Çində orta təhsil — Çin Xalq Respublikasında mövcud olan orta təhsil sistemi.
Çində orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir.
Bu ölkədə orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.
Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur.
6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər.
Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və fiziki təhsil fənlərindən təşkil olunur. Qəbul balı müxtəlif regionlardan asılı olaraq dəyişə bilər.
Orta təhsilin yuxarı pilləsi X-XII sinifləri əhatə edir. Təhsilin bu pilləsində tədris ili 2 semestrdən, 40 həftədən ibarətdir.
Yuxarı pillədə cari tədris olunan fənlər icbari və seçmə olmaqla iki qrupa bölünür. Akademik kurikuluma Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya, coğrafiya, tarix, siyasət, musiqi, təsviri sənət, fiziki təhsil, texnologiya, kompüter kimi fənlər daxildir. Bəzi məktəblərdə peşəyönümlü fənlər də tədris edilir.
Son illər orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlərin sayı davamlı olaraq artmaqdadır. Məzunlar Ali Təhsilə Qəbul üzrə Milli İmtahanlarda əsasən Çin dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan verirlər.
Orta təhsilin yuxarı pilləsini bitirənlərin çoxunun universitetlərə və peşə məktəblərinə daxil olmalarına baxmayaraq, Çində bu pilləni bitirən hər kəs artıq təhsilli şəxs hesab edilir. Universitetlərin məhdud sayda elan etdiyi yerlərə qəbul olmaq üçün rəqabətin gərginliyini nəzərə alan valideynlər və şagirdlər orta məktəbləri dəqiqliklə seçirlər.
1960-cı ildə ilk dəfə Çində orta təhsil vermək üçün radio və televiziyadan istifadə etməyə başladılar.[1]