Çingiz Abdullayev (1929, Laçın rayonu – bilinmir, Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir.
Çingiz Abdullayev | |
---|---|
Çingiz Mirzağa oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu |
Vəfat tarixi | ? |
Vəfat yeri | Bern, İsveçrə |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1947–1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır.
Özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür. Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar və institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.
Bütün çətinliklərə və sıxıntılara baxmayaraq ən çox inandığı və əlaqə saxladığı Cahid Hilaloğlu olur. Hər ikisi başa düşür ki, SSRİ-də azad fikirlilərə yer yoxdur. Azərbaycanın azadlığı uğrunda mübarizəni onun sərhədlərindən kənarda aparmaq lazımdır. Bunun üçün ən münasib yer isə Türkiyədir. Çünki Azərbaycanlı mühacirlər, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri də orada idilər. İstintaq materiallarında mühacirlər arasında Çingizin yaxın qohumu olduğu göstərilsə də onun kimliyini hələ də müəyyənləşdirə bilməmişik.
1956-cı ilin əvvəllərində Çingiz Abdullayevlə C. Hilaloğlunun Lerik rayonunun sərhəd kəndlərinin birində işə düzəlmək planının arxasında oradan İrana, İrandan da Türkiyəyə keçmək dururdu. Planlarının reallaşmasına elə bil lap az qalmışdı. Çünkü Azərbaycan Mədəniyyət Nazirliyi onların Lerikə işləməyə getmələrini rəğbətlə qarşılamışdı. Lakin Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə işləri ləngiyir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Arxangelskidən xariçi ölkələrə işləyən yük gəmilirinə işçi axtardıqlarını görüb Cahidə zəng vurur. Onu Moskvaya dəvət edir ki, birlikdə Arxangelskə gedib yük gəmilərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər. Çingiz bunu xariçə keçməyin daha asan və rahat yolu hesab edir.
Cahid sənədlərini hazırlayıb Moskvaya yola düşənədək Çingiz orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonraya, yəni 1956-cı il mayın 8-ə təyin olinmuş görüşə N. Devis deyil, səfirliyin hərbi atteşesi Frenk gəlir. Onunla səfirliyin maşınında söhbət edirlər. Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün vaxt və yer müəyyənləşdirirlər. Lakin bu görüş baş tutmur. Çingiz 1956-cı ilin 9 mayında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. Elə həmin gün onu DTK generalı Serov dindirir və səhərisi gün Moskva şəhər məhkəməsi Ç. M. Abdullayevi RSFSR CM 19–58 maddənin 1 hissəsinin a bəndilə tüfeylilikdə-yəni işsiz gəzməkdə ittihm edib həbsxanaya atırlar. Çingiz ona verilən yalancı ittihamla razılaşmır. 1956-cı ilin oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb RSFSR CM 58–10 maddəsinin 1 hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə və azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cəzalandırırlar. Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur.
Çingizin həyat eşqi, mübarizə əzmi sönmür. O, həbsxanadan SSRİ Ali Məhkəməsinə, ədliyyə nazirliyinə ərizələr yollayır. RSFSR Ədliyyə Naziri Boldirevə yazır: "Məni yazdığım vərəqlərdə SSRİ-nin bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağrışıma görə ittiham edirdilər. Mən bəyan etməyə məcburam ki, bu "məhkəmə iclası" teatr tamaşasına oxşayır. Burada marionet hakim hətta məni son sözdən də məhrum etmişdir. Çünki son sözdə mən onların sifətlərindən maskalarını çıxaracaq, iç üzlərini açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduqlarını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi olduğunu açıqlayacaq və respublikalarda BMT-nin nəzarəti altında azad seçukilər keçirilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qanunları kobudcasına pozaraq, ən elementar qaydaları tapdalayaraq mənə son söz vermədilər.
Çünki SSRİ-nin bütün məhkəmə və prokurorluq orqanları yuxarıların göstərişi ilə işləyir, mənim buna heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi aprelin 5–7-də Tbilisidə və bütün Gürcüstanda çoxsaylı nümauişlər keçirilmiş. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qadın və qoca iştirak etmişdir. Onlar əllərində şüar tutaraq öz müstəqilliyi və azadlıqlarını, burada BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.
