Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.[1]
İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya.
Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.
Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir. Lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.[2]
Coğrafi biliklərin inkişafı və Yer kürəsinin öyrənilməsi 4 əsas dövrə bölünür.
İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri, onların təbii-coğrafi şəraitini, təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişdirlər.
Eyni zamanda yaxın ərazilərdə yaşayan tayfa və xalqları tanımaq, onların yaşadığı əraziləri bilmək insanlara daha çox qida toplaması yerlərini müəyyən etmək və tayfalararası toqquşmalardan uzaq olmaq üçün lazım idi. İnsanların sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfa birliklərinin yaranması dövlətlərin formalaşması ilə nəticələndi. Şumer, Misir, Yunanıstan, Roma, Çin və Hindistanda dövlətlərin yaranması daha uzaq ərazilərin öyrənməyə maraq artırdı.
Mesopotamiya ilkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biridir. Dəclə və Fərat çayları arasında məskunlaşan, şumerlər adlanan xalqlar tarix boyu bir neçə dövlət qurmuşdur.
Şumerlərin e.ə XXV əsrə aid gil lövhələr üzərində olan yazıları dövrümüzə qədər gəlib çatmışdır. Bu lövhələrdə balıq pulcuqlarına oxşar simvollarla Livan dağları, mərkəzdə paralel xətlərlə şumerlər üçün mühüm cəhət təyini obyekti olan Fərat çayının orta axarı, Zaqros dağları çəkilir. Dörd cəhətin olması fikri şumerlərə məxsusdur.[3] Qədim Babilistana aid olunan (E.ə V əsr), hazırda Britaniya muzeyində saxlanılan xəritələrin birində şəhərlərin təsvirindən görünür ki, Dünya dairəvi və yastı formadadır. Fərat çayı dağlardan başlayaraq ölkədən keçir və okeana tökülür. Xəritənin mərkəzində Babilistan, həmçinin kənarda Assuriya və Urartu dövlətlərinin adları yazılmış.
Uzaq ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sümüyü və ya papirus üzərində olan və bizə gəlib çatan yazılarda onların hərbi yerləri haqqında məlumatlar vardır. Bu məlumatlarda göstərilir ki, onlar e.ə XXIX əsrdə Suveyş körfəzinə çatmış və Sinay yarımadasına keçmişdir.
I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, Xatşepşut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmən) çatmışdır.
E.ə VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafında dolanaraq geri qayıtmışlar. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.[4]
İndiki İran ərazisində qədim dövrlərdə mövcud olmuş Əhəmənilər imperiyası böyük gücə malik idi. Böyük II Kirin hakimiyyəti dövründə (e.ə 558-e.ə 530) İran, Midiya, Lidiya, Kiçik Asiyada olan yunan şəhərləri, Mesopotomiya, o cümlədən Babilistan, Mərkəzi Asiyanın çox hissəsi, Qafqaz onun tabeliyində olmuşdur.
I Dara dövründə (e.ə 522-e.ə 486) farslar Pamir yaylası (qədim fars dilində Pa-i-maxr-Günəş allahı olan Mitra damı), Fərqanə vadisi, Amudərya çayının yuxarı axarı, Hind çayının sağ sahillərindəki əraziləri tanıyırdılar.
I Daranın dövründə olan yürüşlər və zəfər qazandıqları ölkələr haqqında məşhur Bisutun yazıları qalmışdır.
Farsların məlumatları əsasında Heradot yazır: "Xəzər daxili su hövzəsidir, heç bir dənizlə əlaqəli deyildir. Onun uzunluğu avarlı gəmidə 15 günlük, eni ən geniş yerdə 8 günlük yoldur".[5]
Finikiya dənizçiləri Aralıq dənizi sahillərini öyrənmiş, ilk dəfə Cəbəllütariq boğazından Atlantik okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar.
