Çuvaşıstan tarixi — Çuvaşıstanın keçmişi.
Volqaboyunda yaşayan türkdilli xalqlardan biri olan çuvaşların tarixinin qədim və erkən orta əsrlər dövrünə aid yazılı mənbə çox azdır. Volqaboyu Rusiya tərəfindən işğal edildikdən sonra çuvaşlar haqqında rus tədqiqatçılarının əsərləri yaranmağa başlayır. Çuvaşların tarixinin yazılması təşəbbüsü N. İ. Aşmarinə mənsubdur[1]. N. İ. Aşmarin arxeoloji faktlar və azsaylı yazılı mənbələr əsasında belə qənaətə gəlmişdir ki, çuvaşların təşəkkülündə qədim türkdilli bulqarlar mühüm yer tutmuşlar[2]. Bu problem sonra P. N. Tretyakov tərəfindən araşdırılmışdır[3]. Volqaboyunda yaşayan türk xalqlarının, o cümlədən çuvaşların IX–X əsrlər tarixi məsələlərinə B. N. Zaxoder də toxunmuşdur[4].
Çuvaşların XVIII əsrə qədər bir əlifbalarının olmaması səbəbindən özləri üçün "Çuvaş" adını nə zamandan etibarən istifadə etdikləri haqqında hər hansı bir məlumat yoxdur. Bunun üçün "Çuvaş" adını digər qaynaqlarda axtarmaq lazımdır.
Bu xalq özü-özünə "çavaş" deyir. Məlumdur ki, türk dillərində "r" səsi, "z" səsinə, "s" və "z" səsləri isə "ş" və "ç" səslərinə keçir. Ona görə "savar" etnominində sonrakı "r" səsinin əvvəlcə "s", sonra da "ş" səsinə keçdiyi ehtimal edilsə, onda güman var ki, "çavaş" etnonimindən törənmişdir.
Sabirlər V əsrdə İtil (Volqa) çayı boyunca Xəzər dənizinə, daha sonra isə bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılmışlar. Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Quzey Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir.[5]
Əvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır: Bulqar, Suvar, Barzula, İskil.
Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır.[6]
Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik (ağ darı, buğda və arpa əkirdilər), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. Xəzər və Aral dənizləri ətrafı, Xarəzm, İran, Misir, Türküstan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. "Bulqari" adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI–XIII əsrlərdə ruslarla savaşlar aparılır.
İdil-Bulqar şəhərləri bunlardır: Suvar, Osal, Tetiş, Cuke-tav, Züye, Kaşan, Kermencük, Kazan.
Çuvaşlar bulqarlarla qohumdurlar.[7] Tədqiqatçılara görə çuvaşlar mənşəcə qədim bulqarlarla əlaqədardır və türkoloji ədəbiyyatda çuvaş dili türk dillərinin bulqar qrupuna daxil edilir.
Lakin onların etnogenezində Finn-Uqor tayfaları (xüsusilə Sibirdə yaşayan marilər) mühüm rol oynamışdır. Rasoniya görə çuvaşların qanında türkdən başqa bir qarışma varsa, bu ancaq fin qanı ola bilər[8]. Bunun nəticəsində çuvaşların dilində türk dilləri üçün xarakterik olmayan fonetik fərqlər meydana gəlmişdi.
Orta Volqaboyu ərazisində yaşayan xalqlardan biri də çuvaşlardır. Çuvaşıstanda son Paleolit, Mezolit, Neolit və Tunc dövrlərinə aid abidələr qalmışdır. Çuvaşıstan ərazisindən Paleolit dövrünə aid məskən qalıqları, Abaşevo mədəniyyəti nümunələri, Volqaboyunda yaşayan bulqarların abidələri aşkar edilmişdir. Neolitin sonundan burada finn-uqor dilli tayfalar yaşayırdılar. Eramızın VII–VIII əsrlərində Orta Volqaboyunda bulqarlar və suvarlar (suvazlar) məskən saldılar. X əsrdə Volqa-Kama Bulqarıstanı yarandı. Bu dövlət XIII əsrin 30-cu illərində monqol-tatarlar tərəfindən işğal olundu və 1241-ci ildə Qızıl Ordaya qatıldı. Bulqarların finn-uqor dilli tayfalarla qarışması nəticəsində XV əsrdə Çuvaş xalqı formalaşdı.[9]
1437–1445-ci illərdə çuvaşlar Kazan xanlığına tabe idilər. 1552-ci ildə isə məcburi surətdə Rus dövlətinə daxil edildilər. XVIII əsrin ortalarında çuvaşlar zorla xristianlaşdırılmaya məruz qaldı.
