri ilə atəşə tutuldu. Elə həmin gün B. Avakyan "Astoriya" mehmanxanasında Hərbi İnqilabi Komitə adından daşnaklara silah payladı. Martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən və təsadüfən əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün Bakıya gəlmiş müsəlman alayının zabitləri dəfn mərasimindən sonra "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər Rus Milli Şurası, Xəzər matrosları, esermenşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi hissələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini "məhv etmək" haqqında tapşırıq almışlar. Bu təxribat öz "bəhrəsini" verdi, Bakıdakı bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərksilah edilməsinə tərəfdar oldu. Martın 30-da təcili olaraq Bakı şəhəri mədən-zavod rayonlarının inqilabi müdafiə komitəsi yaradıldı. Komitəyə S. Şaumyan, A. Caparidze, Q. Korqanov, İ. Suxartsev, S. Saakyan, M. Yolçuyan, Nəriman Nərimanov daxil idilər.

İnqilabi komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərksilah olundu. Müsəlman əhalisi məscidlərə toplaşaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin çox ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri inqilabi komitəyə gələrək, alınmış silahları "Hümmət" müsəlman bolşevik təşkilatı vasitəsilə qaytarmağa cəhd göstərdilər. Lakin bolşevik-daşnak koalisiyası əvvəlcədən bağladıqları sövdələşmə əsasında müsəlman əhaliyə qarşı hücuma başladı. Martın 30-da axşam saat beşdə Bakıda ilk atəşlər açıldı. Bu, Bakıda türk-müsəlman əhaliyə qarşı Mart soyqırımının (1918) başlanğıcı oldu.[1]

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Nəsibzadə N., Azərbaycan Demokratik Respublikası, B., 1990;
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993;
  • İsgəndərov A., Azərbaycan Xalq Cümhuriyyəti, B., 2003;
  • Балаев А., Азербайджанское национально – демократическое движение 1917–1920 гг., Б., 1990;
  • Насиров Т., Борьба за власть в Азербайджане (1917–1920), Б., 1993;
  • Агамалиева Н., Худиев Р., Азербайджанская Республика. Страницы политической истории 1918 – 1920 гг., Б., 1994.
  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 345. ISBN 9952-417-14-2.