Lakin imperator-diktator Rusiya, bütün Polşanın və Finlandiyanın ağası "qarğıdalı generalı" Nikita Xuruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların üstünə tanklarla hücüm edərək, onları güllələmiş və çoxlarını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da belə ədalətsizliklər edilmişdir. Xeyli ginahsız adam qanunsuz həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Azərbaycanın, Gürcüstanın və başqa respublikaların vəziyyətindən bəhs edən məruzə ilə çıxış etmək istəyirəm. Məqsədim odur ki, BMT Baş Assambleyasının növbəti sessiyasında respublikalarda azad seçkilər keçirilməsi haqqında qərar qəbul olunsun. Xatırladaq ki, Rusiya 1917-ci ilin 16 noyabrında imzaladığı deklorasiyasında Sovet hakimiyyəti tərəfindən bütün dünyaya elan etmişdir ki, yeni yaranmış sosialist, çoxmillətli dövlətin əsasını aşağıdakı demokratik prinsiplər təşkil edir: Rusiyada yaşayan bütün xalqların süverenliyi və bərabərliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ, millətlərin Rusiyadan ayrılıb öz dövlətlərini qurması və s. Bu prinsiplər 1922-ci ilin dekabrında Xalq Komissarlar Şurasını sədri V. İ. Leninin təklifi ilə SSRİ-də öz əksini tapmışdır. Lenin öz əsərində bildirir ki, millətlər ittifaqı könüllü surətdə yaranır, hər bir dövlət öz istəyilə başqa dövlətdən ayrıla bilər. Belə bir sual meydana çıxır: bu təcavüzkar kommunist rənbərliyi və SSRİ hökuməti Leninin vəsiyyətini yerinə yetirirmi? Əlbəttə yox! Bu təcavüzkar, qaniçən, fırıldaqsı kommunistlər dünya içtimaiyyətini çaşqın salaraq hər yerdə biz "Leninin yolu ilə gedirik" deyirlər. Əgər onlar Leninin yolu ilə gedirlərsə, bəs nə üçün onlar Azərbaycan və gürcü xalqlarının qanuni tələblərini yerinə yetirmir, əksinə kobud və vəhşicəsinə onların hüquqlarını tapdalayırlar?
SSRİ Konsitutusiyası ilə hər bir vətandaş SSRİ- də yaşamaqdan imtina edib xarici ölkəyə gedə bilər. Bəs nə üçün SSRİ-nin təcavüzkar hökuməti konstitusiyadan yazılınlırın həyata keçməsinə imkan vermir? Əgər bunun həyata keçməsinə imkan verməyəcəksə onda nə üçün bu maddə konstitusiyadan çıxarılmır? Görünür bu, vicdansız kommunistlərə dünya içtimaiyyətini çaşğınlığa salmaq üçün lazımdır. Qəzetlərdə yazılmışdır ki, Kiprdə yunan gənclərinin nümaişi zamanı İngilis hökuməti bir tələbəni öldürmüşdür, bu da Sovet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, görəsən Azərbaycanda və Gürcüstanda baş vermiş hadisələr- dinc nümayişçilərin güllələnməsi və s.qanlı divanlar hansı miqyasda Sovet və dünya içtimaiyyətinin hiddətinə səbəb olmalıdır. Mən bütün bunların hamısını DTK- dan olan Serova danışdım. O, isə bu fikirlərimə görə məni azı 10 il azadlıqdan məhrum etdirəcəyini bildirdi.
SSRİ hökuməti hər yerdə car çəkir ki, bizdə mətbuat və söz azadlığı var. Lakin hər bir xırda tənqid üsün milyonlarla insanı həbsxanalarda və islah əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində elə qanunsuzluq yoxdur.
