Çəmən güllücəsi

Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.

Çəmən güllücəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir. Paxlası qısa xətli-neştərvaridir, uzunluğu 2-3 sm, eni 4–6 mm-dir, qaramtıl, çılpaq, uzununa çəpinə damar şəbəkəsindən ibarətdir, 6-10 toxumludur. Toxumları qeyri-bərabər dəyirmi, çılpaq, bir qədər parlaq, qırmızımtıl-qonur rənglidir, tünd ləkələri vardır. (May) İyun-iyul (avqust) aylarında çiçəkləyir, avqust ayında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında. Bütün meşəli rayonlarda və dağ çəmənlərində (2000–2500 m-ə qədər d.s.y.)

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, meşə kənarında, bağlarda, dağ çəmənlərində, əkin və zəmilərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Balverən bitkidir, dərman əhəmiyyəti vardır, toxumları quşlar tərəfindən yeyilir. Bitkidə tərkibi məlum olmayan acı maddə vardır, heyvanlar tərəfindən yaxşı yeyilmir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 733.