Tədqiqatçılara görə çuvaşların qədim tarixi haqqında heç bir yazılı mənbə yoxdur. Çuvaşlar haqqında ilk məlumatlar Rusiyanın Volqaboyunu və Sibiri işğal etdikdən sonraya-XVII-XVIII əsrlərə aiddir. Ehtimal olunur ki, çuvaşlar eranın ilk illərindən hun tayfa ittifaqına daxil olan türk tayfaları əsasında formalaşmışdır. Lakin çuvaş dili erkən orta əsrlərdə Finn-Uqor dillərinin, eləcə də bulqar, tatar və başqırd dillərinin təsiri nəticəsində başqa türk dillərindən fərqli əlamətlər kəsb etmişdir.
Rusların Qazanı işğal etdiyi (1551–1552) dövrlərdə yazılan Rus mənbələrində "Çuvaş" adının keçdiyini görürük. Çuvaş adı Rusların Kazanı işğal etmələrindən əvvəl də bəzi qaynaqlarda yazılmışdır.[10] 1548-ci ildə Moskva knyazı Ar çayından Vatkaya keçərkən Karin tatarlarına yazdığı məktublarda "Çuvaş" adı hallanır. 1526-cı ildə Alman Gerbenştayn Moskvanı ikinci dəfə ziyarət edərkən, gördüklərini qələmə alır. Onun latınca yazdığı "Moskva Qeydləri" adlı kitabı 1549-cu ildə nümayiş olunur. Bu kitabda Gerbenştayn Qazan xanlığından da bəhs edir. Qazan xanlığının otuz min hərbçisi içərisində Çuvaş və Çeremislərin ən yaxşı nişancılar olduğunu və özlərinə xas paltarlarla gəzdiklərini qeyd edir.
Rus tarixi mənbələrində 1524-cü ildə Çeremişlərlə Çuvaşların İdil boylarında ruslarla vuruşmaları haqqında danışılır. 1692-ci ildə Lıslov Kazanda köhnə bir eatar sənədi taparaq ozuyur və bu sənədi "Skif tarixi" adlı əsərində qeyd edir. Bu sənəddə 1508-ci ildə Tatar bayramı olduğu, Kazan xanının bütün ətrafını bayrama dəvət etdiyi və Çuvaşların du bu bayrama qatıldıqları barədə yazılır.[11]
Çar Rusyasıyla birləşən Çuvaşlar bu dəfə də zorla xristianlaşdırılmaq və ruslaşdırılmaq siyasətiylə qarşılaşdılar. Rusiya hakimiyyətində yaşadıqları 445 il ərzində bu mövzuda müxtəlif təzyiqlərə məruz qaldılar. Lakin bunu açıq şəkildə ifadə etmək lazımdır ki, rusların İdil-Uralı parçalama siyasəti Çuvaşların daha geniş bir coğrafiyaya sahib olmalarına da gətirib çıxarmışdır. Qazan xanlığı dövründə əhalisinin 5/4-ü, torpaqlarının isə 10/9-u itirən çuvaşlar, rus hakimiyyətində əhalilərini on qat, coğrafyalarlını isə üç qat artırmışlar. Rus hakimiyyəti çuvaşların tatarlaşma prosesini dayandırmış, lakin ruslaşma müddətini başlatmışdır.
Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar.