İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir.
İliç Ramires Sançes | |
---|---|
isp. Ilich Ramírez Sánchez | |
təq. | |
Digər adı | Çaqqal Karlos |
Doğum tarixi | |
Doğum yeri | Mişelena, Taçira, Venesuela |
Vətəndaşlığı | Venesuela |
Həyat yoldaşı | Elba Mariya Sançes |
Təhsili | |
Fəaliyyəti | terrorizm |
Vikianbarda əlaqəli mediafayllar |
1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı. Atasının təkidi ilə İliç sol görüşlü Fermin Toro Lyüsinin məktəbində təhsil alır. Karlos uşaq yaşlarından təhsilə böyük maraq göstərir. O, əsasən ədəbiyyat, fəlsəfə və iqtisadiyyatla maraqlanırdı. Atasının və onun dostlarının təsiri ilə İliç kommunist gənclər təşkilatının sıralarına daxil olur.[1]
15 yaşı olanda Karlos Karakas küçələrində polislə toqquşmalarda birbaşa iştirak edir. İliçin anası siyasi radikalizmin tərəfdarı deyildi. Bu səbəbdən Venesuelada vəziyyətin çətinləşməsi onu övladları ilə birlikdə İngiltərəyə köçməyə məcbur edir.[1]
Karlos atasının təkidi ilə Londondan Moskvaya, universitetdə təhsil almağa yollanır. Burada o, dünyanın müxtəlif ölkələrindən olan tələbələr arasında həmfikirlərini tapır. Onlar arasında Fələstin Xalq Qurtuluş Cəbhəsi üzvləri də var idi.[1]
Ramires Sançes Muhəmməd Budia ilə sıx münasibət qurur. Bu səbəbdən 1970-ci ildə Moskvadan Yaxın Şərqə yollanır. Burada o, Fələstin Xalq Qurtuluş Cəbhəsi sıralarına daxil olur və düşərgələrdən birində təlim keçməyə başlayır. Bu düşərgələr Fələstin üsyançıları tərəfindən yaradılmışdı.[1]
Cəbhədə döyüş fəaliyyəti üçün nəzərdə tutulmuş hərbi hazırlıqdan başqa bu düşərgələrdə şəhər şəraitində əməliyyat planlamaq və həyata keçirmək də öyrədilirdi. Sançes təhsil vaxtı uğur qazandı və onu təşkilatın Avropa üzrə agenti təyin etdilər.[1]
70-ci illərin əvvəlində Sançes Londona qayıdaraq məlumat toplamağa başladı. O, tərtib etdiyi siyahıya Sion təşkilatının önəmli şəxslərinin adını və İsrail tərəfdarlarını daxil edir. Bir neçə il sonra İsrail xüsusi xidmət orqanları Budianı qətlə yetirirlər. Sanços təşkilatın Avropa bölməsinin başçısına çevrilir. "Mark və Spenser" şirkətinin rəhbəri ilk hədəf kimi seçilir. Sui-qəsd uğursuz alınır. İsrail siyasətini səhifələrində dəstəkləyən nəşriyyat orqanlarına qarşı növbəti aksiyalar təşkil edilir. Gecə saatlarında minalanmış bir neçə avtomobil redaksiyanın qarşısında partladılsa da, heç kim xəsarət almır. Oteldə axtarışlar zamanı jurnalistlər Sançesin özü ilə gəzdirdiyi "Çaqqalın günü" romanını tapırlar. Bu müddətdən sonra mətbuat ona Çaqqal ləqəbi verir.[1]
