Çapıqlı alopesiya (ing. Scarring alopecia) çapıqların əmələ gəlməsi ilə müşayiət olunan alopesiyanın bir növüdür. Çapıqsız alopesiyadan öz xüsusiyyətlərinə görə kəskin fərqlənir.[1]
Çapıqlı alopesiya | |
---|---|
XBT-10 | L66.9, L66.900 |
XBT-9 | 704.09 |
DiseasesDB | 29593 |
Saç tökülməsinə müxtəlif xəstəliklər səbəb olur. Bu zaman saç follikulları məhv olur və onların yerlərində çapıq toxumaları formalaşır. Xəstəlik özünü müxtəlif şəkillərdə göstərir. Belə ki, bəzi hallarda saç tökülməsi heç bir simptom olmadan baş verir və ona görə də insan buna çox diqqət yetirmir.[2][3] Xəstəliyin şiddətli simptomlarla özünü göstərdiyi hallar da mövcuddur. Bu simptomlar şiddətli qaşınma, yanma, ağrı ilə müşayiət olunur və sürətlə inkişaf edir.[4] Follikulu məhv edən iltihab dərinin üst qatının altında yerləşir və adətən "çapıq" özü baş dərisində görünmür. Təsirə məruz qalan ərazilərdə iltihablanma və ya qızartı, soyulma, piqmentasiyanın artması və ya azalması kimi əlamətlər görmək olar. Çapıqlı saç tökülməsi hər yaşdan olan insanlar arasında yayılmışdır. Bütün ölkələrdə bu xəstəliyə rast gəlinir.
Xəstəliyin müalicəyə cavab verdiyini və müalicə dayandırıldıqdan sonra təkrarlanmamasını təmin etmək üçün xəstəliyin simptomlarına və əlamətlərinə nəzarət etmək vacibdir. Müalicənin müsbət effekt verdiyini qaşınma, ağrı, həssaslıq və ya yanma kimi simptomların aradan qaldırılması ilə müəyyən etmək olar. Müalicə zamanı qızartıların azalması, yaraların qabıqlanması, saç tökülməsinin dayandırılması və ya yavaşlaması kimi baş dərisinin iltihabı əlamətlərində də azalma müşahidə olunmalıdır. Dermatoloq bu təlimatlardan və saç çəkmə testindən istifadə edərək dəyişiklikləri izləyə və çapıqlı alopesiyaya nəzarət edə bilər. Baş dərisinin fotoşəkillərinin çəkilməsi xəstəliyin gedişatını və müalicəyə reaksiyanı izləmək üçün vacibdir.[5]
Çapıqlı alopesiyanın səbəbləri elmə tam da aydın deyildir. Lakin, müəyyən edilmişdir ki, çapıqlı alopesiyanın bütün formaları kök hüceyrələrinin və yağ bezlərinin yerləşdiyi saç follikulunun yuxarı hissəsinə yönəldilmiş iltihabla əlaqələndirilir. Kök hüceyrələr və yağ vəziləri məhv olanda saç follikulları bərpa oluna bilmirlər. Bu isə öz növbəsində saç tökülməsinə səbəb olur.[6]
Çapıqlı alopesiya yoluxucu xəstəlik hesab olunmur. Digər xəstəliklərin müşahidə olunmadığı sağlam insanlarda da çapıqlı alopesiyaya rast gəlmək olar.[7]
Çapıqlı alopesiya həm kişilər, həm də qadınlar arasında geniş yayılmışdır. Bütün növ yaş qrupları arasında rast gəlmək mümkündür.[8] Çapıqlı alopesiya genetik yolla ötürülmüyən bir xəstəlikdir. Mərkəzi çapıqlı alopesiya istisnalıq təşkil edərək əsasən, Afrika əsilli qadınlara təsir göstərir və eyni ailədə bir neçə qadında bu xəstəliyə rast gəlmək mümkündür. Çapıqsız saç tökülməsinin çapıqlı saç tökülməsinə çevrilməsi mümkün deyildir.[9]
Çapıqlı alopesiya diaqnozunun qoyulması üçün baş dərisinin biopsiyasını etmək vacib hesab edilir. Baş dərisinin biopsiyası nəticəsində iltihabın növünü, yerini, aktivlik dərəcəsini və baş dərisindəki digər dəyişiklikləri müəyyən etmək və müvafiq müalicəni seçmək olur.[10]
Baş dərisinin vəziyyəti qiymətləndirilməlidir. Dərinin qaşınması, yanması və ya ağrıması xəstəliyin yayıldığını göstərir. Baş dərisinin iltihabının əlamətlərinə qızartı, qabıqlanma daxildir. Ancaq bəzi hallarda simptomlar və ya əlamətlər minimal ola bilər və aktiv iltihab yalnız baş dərisinin biopsiyası ilə aşkar edilə bilər.[11] Diaqnoz zamanı tökülən saçın ümumi miqdarı müəyyən edilir və gələcək müqayisə üçün fotoşəkillər çəkilir. Saçların asanlıqla böyümə mərhələsini təyin etmək üçün "saç yolma" testi aparılır. Yığılan tüklər şüşənin üzərinə qoyulur və saç kökləri mikroskop altında yoxlanılır və onlardan neçəsinin böyüdüyü, neçəsinin isə böyümədiyi müəyyən edilir. Dəridə səpgilər olduğu hallarda, iltihaba kömək edə biləcək mümkün mikroorqanizmləri müəyyən etmək üçün testlər aparılır. Bütün bu tədqiqatların hamısı çapıqlı alopesiya diaqnozunun qoyulması, xəstənin xüsusiyyətlərini müəyyən etmək və terapiya seçmək üçün vacibdir.[12]
Trikoskopiya kimi yeni diaqnostik üsullar da, çapıqlı alopesiyanın qeyri-invaziv differensial diaqnostikasında istifadə olunur.
Çapıqlı alopesiya diaqnozunun qoyulması və müalicəsi çox vaxt çətin bir proses kimi qiymətləndirilir. Bu səbəbdən baş dərisi və saç xəstəlikləri üzrə ixtisaslaşmış, müasir diaqnostika və müalicə üsullarına bələd olan dermatoloq tərəfindən müayinə olunmaq xəstəliyin müalicəsi üçün çox vacibdir.[13]
Çapıqlı alopesiya birincili və ikincili olaraq təsnif edilir. İkincili çapıqlı alopesiyada saç follikulunun zədələnməsi ağır infeksiya, yanıqlar, radiasiya, şişlər və ya travma kimi xarici təsirlər nəticəsində baş verir.[14]
Birincili çapıqlı alopesiya xəstəliyi saç follikulunu zədələyən iltihablı hüceyrələrin növünə görə təsnif edilir. Bu zaman iltihab limfositləri və ya neytrofilləri əhatə edir.[15] Limfositar iltihab nəticəsində yaranan çapıqlı alopesiyalara liken planus, frontal fibrozlanan alopesiya, mərkəzi alopesiyası və Broka psevdopeladesi daxildir. Əsasən neytrofilik iltihab nəticəsində yaranan çapıqlı alopesiyaya dekalvanik follikulit, tufted follikulit və baş dərisinin seboreyası daxildir. İltihabın nötrofil haldan limfositik hala keçdiyini də müşahidə etmək olar.[16] Çapıqlı alopesiya iltihablı infiltrat ilə birlikdə müşahidə edildikdə bunu keloid follikulit adlandırırlar.[17]
Birincili çapıqlı alopesiya limfositlər, neytrofillər və ya qarışıq iltihablı hüceyrələr kimi saç follikullarına zərər verən iltihablı hüceyrələrin üstünlük təşkil etdiyi tipə görə təsnif edilir.[18] Müalicə strategiyaları hər bir alt növ üçün fərqlidir[19]
Çapıqlı alopesiyanın limfositik qrupunun müalicəsi (o cümlədən liken planus, frontal fibrozlu alopesiya, mərkəzi mərkəzdənqaçma alopesiya və Broka psevdopeladesi) antiinflamatuar dərmanların istifadəsi ilə olunur. Müalicənin məqsədi saç follikulunu zədələyən limfositik iltihablı hüceyrələri azaltmaq və ya tamamilə aradan qaldırmaqdır. Ağızdan qəbul edilən dərmanlara hidroksiklorokin, doksisiklin, mikofenolat mofetil, siklosporin və ya kortikosteroidlər aid edilir.[20] Topikal dərmanlardan kortikosteroidlər, takrolimus, pimekrolimus baş dərisinin iltihablı bölgələrinə yeridilə bilər.
