Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur.
Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər.
Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır:
"Rasional intihar" və ya ölmək hüququnun müasir tərəfdarları "rasionallıq" ifadəsi ilə tələb edirlər ki, özünü öldürmək qərarı həm şəxsin müstəqil seçimidir (həkim və ya ailə tərəfindən "doğru olan"ı etmək və özünü öldürmək barədə təzyiqləri bura daxil deyil), həm də stoaçılıq və utilitarizm tərəfdarlarının da arzuladığı "müəyyən şəraitdə ən yaxşı seçim"dir. Bu, qeyri-iradi qərar deyil, ruhi xəstəliklə əlaqədar deyil, əksinə uzun müzakirədən sonra qəbul edilən qərardır.[1] |
Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər. Katolik inancında intihar ağır günah hesab edilir.[2]
Etikada ölmək hüququnun yaşamaq hüququ ilə eyni zamanda mövcud olub-olmaması ilə bağlı sual mövcuddur. Əgər yaşamaq hüququ ayrılmaz hüquqdursa, o təhvil verilə bilməz, buna görə də ölmək hüququ ilə bir araya sığmır.[3] Bioetikada mövcud olan ikinci müzakirə müvafiq hüququn universallığı ilə bağlıdır, yəni əgər ölmək hüququ varsa, bu hüquq hər bir halda, yoxsa yalnız müəyyən şərtlər daxilində (məsələn, ölümcül xəstəlik) tətbiq oluna bilər. Həmçinin qeyd olunur ki, "yaşamaq hüququ" "yaşamaq öhdəliyi" ilə eyniyyət təşkil etmir. Bu baxımdan yaşamaq hüququ ölmək hüququ ilə eyni zamanda mövcud ola bilər.[4]
Məsələn, Amerikanın Montana ştatında bir məhkəmə müəyyən etmişdir ki, ölmək hüququ tibbi nöqteyi-nəzərdən həyati təhlükəsi olan şəxslərə münasibətdə tətbiq olunur. İntihar işləri üzrə vəkil Lüdviq Minelli, evtanaziya üzrə ekspert Şon U. Eşer və bioetika üzrə professor Ceykob M. Appel isə, əksinə, hesab edirlər ki, bütün şəxslərin həyatına son qoymaq hüququ var. Appel təklif edirdi ki, ölmək hüququ cəmiyyətin azadlıq səviyyəsini ölçmək üçün verilmiş bir sınaqdır.[5]
Medikerin maliyyə bölməsinin tələbi ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 1991-ci il Xəstələrin öz müqəddəratını təyin etməsi haqqında Akt, Mediker/Medikeyd xəstələrinə (və Aktın tətbiq edilməsi ilə bütün "ölümcül" xəstələrə) əvvəlcədən göstəriş hazırlamağa icazə verirdi. Bununla da onlara həyatlarını qısaltmaq və əzab-əziyyətlərini daha da azaltmaq üçün onların həyatının uzadılmasına xidmət edən müalicədən imtina etmək seçimi verilmişdi. 1991-ci il Aktına görə, ABŞ qanunvericiliyi əsasında əvvəlcədən tərtib olunmuş göstərişə əsasən imtina edilmiş müalicənin tibbi cəhətdən səmərəsiz olmasının sübut edilməsinə ehtiyac yoxdur. Bu prosedur ştatların qanunvericiliyində inkişaf edib, məsələn Texasda TADA.
2016-cı ilin iyun ayına görə, könüllü evtanaziyanın bəzi formaları Kanadada[6], Kolumbiyada[6], Belçikada[7], Lüksemburqda[8], Niderlandda[7] və İsveçrədə[7] qanunidir.
2011-ci ilin avqustunda Britaniya Kolumbiyası Ali Məhkəməsinin hakiminə ölüm hüququna dair iddiaya baxılmasının sürətləndirilməsi təklif olundu; belə ki, iş üzrə xəstə Qloria Teylor həkimin köməyi ilə intihar edə bilərdi. O, yan amiotrofik sklerozdan əziyyət çəkirdi.[9] Qadın 2012-ci ildə infeksiyadan ölmüşdü.
2016-cı il 17 iyunda Kanada ərazisində evtanaziyaya icazə verilməsi ilə bağlı qanunvericilik aktı Kanada parlamentinin hər iki palatası tərəfindən qəbul edilmiş və kral təsdiqi üçün təqdim edilmişdi.[10][6]
15 dekabr 2014-cü ildə Konstitusiya Məhkəməsi Səhiyyə və Sosial Müdafiə Nazirliyinə evtanaziya olunmaq istəyən ölümcül xəstələrin ləyaqətli ölüm hüququna təminat vermək məqsədilə sağlamlığın müdafiəsi sahəsində təlimatları dərc etdirmək üçün 30 gün vermişdi.[11]
Niderland könüllü evtanaziyanı 2001-ci ildə qanuniləşdirmişdir və bu sahədə addım atan ilk ölkə olmuşdur. Hazırkı qanunvericiliyə görə, həkimlər tərəfindən həyata keçirilən evtanaziya yalnız "ümidsiz və dözülməz" əzabın olduğu halda qanunidir. Əgər bu tələbləri qarşılamırsa, kiminsə intihar etməsinə kömək etmək qanunsuzdur.[12]
Evtanaziya Yeni Zelandiyada qeyri-qanunidir.
2014-cü ilin əvvəllərində Nyu-Meksiko İkinci Ərazi Məhkəməsinin hakimi Nen Neş müəyyən etmişdir ki, ştat konstitusiyasına görə, ölümcül xəstələrin ölümünə yardım edilməsi hüququ var. Bu isə həkimlərə ölümcül xəstələrə ölümə səbəb ola biləcək dozada dərman verməyə icazə verir.[13]
2018-ci ildən Hindistan Ali Məhkəməsi passiv evtanaziyanı leqallaşdırmışdır. Belə ki, Aruna Şanbanqın işində müəyyən edilmişdir ki, xəstənin və ya qohumlarının razılığı olmalıdır. Eyni zamanda şəxs ölümcül xəstə və ya vegetativ vəziyyətdə olmalıdır.