Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır.
Çökək hamam | |
---|---|
40°40′38″ şm. e. 46°21′29″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah İsmayıl Xətai pr.[1] |
Aidiyyatı | Səfəvilər imperiyası |
Memar | Şeyx Bəhaəddin |
Sifarişçi | I Abbas |
Tikilmə tarixi | 1606 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 3870 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir.[2] 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir.[3][4]
Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb.[5]
Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır. Qışda burada çox isti, yayda isə sərin olurdu.[6] Hamam odunla qızdırılırdı. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Dörd yüz illik tarixi olan bu sistem 1963-cü ilədək mükəmməl işləyib.[5]
Hamamın "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır.[7] Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılmasını təmin edirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılır.[8]
2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu aldı və UNESCO tərəfindən mühafizə olunur.[5][6]
Abidə 2013-cü ildə təmir olunub. Restavrasiya zamanı tarixi orijinallıq saxlanılmasına çalışılmışdır. Bərpa işləri köhnə kərpiçlə aparılıb. Eyni zamanda daxildən suların hamama daxil olmaması üçün izolyasiya işləri aparılıb.[7]
Abidənin erroziyaya uğrayan hissələri, həmçinin dam örtüyü, demək olar ki, yenidən bərpa olunub. Restavrasiya zamanı qədimdə istifadə edilən tikinti materiallarının oxşarından istifadə edilib.[7]