1974-cü ildə Yaponiyanın Qızıl Ordusu Haaqada Fransa səfirliyinə hücum təşkil edir. Qəfil təşkil edilən hücum Hollandiya rəhbərliyinə lazım olan tədbirləri həyata keçirməyə imkan vermir. Səfirliyin demək olar ki, bütün əməkdaşları əsir götürülür. Tezliklə dalana dirənən danışıqlar başlayır. Fransızları güzəştlərə vadar etmək üçün Ramires Sançes Paris kafesində əl qumbarası partladır. Bu hadisədən sonra Fransa hökuməti yaponlarla dialoqa başlayır. Amma bəzi tədqiqatçılar əl qumbarasının məhz Sançes tərəfindən atıldığını təkzib edir.[1]
Çaqqalın növbəti aksiyası Uruqvay diplomatının qətli ilə bağlı olur. Təsdiqlənməyən məlumata əsasən, aksiya Latın Amerikasının radikal qruplaşmasının üzvləri tərəfindən törədilir. 1975-ci ildə İliç Ramires Sançes Avropanın 1 nömrəli terrorçusuna çevrilir. Onun pozucu fəaliyyəti bütün fransız xüsusi xidmət orqanlarını qəfil yaxalayır. Fələstin azadlıq təşkilatının üzvləri İsrail hava şirkətinə məxsus təyyarəni atəşə tuturlar. Hücum uğurlu alınmır. Bir neçə gün sonra analoji terror aktı törədilir. Ramires 3 nəfər silahdaşı ilə gizlənir. Xüsusi xidmət orqanları onları ələ keçirmək üçün fəaliyyətə başlayırlar. Fələstin Xalq Qurtuluş Cəbhəsi liderlərindən biri ələ keçirildikdən sonra ərazi nəzarət idarəsi sol radikalların mərkəzi sayılan evlərdən birinə hücum edir. Sançes tutulsa da, silahını çıxararaq bir neçə xüsusi xidmət orqanı əməkdaşını qətlə yetirərək aradan çıxır.[1]
Çaqqal əsasən Karlos Andree Martines Torres, Hektor Luqo Dyüpon, Senon Mariya Klark, Adolf Xose Müller Bernal, Flik Ramires, Qlenn Gebhard, Əhməd Adil Favaz adlarından istifadə edib.[1]
Sançesin ən səs-küylü terror aktı 19 dekabr tarixinə təsadüf edir. Ramiresin də daxil olduğu 6 nəfərlik kiçik dəstə neft ixracatı ilə məşğul olan dövlətlərin qurultayı keçirilən binanı ələ keçirdilər. 100 nəfər əsir götürüldü. Çaqqal və adamları müxtəlif ölkələrin 11 nazirini və digər şəxsləri bir müddət binada əsir kimi saxladılar. 3 nəfər qətlə yetirildi. Avstriya hökuməti terrorçuların tələbinə əsasən təyyarə verdi və kiçik dəstə Əlcəzairə uçaraq yenidən gizlənməyi bacardı. Bu hadisədən sonra Sançes bir neçə əməliyyat keçirsə də, özü bu əməliyyatlarda iştirak etmir. 1994-cü ildə Fransa xüsusi xidmət orqanları Çaqqalı həbs edir.[1]
Onlar Çaqqalı Sudanda tapdılar. Karlos xəstələnmişdi və müalicə olunurdu. Fransızlar Karlosu xəstəxanadan oğurlayaraq Parisə apardılar.[1]
O, ömürlük həbsə məhkum edilir. Sançes vaxtından əvvəl əfv olunma hüququndan da məhrum edilib.[1]
Çaqqal 1980-ci illərdə Paris və Marseldə bir neçə terror aktında şübhəli bilinirdi. Onun hücumu 11 nəfərin ölümünə səbəb olmuşdu. Fransa hökuməti uzun müddət Çaqqalın bu cinayətlərdə əli olduğunu sübut edə bilmirdi. Amma 1994-cü ildə həbs zamanı prokurorluq Venesuela vətəndaşını məsuliyyətə cəlb edə bildi. Prokuror müttəhim üçün 18 il həbs cəzası tələb etsə də, hakimlər kollegiyası bu cəzanı məqbul saymayaraq, ömürlük həbs cəzası barədə hökm oxudular.[1]
Terrorçu şəxsən 80 nəfərdən çox insan qətlə yetirdiyini etiraf edir.[1]