"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar.[1] 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir.[2][3]
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə | |
---|---|
40°29′39″ şm. e. 50°13′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Şüvəlan |
Tikilmə tarixi | 1889 |
Vəziyyəti | yaxşı |
Kateqoriya | Abidə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.[2]
1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib. Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər. Sentyabrın 14-də hava buludlu, küləkli və yağışlı idi. Gəmi axşam saatlarında Abşerona çatanda külək daha da gücləndi. Gəmi 2 dəfə suyun altındakı riflərə dəyərək zədələndi. Gəminin burun hissəsinin bortu dağıldı və mühərrikin nasosu partladı. Dalğaların təsirindən gəmi bir çox yerdən zədələnərək batmağa başlayır. Ekspedisiyanın rəhbəri İvanşintsov da gəmi ilə birgə batır. Lakin dalğa onu sahildəki qayalıqlara çırpır, o isə, öz növbəsində, kəndirdən tutmağı bacararaq sağ qala bilir. Onu sahilə miçman Yasenski çıxarır. Gəminin komandiri leytenant Poskoçin, leytenant Koşkul, leytenant Simonov isə dünyalarını dəyişirlər. Onlarla birgə ekspedisiyanın bütün araşdırmaları və qeydləri də məhv olur. Gecə ilə ağır yaralılar arabalarla Şüvəlan kəndinə aparılırlar. Ekspedisiyanın bütün zabit və aşağı rütbəli üzvləri ehtiyatda olan zabit Abdulla Axundovun evində yerləşirlər. O isə, öz növbəsində, yerli hakimiyyət orqanlarının köməyi ilə qəzadan zərər çəkənləri isti geyim və yeməklə təmin edir. Sentyabrın 15-də gəminin batdığı yerə Bakı Dəniz Stansiyasının komandiri birincidərəcəli kapitan K. Freyqanq və qəza rəisi L. Piqulevski gəlirlər. Sentyabrın 16-da isə bütün yaralılar Bakıya aparılırlar. Bir gün sonra isə komandanın digər üzvləri də buraya gəlirlər. Həştərxan limanının və Xəzər Dəniz Gəmiçiliyinin komandiri kontr-admiral Vulf qəzanın araşdırılması üçün yaradılmış komissiyaya rəhbərlik edir. Araşdırmalar nəticəsində məlum olur ki, gəmi heyətin səhvi ucbatından deyil, havanın gözlənilmədən pisləşməsi, güclü duman və Şüvəlan burnu ətrafında olan və heç bir xəritədə qeyd edilməyən sualtı riflərə görə qəzaya uğrayıb.[2]
Qəzadan sonra Xəzər ekspedisiyası İvanşintsovun rəhbərliyi ilə 1867-ci ilə qədər davam edir. O, ilk dəfə sahil xətlərinin dəyişmə səbəblərini, axınların xüsusiyyətlərini, Xəzərdə adaların itməsini və ya yaranmasını izah etmişdir. Onun rəhbərliyi ilə Xəzərdə 61 astronomik nöqtə təyin edilir, ilk dəfə 900 metrdən dərin yerlər aşkar edilir, suyun torpaq qatının nümunələri götürülür. Araşdırmalarından 20 il sonra Xəzər dənizinin atlası, sonradan isə Xəzərin dərinliklər xəritəsi çap edilir.[2]
Qəzada dünyasını dəyişənlərin çoxu qəzanın baş verdiyi yerə yaxın qardaşlıq məzarlığında dəfn edilirlər. Məzarlığın üzərinə isə sadə bir abidə qoyulur. 1887-ci il noyabrın 30-da buranı ziyarət edən 2-ci dərəcəli kapitan P. Orlov abidəni acınacaqlı vəziyyətdə görür. Buna görə də abidənin bərpası üçün pul yığmağı düşünür. Bu təklif knyaz L. Uxtomski tərəfindən də yaxşı qarşılanır. Və Orlov Xəzər dənizçilərindən yeni abidənin qoyulması üçün pul yığmağa başlayır. 1887-ci ilin dekabrın 15-dən 1889-cu ilin avqustun 23-nə qədər abidənin qoyulması üçün 124 nəfər tərəfindən ümumilikdə 277 rubl 74 qəpik ianə edilir. 1889-cu ildə qoyulmuş abidənin müəllifi İohan Edeldir.[2][3]
Sovet işğalından sonra da abidə baxımsız qalır. Üzərindəki xaç götürülür. Yalnız müstəqillikdən sonra 2005-ci ildə abidə Qələbə Gününün 60 illiyi münasibətilə restavrasiya edilir.[2]