Bəzi məlumatlarda finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda görmüşlər.[6][7]
Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində saxlanır. Hindlilərin ən qədim salnaməsi olan Riqveda kitabında (Himinlərin elmi) poetik formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur.
Müqəddəs himinlər toplusu olan Vedalar kitabında "Bxavana darza" (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun təsvirinə həsr edilmişdir. Mahabharataın altıncı kitabının "Coğrafiya" bölməsində olan 300 şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var. Ramayana kitabında b.e.ə III əsrdə hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.[8]
Qədim Çin coğrafiyanın inkişaf etdiyi mərkəzlərdən biri olmaqla bərabər, həm də o dövrdə öyrənilən ərazilərin geniş olması, əkinçiliyin yaxşı inkişaf etməsi ilə fərqlənir. Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı enərək Sarı dənizi və Cənubi-Şərqi Çin dənizi sahillərini, Koreya yarımadasını və həmçinin Tayvan adasını kəşf etmişlər.
E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin müəlliflərindən biri olan Çjan-Syan e.ə. 138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın Yeddiçaylıq (Semireçye-rus) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir götürür. On il əsirlikdə qaldıqdan sonra qaçmağa müyəssər olur.
Mərkəzi Tyan-Şanın hündür aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə – Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min km yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-Şan və Pamir, bu dağlardan başlayan və "Qərb dənizinə" – (Aral dənizi) tökülən Amu-Dərya və Sırdərya çayları haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II–I əsrlərin sərhədlərində Böyük İpək yolunun cənub qolu salınmışdır.[9]
Tarixi məlumatlara görə e.ə. XI–VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan "hərbi" xəritədə yollar, çaylar, dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar[10].
Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü ilə birləşdirilirdi. Hər "li" (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə çevirə bilirdi.
Qədim Yunanıstanda və Qədim Roma b.e.ə. I minillikdən eramızın V əsrinə qədər yüksək inkişaf səviyyəsində olmuşdur. Eyni zamanda indiyə qədər gəlib çatan mənbələr göstərir ki, digər elmlərlə yanaşı burada "Coğrafiya" da yüksək inkişaf etmişdir.
B.e.ə XVI–XV əsrlərdə Aralıq və Qara dənizləri birləşdirən Hellesnont (Dardanel) və Bosfor boğazları artıq yunanalara məlum idi. Yunanlar-axeylilər az vaxtda Krit adası da daxil olmaqla ətrafda olan Rodos, Kipr, Evbeya adaları və digər sahilboyu əraziləri öz əsarətlərinə aldılar.
B.e.ə. VIII–V əsrlərdə yunanlar Aralıq dənizinin bütün sahillərinə yayıldılar. Milet şəhərindən olan dənizçilər Nil çayının mənsəbində olarkən onun yunan hərfi deltaya (Δ) oxşadığını nəzərə alaraq bu ərazini Delta adlandırdılar.[11] Yunanlar Qara dənizinin şimal sahillərində və dənizin Qafqaz dağları ilə olan sahillərində 50-dən çox məntəqənin əsasını qoymuşdular.
Qədim Yunanıstanda təbiətşünaslığın əsasını Miletli Fales (b.e.ə. VII əsrin sonu-VI əsrin ortaları) qoymuşdur. O, "üfüq", "üfüqün cəhətləri" terminini ilk dəfə işlətmiş və o vaxtdan coğrafiya xəritələri cəhətlərə əsasən tərtib olunur. İlk belə xəritənin tərtib edilməsi (b.e.ə. 550 il) Falesin şagirdi Aneksimandrın adı ilə bağlıdır. O, "Dünyanın xəritəsi" və "Qlobus" traktatlarını yazmışdır. Miletli coğrafiyaçılar "qitələr" terminindən istifadə edərək "Asiya" və "Avropa"nı ayırmağa başladılar. Aneksimandrın müasiri olan Miletli Hekatey Liviyanı (Afrika) da əlavə qitə kimi ayırmışdır. Hekatey dünyanın yunanalara məlum olan hissəsinin bizə gəlib çatan ilk xəritəsini tərtib etmişdir.[12]
Heradot (b.e.ə. 490–425) özünün "Tarix" kitabında təkcə hadisələr haqqında deyil, həm də gəzdiyi ərazilərin əhalisi, təsərrüfatı, coğrafi təsviri haqqında da məlumat verir.