Çapıqlı alopesiyanın neytrofil qrupunun müalicəsi (follikulit dekalvans, tufted follikulit) iltihab prosesində daim iştirak edən üstünlük təşkil edən patogen mikrobların aradan qaldırılmasına yönəldilmişdir. Oral yolla qəbul edilən antibiotiklər terapiyanın əsasını təşkil edir. Oral antibiotiklərə əlavə olaraq topikal antibiotiklər də istifadə edilə bilər. Kiçik dozalarda izotretinoinin qəbulu təbəqələşdirici selülitin müalicəsində mühüm əhəmiyyət kəsb edir.[21]
Çapıqlı alopesiyanın qarışıq formalarının (keloid follikulit) müalicəsi antimikrobların, izotretinoinin və antiinflamatuar preparatlarının qəbulundan ibarətdir.[22][23][24] Xəstələrə müalicəyə dermatoloqla müzakirə etdikdən sonra başlamaq tövsiyə olunur. Dermatoloq müalicəyə başlamazdan əvvəl potensial yan təsirləri müzakirə etməli və lazımi laboratoriya testlərini keçirməlidir. Çapıqlı alopesiyanın müalicə kursu adətən uzunmüddətli olur. Müalicə baş dərisinin iltihabının simptomları və əlamətləri nəzarət altına alınana və xəstəliyin inkişafı dayandırılana qədər davam etdirilir. Qaşınma, ağrı, həssaslıq, qızartı, qabıqlanma və yanma kimi simptomlar aradan qaldırılmalı və saç tökülməsi dayandırılmalıdır. Bəzi hallarda çapıqlı alopesiya simptomları bir müddət yoxa çıxsa da, xəstəlik yenidən təkrarlana da bilər. Belə hallarda müalicəyə təkrar başlamaq lazımdır.[25][26] Xəstəliyin iki ildən artıq müddətdə təkrarlanmadığı hallarda baş dərisinin tük tökülən hissələrində tükləri bərpa etmək üçün saç əkimindən istifadə etmək olar. Bu hallarda FUE+FUI, FUT, HFE, FUE MACHINE, DHI kimi üsullarla saç əkimi düşünülə bilər[27]
Follikullar məhv olan yerlərdə yenidən tüklərin çıxması demək olar ki, qeyri-mümkündür. Lakin, müalicə nəticəsində baş dərisindəki digər follikulların məhvinin qarşısını almaq mümkündür. Buna görə də, iltihab prosesini dayandırmaq üçün mümkün qədər erkən müalicəyə başlamaq vacibdir.[28] Məsələn, minoksidil məhlulu (2% və ya 5%) gündə iki dəfə baş dərisinə tətbiq edildikdə, qalan follikulların stimullaşdırılmasında faydalı olur. Saç tökülməsinin inkişafı gözlənilməzdir. Bəzi hallarda xəstəlik yavaş inkişaf edir və bu zaman müalicə daha effektli olur.[29]
Saça qulluq məhsullarından və şampunlardan baş dərisini qıcıqlandırmadığı halda istifadəyə icazə verilir.[30] Saç sancaqlarından, pariklərdən, papaqlardan və şərflərdən istifadə də qadağan edilməmişdir.[31][32]