Roma-Katolik Mariologiyası seriyasından olan məqalələr |
---|
Çenstoxovanın Qara Madonnası (pol. Matka Boska Częstochowska) — Polşanın Çenstoxova şəhərində yerləşən Yasna Qora monastırında Müqəddəs Məryəmin ehtiram simvolu. 9-cu Papa Klementdən başlayaraq bir sıra Roma Papaları onu ehtiram simvolu kimi qəbul ediblər.
Simvol həm Katoliklər, həm də Pravoslavlar tərəfindən qorunur. Polşanın bu simvolu ölkənin əsas məbədi hesab olunur. Qara Madonna simvolu bayram kimi katoliklər tərəfindən avqustun 26-sı, Pravoslavlar tərəfindən isə martın 6-sı qeyd edilir.
Polşada ənənəvi olaraq bu simvolu görmək üçün ziyarətlər təşkil olunur. Ziyarətlər əksərən bir çox ölkələrdə katoliklərin qeyd etdikləri mərasim olan Müqəddəs Məryəmin vəfat etdiyi tarixdə, yəni hər il avqustun 15-də həyata keçirilir. İnamlı Polşa kəndliləri ənənəvi olaraq ziyarətə gələn zəvvarlara pulsuz sığınacaq verirlər.
1.22 m hündürlüyündə olan rəsm əsəri daha çox Şərq Xristianlarının simvolu kimi tanınır. Əsərdə Müqəddəs Məryəm “Odigitriya” ("Yol göstərən biri") kimi göstərilir. Şəkildə Müqəddəs Məryəm diqqəti özündən uzaqlaşdırır, xilas yolu kimi sağ əlini İsaya doğru uzadır. Öz növbəsində isə, uşaq sol əlində Müqəddəs Kitabı tutarkən sağ əlini izləyənləyə doğru uzadır.[1]
Əsərin mənşəyi və yaradılma səbəbi hələ də alimlər arasında mübahisə mövzusudur.[2] Əsərin nə zamana aid olmasını müəyyənləşdirməyin mümkün olmamasının bir səbəbi kimi 1430-cu ildə Husitilərin basqınından sonra orijinalının zədələnməsi nəticəsində onun yenidən rənglənməsi göstərilir. Bu basqınlardan sonra əsərin ilkin versiyasında taxta lövhələr qırıldı və üst qatındakı qalın kətan kəsildi. Risiusa görə, ənənəvi üsullarla tanış olmayan orta əsr rəssamlarının zədələnmiş sahəyə tətbiq etdikləri boya “təsvirdən kənara çıxdı” və beləcə onlar qərara aldılar ki, orijinal əsərin formasını saxlamaqla sadəcə olaraq onu yenidən rəngləsinlər.[1]
Çenstoxovanın Qara Madonnası Polşanın son 600 illik tarixi ilə sıx bağlıdır. Onun tarixi Polşaya gəlişindən sonra bir sıra əfsanələrdə təsvir edilmişdir. Bu əfsanələrdə əsərin orijinalının köçürülməsi göstərilir.[4][5] Eyni əfsanədə qeyd edilir ki, əsər 326-cı ildə Müqəddəs Yelena tərəfindən Yerusəlimdə aşkar edilmişdir və o, əsəri Konstantinopola qaytarmış və burada onu oğluna, I Konstantinə təqdim etmişdir.[6]
Yasna Qorada saxlanılan qədim əlyazmalarda göstərilir ki, əsər Konstantinopola Belzdən gətirilib.[5] Sonunda , o, Opolenin Cəngavəri sayılan I Vladislav Oplenin və Polşanın və Macarıstanın kralı olan I Ludovik Belikinin mülkiyyətinə keçir. Ukran mənbələrində qeyd edilir ki, ilkin vaxtlarda Lev Daniloviçin şərəfinə Belz şəhərinə gətirilib və daha sonralar şəhər Polşa krallığına birləşdirilən zaman Vladislav tərəfindən Belz qalasından götürülüb. Məşhur bir hekayədə nəql olunur ki, 1384-cü ilin avqust ayında Ladislav bu əsərlə Çenstoxovaya keçib. Ona yuxuda agah olmuşdu ki, bu əsəri Yasna Qoraya aparmalıdır.
İncəsənət tarixçiləri qeyd edirlər ki, əsərin Bizansda olan ilkin versiyası 6-9-ci əsrlərdə yaranmışdı. Onlar razılaşırlar ki, Şahzadə Vladislav onu 14-cü əsrdə bu monastra gətirmişdir.[1]