Yerin kürə şəklində olması əvvəlcə b.e.ə. VI əsrdə Pifaqor, sonra Eleyadan olan Parmenid (b.e.ə. V–IV əsrlər) tərəfindən irəli sürülmüşdür. Bu fikirlər faktlarla təsdiq edilmirdi. Pifaqorun fikrinə görə kürə ideal formadır. Ona görə ilahi qüvvə bütün göy cisimlərinə belə ideal forma vermişdir.[13]
Yerin kürə şəklində olmasını Stargirdən olan məşhur filosof Aristotel və Knidadan olan astronom Evdoks (b.e.ə. IV əsr) sübut etmişdir. Şimaldan cənuba gedərkən ulduzların biri görünür, digəri üfüqdən gözdən itir. Bunu Yer səthinin əyri olması ilə izah etmək olar. Gəmilər açıq okeanda uzaqlaşdıqca üfüqdə əvvəlcə onların gövdələri, sonra isə tədricən dor ağacları gözdən itir. Aristotel ona diqqət yetirmişdir ki, Ay tutulan zaman Yerin kölgəsi onun üzərində dairəvi görünür, dağlara qalxdıqca üfüqdə görünən ərazilər genişlənir.[14] Coğrafiya terminini ilk dəfə Eratosfen (e.ə. 276-194-cu illər) işlətmişdir. Eratosfeni çox vaxt "Coğrafiyanın atası" adlandırırlar. Alim özünün "Coğrafi qeydlər" kitabında Yerin təsvirini vermiş və məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. O Yerin kürə şəklində olması ideyasını qəbul edərək Misirin İsgəndəriyyə şəhərində ölçmə işləri aparmışdır. Eratosfen Yerin radiusunun 6310 km, 1°-lik meredian qövsünün 110 km olduğunu təyin etmişdir. Enliklərin dərəcələrlə hesablanmasını ilk dəfə Hipparx (b.e.ə 160–125) aparmışdır. O, ilk dəfə meridianı 180 dərcəyə bölmüş, xəritədə dərəcə şəbəkəsi çəkmiş, Yerin məskunlaşma hissəsində 12 iqlim, yəni enlik zonası ayırmışdır.
Antik coğrafiyanın ən mühüm ideyalarından biri Dünya okeanının vahidliyi haqqındadır. Bu fikiri ilk dəfə Aristotel söyləmiş, sonra Eratosfen tərəfindən inkişaf etdirilmişdir. O, deyirdi ki, "əgər Atlantik okeanının geniş suları mane olmasa, eyni paralel üzrə İberiyadan (Priney yarımadası) Hindistana üzüb keçmək olar". Bu dövrdə Cənubda olan torpaq sahələri Terra Australis İncognita (Naməlum Cənub Torpaqları) adlanmış və 1,5 min ilə yaxın sirr olaraq qalmışdır.[15]
Qədim Romada bir neçə iri həcimli "Coğrafiya" kitabları yazılmışdır. Bu kitablar hazırda da öz əhəmiyyətini saxlayırlar. Bu kitablardan birinin müəllifi olan Strabon (b.e.ə. 63-b.e 24) iki eranın qovşağında yaşamışdır.
Strabon varlı və məşhur ailədən idi, yaxşı təhsil almışdı. Kiçik Asiyada yerləşən Amasiyadan olan Strabonun "Coğrafiya" əsəri 17 kitabdan ibarətdir. "Coğrafiya" ilə yanaşı "Tarixi qeydlər" kimi fundamental əsərlər yaratmışdır. İkinci əsər dövrümüzə gəlib çatmamışdır. Kitabda Strabon o dövrdə məlum olan bütün ölkələr, onların tarixi, əhalisi, təsərrüfatı haqqında digər mənbələrdə olmayan məlumatlar verir.
