Ölməz partiya

Ölməz Partiya

Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır.

Oyunun tarixçəsi

[redaktə | mənbəni redaktə et]
"Ölməz Partiya"da matdan sonra yaranmış mövqe

Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi.

Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib.

Oyunun notasiyası

[redaktə | mənbəni redaktə et]

Ağlar: Adolf Andersen
Qaralar: Lionel Kieseritzky
Debüt: Fil qambiti

1. e4 e5 2. f4

Şah Qambiti. Andersen f piyadasının qarşılığında fiqurlarını tez inkişaf etdirmək istəyir. XIX əsrin ən çox yayılmış debütlərindən olsa da, Andersenin zamanından bəri debütdə müdafiə olunmağın yolları təhlil edildiyindən son zamanlar çox nadir hallarda istifadə olunur.

2… exf4 3. Fc4 Vh4+

Fil qambiti. Qaraların bu gedişi ağların şahının gələcəkdə qalaqurmasının qarşısını alsa da, qara vəzir təhlükəli mövqeyə gəlir və ağlar sonralar Af3 oynayaraq templə həmin vəzirə hücum edə bilər. Ümumiyyətlə, ilkin gedişlərdən vəzirin tərpədilməsi çox vaxt pis gediş sayılır.

4. Şf1 b5?!

Bryan əks-qambiti. Kizeriski tərəfindən uzun müddətli təhlil olunub və bəzən onun adı ilə adlandırılır.

5. Fxb5 Af6 6. Af3

Ağlar atı oyuna daxil etməklə yanaşı, həm də qara vəzirə hücum edərək rəqib fiqurlarının tez səfərbər edilməsinə mane olur.

6…Vh6 7. d3 Ah5

Kizeriski Ag3+ gedişinin qarşısını almasına və f4-dəki piyadanı qorumasına baxmayaraq, atı özünün daha zəif olduğu künc xanalarına gətirir.

8. Ah4 Vg5 9. Af5 c6

Qaralar bu gedişlə d piyadasını pindən çıxarmaqla yanaşı, filə də hücum edir.

10. g4? Af6 11. Tg1!

İnkişafdan geri qalmış fiqurun qurbanı. Qaralar topu vurduğu halda, öz vəziri, bir növ, oyundan kənarda qalacaq və ağlara böyük üstünlük verəcək.

11…cxb5?

Qaralar artıq fiqur qazansa da, ağların sürətlə öz fiqurlarını səfərbər etdiyi bir zamanda inkişafdan geri qalır.

12. h4!

Qaralar piyadanı vəzirlə götürə bilmir, çünki ağların f5-dəki atı piyadanı qoruyur.

12…Vg6 13. h5 Vg5 14. Vf3

Ağların hazırda iki təhlükəsi var: 1) Fxf4, vəziri tələyə salmaq üçün 2) e5, eyni zamanda piyada ilə f6-dakı qara ata və vəzirlə a8-dəki qara topa hücum etmək üçün

14…Ag8

Təhlükələrin öhdəsindən gəlsə də, qaraları inkişafdan geriyə salır; indi öz başlanğıc nöqtəsində olmayan yeganə fiqur vəzirdir və o da tələyə salınmaq üzrədir. Ağlar mövqe üstünlüyünə malikdirlər.

15. Fxf4 Vf6 16. Ac3 Fc5 17. Ad5

Ağlar hücuma əks-hücumla cavab verir. Bu gedişlə ağlar qara vəzirə hücum edir və növbəti gedişdə Axc7 gedişi ilə top və şahı çəngələ salmaq istəyir.

17…Vxb2

Qaralar növbəti gedişdə topu şah verərək vurmaq təhdidi ilə artıq piyada əldə edir.

18. Fd6!

Ağlar hər iki topunu qurban verir. Chessmaster şahmat proqramına görə, gedişin əsas məqsədi qaraların vəzirini a1-h8 diaqonalından ayırmaqdır. Qaralar fili götürə bilmir, 18…Fxd6? 19. Axd6+ Şd8 20. Axf7+ Şe8 21. Ad6+ Şd8 22. Vf8#." Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov şərhlərinin birində qeyd etmişdi ki, əgər oyun qaraların fili götürdüyü tərzdə davam etsəydi, partiya bu səviyyədə məşhur olmazdı.

18…Fxg1?

Qaraları məğlubiyyətə aparan gediş. Şahmat üzrə 1-ci dünya çempionu Steynitzin fikrincə, 18…Vxa1+ gedişi daha yaxşı ola bilərdi, 19. Şe2 Vb2 20. Şd2 Fxg1 ideyası ilə.

19. e5!

Ağlar digər topunu da qurban verir. Gedişin əsas məqsədi, rəqibin vəzirini şahın müdafiəsində iştirak etməyinin qarşısını almaq və iki gedişdə mat imkanı yaratmaqdır. 19. Axg7+ Şd8 20. Fc7#.

19…Vxa1+ 20. Şe2

Artıq qaraların hücum şansı qalmır. Qara vəzir və fil ağların tərəfindədirsə də, birbaşa hücum edə bilmirlər, halbuki ağların, demək olar ki, bütün fiqurları hücumdadır. Kizerskiyə görə, o, bu gedişdən sonra təslim olub. Başqa mənbələr isə Kizerskinin bu mövqedə 20…Aa6 oynadığını və Andersenin isə mat gedişlərini dediyini deyir. Yenə də bir çox mənbələrdə axırıncı gedişlərin artıq oynanılmadığı deyilir.

20…Aa6

Qara at c7 xanasını ağların 21. Axg7+ Şd8 və 22. Fc7# gedişlərindən qoruyur. 20…Fa6 gedişi də başqa bir müdafiə gediş ola bilərdi, baxmayaraq ki, ağlar 21. Ac7+ Şd8 və 22. Axa6 gedişləri ilə davam edib, uda bilərdilər.

21. Axg7+ Şd8 22. Vf6+!

Ağlar e7 xanasını qoruyan yeganə fiquru — g8-dəki qara atı yayındırır.

22…Axf6 23. Fe7# 1–0