On üç il kommunist əsarəti altında qalan macar xalqı bu zorakılığa, yalana, aclığa dözməyib 1956-cı ilin oktyabr- noyabr aylarında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan ərazisindən çıxarılmasını, bir sözlə öz azadlıqlarını və müstəqilliklərini, yeni hökumətlərini qurmalarını istəyirdilər. Bunun müqabilində Sovet hökuməti oraya əlavə qoşun yeritdi, tank və təyyarələrin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələr "əksinqilabi qiyam" adlandırılır. Bəs nə üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələr "xalq azadlıq hərəkatı" adlanır."
Çingiz Abdullayevin RSFSR Ədliyə Naziri Boldırevə yolladığı məktub qurluşun əsaslarını laxladırdı. Ona görə qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi 1957-ci il 13 iyulunda yenidən onun işinə baxır və cəza müddəti 13.06.1957-ci ildən hesablanmaqla 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məhrumetmə ilə cəzalandırılır. Cəza müddəti bir il də artırılır və Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir.
1963-cü ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964-cü ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiaterik Ekspertiza İnstitutuna "müayinəyə" göndərirlər. Bu instita Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəhbərlərindən Feliks Edmondoviç Dzerjinskinin qızı M. F. Talse rəhbərlik edirdi. Onun başçılıq etdiyi komissya 1956-cı ildə Çingiz Abdullayevə "anlaqlı" diaqnozu qoymuşdusa, bu dəfə "anlaşıqsız" hesab edir və SSRİ Daxili İşlər Nazirliyinin Yaroslavl vilayətinin Rıbinski şəhərindəki xüsusi tibbi psixi xəstəxanaya məcburi müalicəyə göndərir. Orada da Çingizin sakit oturmadığını görüb Sçov şəhərindəki xəstəxanaya yollayırlar. İki il yarımlıq "müalicə"dən sonra 1968-ci ilin iyulun 25-də Smolenski vilayətinin Sçov şəhər Xalq Məhkəməsinin qərarıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstəxanasına yollayırlar.
Çingiz Abdullayev xəstəxananın baş həkiminin onunla rəftarından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun illərin "müalicə"si nəticəsində Çingiz gözündə qlakoma, mədəsində və onikibarmaq bağırsağında xora, pankretit xəstəliklərinə tutulur. Elə bu xəstəliklərə görə də həkim komissiyası onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir. Burada tanış olduğu Dissident, onun kimi məcburu "müalicəyə" göndərilmiş Nadir Ağayevə başına gələnləri qısa da olsa yazdırıb onun qohumlarına göndərtdirir.14 il 4 aydan sonra "hümanist" Sovet hüquq orqanları 1970-ci ilin 25 avqustunda onu "müalicəxana-həbsxana"dan azad edirlər.
O, həbsxanadan ikinci qrup əlil kimii azad edildiyi üçün Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikirlərini sərbəst söyləyir, Sovet hökumətinin qəddarlıqlarından danışır. Onu daimi nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağlı pozulduğundan belə danışır.
Bütün bu ağrılara-acılara, təqib və təziqlərə baxmayaraq Çingiz Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Bu məqsədlə Moskva şəhərinə gedir. Çox çətinliklə də olsa 1982-ci ilin 15 sentyabrında milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşaraq həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danışıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu görsələr də onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifayətlənməyib İsveçrədən iki professor da dəvət edirlər. Onlar da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyirlər. Səfirliyin həkimləri onun səhhətini yoxlayıb tam anlaşıqlı olduğu qənaətinə gəlirlər. İsvesdə və başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.
Məsələnin böyüdüyünü görən Sovet tərəfi vəziyyəti nəzarəti altına almaq üçün Çingiz Abdullayevə vəd edir ki, İsveçrə səfirliyindən çıxsın və vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb "Moskva" mehmanxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm də müalicəsi qayğısına qalır.
SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingizin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984-cü ilin 19 oktyabrında DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olub həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da gizlincə təyyarənin gecə reysilə əlləri bağlı, sərnişinlərdən təcrid olunmuş şəkildə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.
Sovetlər Birliyinin çöküşündən sonra Çingiz Abdullayevə nəzarət də azalır. O, yenidən xəstəxanadan buraxılır və İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb, əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. Onun son sorağı 1998-ci ildə Bern şəhərindən gəlmişdir.[1]