Strabonun bu kitabında ilk dəfə Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumat verilir.
Eramızın II əsrində Misirdə İsgəndəriyyə şəhərində yaşamış yunan alimi Klavdi Ptolemey (90–160) öz dövrü üçün fundamental əsər sayılan "Coğrafiya" kitabını yazmışdır. Kitab bir çox əsrlər boyu, yəni "İntibah" dövrünə qədər ölkələr və regionlar haqqında zəngin məlumat mənbəyi kimi istifadə etmişdir. Kitab 8 hissədən ibarətdir. Ptolemey həm də Dünya xəritəsini tərtib etmişdir. Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya – Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur. Ptolomeyin xəritəsində dünyanın bir neçə ölkələrdən ibarət olduğu görünür.[16]
Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.
Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb Xilafətinin yaranması ərəblərin Ərəbistan yarımadasından bütün Yaxın və Orta Şərq ölkələrinə, Mərkəzi Asiyaya, Şimali Afrika və Cənubi Avropaya yayılmasına imkan vermişdir. VIII–IX əsrlərdə Ərəb Xilafətində elm və mədəniyyət yüksək inkişaf səviyyəsinə çatmışdır. IX əsrdə İbn Xordadbəy (820–912) ərəbcə "Yollar və məmləkətlər haqqında kitab" əsərinin yazmışdır. Əsərin əsas məzmununu Bağdaddan şimala, Mərkəzi Asiyaya qədər və cənubdan-Hindistana qədər yolların təsviri təşkil edir. X əsrin məşhur səyyahı İbn Fadlan Volqa boyunda yaşayan bulqarlar və peçneqler, Qara dənizin şimalında yaşayan xalqlar haqqında zəngin məlumatlar verilmişdir.
Xərəzim şəhərində anadan olmuş Əbu-Reyhan Biruni (973–1048) "Astronomiya və ulduzlar haqqında Məsud Cədvəli" kitabında coğrafi koordinatların təyin edilməsi üsullarını izah etmiş, 600-dən çox yaşayış məntəqəsinin enlik və uzunluq koordinatını vermişdir. Əl-Biruninin "Hindistan", "İranın icmalı" əsərləri böyük maraq və əhəmiyyət kəsb edir. Əl-Biruni diametri 5 m olan qlobus hazırlamış,1°-lik qövsün uzunluğunu (111,6 km), Yerin meridian çevrəsinin uzunluğunu hesablamış (41500 km), onun Günəş ətrafında fırlanmasını söyləmişdir. O, Yerin fırlanma oxunun 29°34’ olduğunu müəyyən etmişdir. Nəsrəddin Tusi (1201–1274) 1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. N.Tusi "Zic-Elxani" əsərində yaşadığı dövrdə məlum olan 256 şəhərin coğrafi kordinatlarını göstərmişdir. Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında Əbdülrrəşid Bakuvinin də adını çəkmək olar. Bakuvi Yeri 7 iqlim qurşağına bölmüşdür. O, Azərbaycan və onun şəhərləri haqqında da məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlim qurşaqlarına aid edir. XVI əsrdə məşhur türk dənizçisi Piri Rəis Atlantik okeanının Afrika sahillərində üzmüş,1513-ci ildə Atlantik okeanın dəqiq topoqrafik xəritəsini tərtib etmişdir.
Yeni dövrün ilk əsrləri (XV–XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli yüksəlişi ilə xarakterizə olunurdu.Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki – Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.
Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.
Hindistana yol axtaran Diaş Bartolomeu (1450–1500) ilk dəfə 1487–1488-ci illərdə Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan Hind okeanına çıxır. Lakin güclü fırtınalar onun gəmilərini əldən elə salır ki, o, həmin burnu "Fırtına burnu" adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan "Fırtına burnu"nu "Ümüd burnu" adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi.
Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492–1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
Onun ikinci səyahəti (1493–1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü). Üçüncü səyahəti (1498–1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.
Kolumb Cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi.
Dördüncü səyahəti zamanı (1502–1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır.
Varlı İspan gəmi sahibləri 1499–1500-cü illərdə Ameriqo Vespuççinin iştirakı ilə cənubi Amerikaya dörd ekspedisiya təşkil edirlər. Onlar 700–800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər.
1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469–1524) başçılığı altında Hindistana ekspedisiya göndərir. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş-qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dünya ticarəti tarixində də önəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.
Fernan Magellan (1480–1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.
Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.
Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş "Ost-İndiya Hollandiya şirkəti" bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı dənizçilər Avstraliyanın "Yeni Hollandiya" sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir.[17]
On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə İngiltərə xeyli güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir.
Ceyms Kuk (1728–1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq Kuk ilk dəfə Okeaniyanı dünyaya tanıdanlardan olmuşdur.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
1819–1821-ci illərdə Rusiya dövləti F. F. Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk dəfə yaxınlaşdığı gün-28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı materiki artıq kəşf olunmuşdur.
XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir. Amerikalı Robert Piri (1856–1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur.
Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868–1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.
Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.
XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimləri misal göstərmək olar.
XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769–1859) olmuşdur. O, coğrafiya elminə Cənubi və Şimali Amerika, Mərkəzi Asiya, Ural, Altay ölkəsi və dünyanın başqa rayonlarına səyahət etməklə dərin elmi müşahidələr aparmaqla gəlmişdir. Həyata keçirdiyi iri elmi ekspedisiyalarda çoxlu məlumatlar toplamış, yol qeydləri aparmış və sonra bu məlumatları sintez edərək qiymətli elmi əsərlər yazmışdır. Onun qələmindən 600-dən artıq coğrafiyanın müxtəlif sahələrini əhatə edən qiymətli əsərlər çıxmışdır. Bu əsərlərin çoxu sanballı monoqrafiyalar və elmi kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə aid 4 cildlik əsərlər nəşr etdirmişdir.[18]
Klassik coğrafiyanın ikinci böyük nümayəndəsi A.Humboltun müasiri Karl Ritter (1779–1859) olmuşdur. Müqayisəli coğrafiyanın tərəfdarı olan Karl Ritter dərin bilikli, geniş dünyagörüşlü alim idi. Almaniyada Berlin universitetinin ilk coğrafiya kafedrasını təşkil etmiş və onun professoru olmuşdur. Onun dərin mənalı, maraqlı mühazirələrini bir çox görkəmli alimlər – isveçrəli A.Qyuye, fransız Elize Reklü, rus Pyotr Semyenov-Tyanşanski və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, zəngin coğrafi və fəlsəfi ədəbiyyatdan istifadə edərək, çoxlu əsərlər yazmışdır. Bu əsərlər sırasında 19 cildlik "Təbiətə və insan tarixinə aid yerşünaslıq və ya ümumi müqayisəli coğrafiya" adlı əsəri də var. Əsər böyük həcmli olsa da, oradakı mülahizələr Afrikaya və Avropanın bir hissəsinə aid materiallar üzərində qurulmuşdur. Ritterin nəzəri coğrafi görüşləri müqayisəli yerşünaslıq ideyası bu kitabda öz əksini tapmışdır.
Klassik coğrafiyanın görkəmli nümayəndələrindən biri də alman mülkədarı, ilk sahə modelinin yaradıcısı İohann Tünen (1783–1850) olmuşdur. O, kənd təsərrüfatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk sxem tərtib etmiş, "Təcrid olunmuş dövlət" (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O, kənd təsərrüfatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların münbitliyini və bitkilərin xüsusiyyətlərini, 3) bazar qiymətləri ilə müqayisədə nəqliyyat xərclərini əsas götürmüşdür.
