Çoğur

Çoğur Azərbaycan Tarixi muzeyi

Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir.

Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İranAnadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir.

Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir.

Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir [1][2].

Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir. Sufilər təkyələrdə çoğur çalardılar. "Ozanlar çıxıb çuxur çalardılar" ifadəsi Orta Əsrlərdə işlənib. [3]

Bu sözün dilimizdə işlənən "çalçağır" ifadəsindən törənməsini və sonralar "çoğur" kimi formalaşmasını da güman etmək olar.

Çanağın üst hissəsi 4 mm qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs rezonansı üçün bir neçə oyuq açılır. Səs düzümü kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir.

Əli Rza Yalçının "Cənubda türkmən çağları" əsərində çoğurun 9 teli, 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır [4].

  1. Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı, 1987, səh. 450.
  2. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
  3. Abbasqulu Nəcəfzadə.Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
  4. "Azərbaycan ənənəvi musiqi atlası - Çoğur". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.