Hacı Zeynalabdin Şirvani (1780–1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı "Cənnət bağı səyahətləri" , "Səyahət bağı" əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır. Abbasqulu ağa Bakıxanov (1794–1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, "Qəribə kəşflər" əsərini Amerika qitəsinin kəşf olunmasına – ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.
İsmayıl bəy Qutqaşınlının (1806–1861) Məkkə səfərini əks etdirən "Səfərnamə" adlı əsəri coğrafiya baxımdan qiymətlidir. Görkəmli maarifçi, təbiətşünas alım Həsən bəy Zərdabinin (1842–1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.
Qafur Rəşad Mirzəzadə (1884–1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun "Qafqaz coğrafiyası", "Ümumi coğrafiya", "Azərbaycan coğrafiyası", "Coğrafiya terminləri lüğəti", "Ümumi fiziki coğrafiya" adlı əsərləri respublikamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.
Məhəmmədhəsən Baharlı (1896–1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə "Azərbaycan" kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur. Respublikamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycan Respublikasında Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublikamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir.[19]
Hazırda coğrafiyanın əsas vəzifəsi coğrafi proqnozlar verməkdir. Coğrafi proqnozlar əvvəlki tədqiqatların nəticələrinə əsaslanaraq gələcəkdə (yaxın zamanda) baş verəcək coğrafi hadisələrin düzgün olaraq göstərilməsidir. Coğrafiya təbii ehtiyatlardan istifadə edilməsi və onların mühafizə yollarını müəyyənləşdirir.
Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:
1.Fiziki coğrafiya (təbiət elimləri). Fiziki coğrafiya özündə bir çox elmləri birləşdirir.
2.İqtisadi və sosial coğrafiya (ictimai elmlər). Əhalini, sənayeni, kənd təsərrüfatını, nəqliyyatı, müxtəlif xidmət sahələrini və s.tədqiq edən elmlərə ayrılır.
3.Kartoqrafiya (texniki elmlər)-Çox vaxt Xəritəşünaslıq adlanan bu sahə aşağıda ki, elmlərlə sıx əlaqəlidir.
Coğrafiyanın tədqiqat sahəsi, coğrafi mühitdə baş verən ümumi qanunauyğunları, tərkibini, onun inkişaf dinamikasını və ərazi üzrə differensiasiyasını öyrənməkdən ibarətdir. Coğrafiyanın tədqiqat metodları bunlardır:
Göstərilən metodlarla yanaşı, bütün fiziki – coğrafi tədqiqatlar üç mərhələdə aparılır:
Coğrafiya ilə yanaşı bir çox elimlər Yer kürəsini öyrənir. Buraya geologiya, geofizika, geokimya, biologiya və s.daxildir. Bundan başqa coğrafiyanın yuxarıda göstərilən sahələri ayrı-ayrılıqda bir çox elmlərlə sıx əlaqəlidir. Coğrafiyaya ən yaxın elm sahəsi geologiyadır. Fiziki coğrafiyanın fizika, kimya, astronomiya və riyaziyyatla müxtəlif mövzularda bağlılığı var. Coğrafiyanın ekologiya və biologiya ilə ortaq sahələri var. Məsələn bitkilərin və heyvanların yayılmasını öyrənən elm sahəsi var: Biocoğrafiya. Buraya zoocoğrafiya və bitki coğrafiyası sahələri daxildir. Ekologiya elmi zatən hər bir sahədə coğrafiya ilə sıx bağlantıya malikdir.
İqtisadi və sosial coğrafiya ilk növbədə iqtisadiyyat və sosiologiya elmləri ilə əlaqəlidir. Bundan başqa ictimai elmlərdən tarix,toponimika, politologiya (siyası elm), etnologiya iqtisadi və sosial coğrafiya ilə əlaqəlidir.[21][22][23]
Zaman keçdikcə coğrafiya elminin sferasından bir-çox müstəqil elmlər meydana gəldi: